Ajans.az xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.Dövlətimizin başçısı kənd sakini Akif Qəhrəmanovun evində oldu.Prezident İlham Əliyev: Salaməleyküm. Sakinlər: Xoş gəlmisiniz, cənab Prezident. Prezident İlham Əliyev: Salam. Kişi sakin: Xoş gəlmisiniz. Keçin. Prezident İlham Əliyev: Necədir ev şəraitiniz? Kişi sakin: Ana, cənab Prezident gəlib, gəl. Prezident İlham Əliyev: Salaməleyküm. Ağbirçək qadın: Sənə qurban olum, sənin başına dönüm. Nə yaxşı gəlmisən. Bu qapımız Sənin üzünə açıqdır. Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz doğma vətəninizə. Ağbirçək qadın: Sənin hesabına, Sənin sayəndə gəlmişik. Allah Səni bizim üstümüzdən əskik etməsin. Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun. Ağbirçək qadın: Mənim qızımı niyə gətirməmisən, görərdim. Prezident İlham Əliyev: Onun da salamı var sizə. Ağbirçək qadın: Məndən çoxlu-çoxlu salamlar apar Şuşa qızıma. Prezident İlham Əliyev: Mütləq. O da Şuşa qızıdır, bilirsiniz. Ağbirçək qadın: Nə yaxşı ki, gəlmisən, bala. Bizi nə yaxşı ki, torpağımıza gətirmisən, ayağımız torpağımıza dəyib. Allah Səni min yaşatsın. Üstümüzdən əskik etməsin. Prezident İlham Əliyev: Çox sağ olun, sağ olun. Siz də xoşbəxt yaşayın burada, doğma Qarabağ torpağında. Kişi sakin: Çox sağ olun. Prezident İlham Əliyev: Neçə gündür qayıtmısınız? Sakin: Üç gündür buradayıq. Ağbirçək qadın: Üç gündə yığışmışıq, rahatlaşmışıq. Gözəl havası var, gözəl suyu var. Qadan alım Sənin. Sən bizi gətirib çıxartdın bu torpağımıza, Səni Allah üstümüzdən əskik etməsin. Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun. Birinci növbədə bura doğma vətəndir, vətən torpağıdır. İkinci tərəfdən də bura kurort zonasıdır. Təmiz havası, suyu, meşələr, dağlar. Ağbirçək qadın: Elə iki gecənin rahatlığı, o iki gecənin rahatlığı. Kişi sakin: Bakıda adam belə təzyiq... Buraya gələndə deyir çox rahatam. Prezident İlham Əliyev: Burada o təzyiq olmamalıdır. Burada heç bir xəstəlik olmamalıdır. Ağbirçək qadın: Sənin hesabınadır hamısı. Prezident İlham Əliyev: Buranın bir havası özü də dərmandır. Ağbirçək qadın: Gözəl. Buradan görürsən nə gözəldir. Prezident İlham Əliyev: Buradan gözəl mənzərə açılır. Baxanda adamın gözünü oxşayır. Ağbirçək qadın: Adamın ürəyi açılır. Prezident İlham Əliyev: İşğal dövründə necə idi yaşayışınız? Kişi sakin: İşğal dövrü çətinliklərimiz çox oldu. Prezident İlham Əliyev: Bakıda yerləşmişdiniz? Kişi sakin: Sumqayıt, Bakı. Amma Allaha şükür, gəldik, çıxdıq. Prezident İlham Əliyev: Artıq o dövr qaldı arxada, getdi. Kişi sakin: Şükür Allaha, bəli, Sizin sayənizdə. Prezident İlham Əliyev: Burada nə ilə məşğul olacaqsınız? Kişi sakin: Mən hazırda elə Şuşada Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin işçisiyəm. Prezident İlham Əliyev: Lap yaxşı. Kişi sakin: Bəli. İndi yəqin ki, ola bilsin, buraya da ehtiyac olacaq, elə burada işləyəcəyəm. Prezident İlham Əliyev: Buraya Laçın da yaxındır, Şuşa da yaxındır. Ağbirçək qadın: Yəni ortalıqdır, hər tərəfə yaxındır. Prezident İlham Əliyev: Yol da çəkilir, görmüsünüz, genişləndirilir. Kişi sakin: Çox gözəl. Prezident İlham Əliyev: İndi Turşsu da tikilir. Yəni qonşuluqda da kəndlər bərpa edilir. Kişi sakin: Allah qoysa. Prezident İlham Əliyev: Darıxmayacaqsınız burada. Ağbirçək qadın: Turşsuda mənim evim nağdı var, yoxdur, bilmirəm. Amma bağım, ağaclarım durur. Prezident İlham Əliyev: Hə, onda gərək bağı bərpa edəsiniz. Ağbirçək qadın: Bağım, bağçam durur. Prezident İlham Əliyev: Turşsu nə vaxt hazır olacaq? Məsul şəxs: Gələn il. Prezident İlham Əliyev: Gələn il. Orada da indi keçmiş köçkünlər üçün evlər tikilir. Amma bağ eviniz olubsa, gərək oraya - o bağa gedəsiniz, dincələsiniz. Ağbirçək qadın: Sizin hesabınızadır. Prezident İlham Əliyev: Bir daha təbrik edirəm sizi. Sakinlər: Çox sağ olun, əskik olmayın. Prezident İlham Əliyev: Sağ olun, xoşbəxt yaşayın.