RU

176 dövlətin Bakıya verdiyi fürsət

 

2026-cı ilin mayında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) himayəsi altında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) dayanıqlı şəhər inkişafı sahəsində son illərin ən mühüm beynəlxalq tədbirlərindən biri kimi yadda qalıb. 176 ölkədən 58 000-dən çox iştirakçını bir araya gətirən Forum Azərbaycanın qlobal dialoq və əməkdaşlıq platforması kimi artan rolunu bir daha nümayiş etdirib.
WUF13-ün sonunda Forumun yekun sənədi olaraq qəbul edilmiş “Baku Call to Action” sənədində münaqişə, müharibə və urbisidin məktəblər, xəstəxanalar, ictimai infrastruktur və yaşayış evləri kimi mülki obyektlərə, eləcə də ətraf mühit və biomüxtəlifliyə birbaşa təsir göstərərək insanları evsiz qoyduğu, onları qaçqın və ya məcburi köçkün olmağa məcbur etdiyi vurğulanıb.

176

Göründüyü kimi, Ermənistanın işğal dövründə Azərbaycana qarşı törətdiyi o cinayətlər 176 ölkə tərəfindən təsdiqləndi. Azərbaycan uzun illərdir işğal dövründə dağıdılmış ərazilərlə bağlı məsələyə beynəlxalq diqqətin artırılmasına çalışırdı. Xüsusilə Ağdam, Füzuli və digər şəhərlərin vəziyyəti tez-tez “urbisid” anlayışı ilə əlaqələndirilirdi. WUF13 bu məsələlərin yalnız regional deyil, həm də qlobal urbanizasiya və humanitar problem kimi təqdim edilməsinə imkan yaratdı.
Forumun əsas nəticələrindən biri 30 ildən artıq müddətdə urbisid, kultursid və ekosidin qurbanı olmuş Azərbaycanın dağıntılar və yenidənqurma ilə bağlı narrativinin beynəlxalq platformada daha geniş legitimlik qazanması oldu. Dünyanın çoxsaylı ölkələrinin, beynəlxalq təşkilatların və urbanizasiya sahəsində çalışan ekspertlərin iştirakı fonunda Qarabağ və Şərqi Zəngəzurda törədilən dağıntılar, hazırda 9 şəhərin və yüzlərlə kəndin sıfırdan qurulması yönündə Azərbaycanın səyləri haqqında məlumatların geniş beynəlxalq kütlələrə çatdırılması Azərbaycanın informasiya və diplomatik mövqeyini gücləndirdi.

Bir sözlə, sadalanan cinayətlərin 176 ölkə tərəfindən təsdiqlənməsinin nə kimi əhəmiyyəti var? Bunun bir təsiri olacaqmı?

 

Rizvan

Millət vəkili Rizvan Nəbiyev Musavat.com-a bildirib ki, qlobal əhəmiyyətli tədbirlər haqqında danışarkən, onun əhəmiyyəti bir neçə istiqamətdə vurğulanmalıdır: “Birincisi, müzakirəyə çıxarılan problemin özünün qoyuluşudur. Belə ki, məskunlaşma və urbanizasiya artıq milli və regional çərçivəni aşaraq qlobal miqyasda narahatlıq doğuran məsələyə çevrilib. Bir neçə faktı vurğulayaq. Dünyada 2,8 milyard insanın yaşayışı ilə bağlı ciddi problemlər mövcuddur. 1 milyarddan artıq insanın yaşayış şəraiti standartlara uyğun deyil. 300 milyon insan isə ümumiyyətlə ev-mənzil sahibi deyil. Təsəvvür edin ki, BMT-nin başqa bir statistikasına görə, əgər bu gün həmin insanların mənzillə təminatına başlanılsa, 2030-cu ilə qədər problemin həlli üçün gündə 96 min ev tikilməlidir. Burada isə başqa problemlər də üzə çıxa bilər. Çünki bugünkü tikinti sektoru və istifadəyə verilmiş binalar birlikdə ətraf mühitə atılan karbon emissiyalarının 30%-dən çoxunu verir. Deməli, məskunlaşma ilə əlaqəli digər bir problemi— iqlim dəyişikliklərini və onun nəticələrini ortaya çıxarır. Üçüncü mühüm məqam münaqişələrlə bağlıdır. Bu gün dünyada 120 milyon insan qaçqın vəziyyətindədir və onların da 60%-i şəhərlərdə məskunlaşıb. Dördüncü məsələ şəhərlərdə sənayeləşmə və istehsalla yaranan problemlərdir. Dünyada karbon emissiyalarının 70%-i şəhərlərin payına düşür. Halbuki şəhərlərin qlobal ümumi daxili məhsuldakı payı 60%-dir. Yəni dünya iqtisadiyyatının 60%-i şəhərlərdə formalaşırsa, ətraf mühitə vurulan ziyanın və karbon emissiyalarının 70%-i də şəhərlərin payına düşür.

