Əməkdar artist Şölə Səfərəliyeva “Maska” şousunda Nigar Camal ilə yaşadığı qalmaqala münasibət bildirib.
Musavat.com bildirir ki, ifaçı “Öz aramızda” verilişində çıxışı zamanı layihədə baş verən gərginlikdən danışıb və Nigar Camalın paylaşımına sərt reaksiya verib.
“İfaçılara söz atdı, qalmaqal yaratmağa çalışdı. Yəqin az oldu, indi də mənə söz atmağa çalışır. Nə baş verə bilər ki? Mən oxuyanda rəqs edirdi. Hamını ağladır, bir dəfə də özü ağlasın. Özü çoxdan ağlamalı idi. Qəlb qırmaq yaxşı şey deyil”, – deyə Ş.Səfərəliyeva bildirib.
Əməkdar artist veriliş iştirakçıları və münsiflərin layihə ilə bağlı məxfilik müqaviləsi imzaladıqlarını da xatırladıb. Onun sözlərinə görə, maska açılana qədər heç bir məlumatın ictimaiyyətə sızdırılmaması tələb olunur.
“Münsiflər və iştirakçılar - hamımız müqavilə imzalamışıq. Maska açılana qədər ağzımızı möhkəm tutmalıyıq. Əgər kimsə ağzını tuta bilmirsə, məlumatı ətrafına yayırsa, bu, kollektivə və çəkilən zəhmətə hörmətsizlikdir. Hər birimiz həmkarıq”, – deyə sənətçi vurğulayıb.
Qeyd edək ki, Nigar Camal bir müddət əvvəl sosial şəbəkə hesabında paylaşım edərək çəkiliş zamanı xoşagəlməz hadisə yaşandığını bildirmişdi.
Könül
Musavat.com