Göründüyü kimi, çoxşaxəli problemlər mövcuddur və onların həlli yollarının müzakirəsi Bakı Urban Forumun gündəliyini təşkil etdi. Belə bir qlobal əhəmiyyətli məsələ 182 dövlətin iştirakı ilə Bakıda müzakirə olundu. Nəyə görə? Həm də ona görə ki Bakı artıq özünü qlobal problemlərin professional müzakirəsi üçün etibarlı platforma kimi təsdiqlədi. Bundan əvvəl COP29 və digər beynəlxalq tədbirlər buna klassik nümunədir. Digər mühüm məqam Azərbaycanın bu məsələlərin hər bir istiqaməti üzrə qazandığı təcrübə və onu bölüşməyə hazır olmasıdır. Tikinti, bərpa, yenidənqurma və məskunlaşma ilə bağlı Azərbaycanın, xüsusilə sıfırdan şəhər quruculuğu sahəsində öz təcrübəsi yaranıb. Torpaqlarımız işğalına son qoyuldu və indi qaçqınların, məcburi köçkünlərin geri qayıdış proqramı həyata keçirilir. İndiyədək 40-a yaxın yaşayış məntəqəsi bərpa olunub, artıq 85 min insan həmin ərazilərdə yaşayır.
Bu şəhərlər, Prezident İlham Əliyevin açılış mərasimində vurğuladığı kimi, sıfırdan yaradılır. Və bu zaman iki mühüm məsələ nəzərə alınır: birincisi, tarixi və milli memarlıq ənənələrinin qorunması; ikincisi isə aktual çağırışlar nəzərə alınmaqla müasir tikintinin aparılması. Qarabağda, xüsusilə Şuşada tariximiz və memarlıq irsimizlə bağlı zəngin ənənələr mövcuddur və onların qorunmasına xüsusi diqqət yetirilir.
Diqqət yetirilməli digər mühüm məqam isə tarixi ənənələrlə müasir şəhərsalma mədəniyyətinin sintezidir. Prezident İlham Əliyev açılış mərasimində konkret nümunələr göstərdi. Naxçıvandakı Möminə Xatun türbəsi — Atabəylər dövrünə aid memarlıq abidəsi, həmçinin 743-cü ildə tikilmiş Şamaxı məscidi İslam mədəniyyətinin ən qədim məscid nümunələrindən biridir. Bu abidələr dağıdılıb, barbarlığa məruz qalıb, lakin sonradan yenidən bərpa olunub.
Eyni zamanda müasir çağırışlar da nəzərə alınır. Məsələn, bütün Şərqi Zəngəzur və Qarabağ yaşıl zona elan olunub, sıfır emissiya prinsipi əsas götürülüb. Azərbaycanın bu təcrübəsi tədbir iştirakçıları üçün də böyük maraq doğurur. Nəzərə alsaq ki, tədbirdə 182 ölkədən 45 mindən artıq qonaq iştirak etdi. WUF, olduqca geniş coğrafiyanı əhatə edən iştirakçıların mühüm və çoxprofilli platformasıdır.
İlk dəfə olaraq liderlər seqmenti keçirildi, ilk dəfə qeyri-hökumət təşkilatlarının iştirakı ilə forum təşkil olundu və icraçı direktor xanım Rosbax, Prezidentin köməkçisi Hikmət Hacıyevlə birlikdə açılış nitqi ilə çıxış etdi. Bu isə onu göstərdi ki, məskunlaşma məsələsi təkcə memarların və mühəndislərin işi deyil, inklüziv məsələdir. Bu, cəmiyyətin bütün təbəqələrini, o cümlədən media mənsublarını əhatə edən çoxşaxəli və çoxqatlı məsələdir.
Cənab Prezident eyni zamanda müasir şəhərsalma ilə bağlı yeni yanaşmaların da vacibliyini vurğuladı. Burada tarixə ekskursla müasir çağırışların vəhdəti diqqəti cəlb edir. Dövlət başçısı səviyyəsində Azərbaycanın tarixi incilərinin təqdimatı, eyni zamanda müasir şəhərsalmada nəzərə alınan reallıqların nümayişi xüsusi əhəmiyyət daşıyır”.

Deputatın sözlərinə görə, Prezidentin vurğuladığı digər mühüm məqam isə işğaldan azad edilmiş ərazilərdə şəhərsalma zamanı münaqişənin nəticələrindən doğan çağırışların nəzərə alınmasıdır. Burada xüsusilə həmin ərazilərin yaşıl zona elan olunması diqqət çəkir.
“Biz təkcə keçmişdə bizə məxsus olanları bərpa etmirik. Biz onları müasir üsullarla bərpa edirik. Bu isə əlavə resurslar tələb edir. Son 6 ildə dövlət büdcəsindən bu məqsədlə 26 milyard manata yaxın vəsait ayrılıb. Növbəti 10 ildə isə 200 yaşayış məntəqəsinin bərpası nəzərdə tutulur. Bu, dövlət olaraq nə qədər böyük bir məsuliyyətin qarşısında dayandığımızı göstərir.
Almaniyanın birləşməsindən sonra Berlin uzun illər Avropanın ən böyük tikinti meydançası hesab olunurdu. Amma bu gün deyə bilərik ki, Şərqi Zəngəzur və Qarabağ qlobal miqyasda ən böyük tikinti meydançalarından biridir. Ağdam, Şuşa, Füzuli, Laçın, Xankəndi və digər şəhərlərdə paralel şəkildə genişmiqyaslı quruculuq işləri aparılır. Cənab Prezidentin səsləndirdiyi rəqəmlər də bunu təsdiqləyir. Təxminən 500 körpünün tikintisi planlaşdırılıb və artıq onların böyük hissəsi, 435 istifadəyə verilib. Çəkilən tunellərin uzunluğu 70 km təşkil edir.
Burada eyni zamanda ətraf mühitə vurulmuş ziyanın aradan qaldırılması məsələsi də dayanır. Ərazilər 1,5 milyondan artıq mina və hərbi sursatla çirkləndirilib və bu, ərazilərimizin 13%-ni əhatə edir. İlk növbədə təhlükəsizlik təmin olunmalıdır. Daha sonra yeni infrastrukturun qurulması məsələsi gəlir. İşğal dövründə meşələrimiz məhv edilib. Prezident İlham Əliyev Zəngilanda sakinlərlə görüş zamanı Bəsitçay qoruğundakı nadir çinar ağaclarına vurulan zərəri xüsusi təəssüflə qeyd etdiyi yadımızdadır. Torpaqlarımız azad olunduqdan sonra BMT İnkişaf Proqramının nümayəndələri də həmin ərazilərdə olmuşdular və hesabatlarında Oxçuçayda ölü balıqların aşkarlandığını qeyd etmişdilər. Ermənistan işğalçı dövlət kimi beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyib. Mütəxəssislər göstərirlər ki, flora və faunaya ciddi ziyan dəyib, bəzi növlərin isə tamamilə məhv olmaq təhlükəsi yaranıb. Bütün bu çağırışları nəzərə alaraq Azərbaycan müasir şəhərsalma sahəsində öz yanaşmasını və təcrübəsini formalaşdırır. Bütün bunları nəzərə alaraq, Bakı platformasının tarixdə bu sahədə xüsusi yer tutdu”.

Şahanə Rəhimli
Musavat.com

Избранный
26
musavat.com

1Источники