RU

Təhsil sistemi idarəolunmaz vəziyyətdədir? – İslahatlar niyə nəticə vermir?

Son illər Azərbaycanda təhsil sahəsində aparılan islahatlar cəmiyyətdə geniş müzakirələrə səbəb olur. Kurikulum dəyişiklikləri, sertifikasiya prosesi, məktəb idarəetməsi və əməkhaqqı siyasəti ilə bağlı qərarlar bir tərəfdən yenilənmə kimi təqdim edilsə də, digər tərəfdən sistemin real problemlərini aradan qaldırmadığı bildirilir. Bir çox ekspertlərin fikrincə, təhsildə nəticələrin zəif qalmasının əsas səbəbi sistemli idarəetmənin olmamasıdır. Bu isə belə bir sualı gündəmə gətirir: təhsil sistemində vəziyyətin yaxşılaşması üçün təkcə islahatlar yetərlidirmi, yoxsa idarəetmədə, hətta nazir səviyyəsində dəyişiklik zərurəti yaranıb?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti, dosent İlham Əhmədov bildirib ki, Azərbaycan təhsilində əsas problem ayrı-ayrı qərarlardan daha çox, sistemli idarəetmənin olmamasıdır.

dos.

Ekspert qeyd edib ki, bir müddət əvvəl “Təhsil meneceri necə olmalıdır?” adlı məqalə ilə çıxış edib və həmin yazıda təhsil menecerlərinin böyük hissəsinin peşə standartlarına və vəzifə təlimatlarına uyğun fəaliyyət göstərmədiyini vurğulayıb:

“Bizim təhsil sistemində menecerlərin böyük qismi öz yerində deyil. Bu səbəbdən yanlış qərarlar qəbul olunur, uzunmüddətli təhsil strategiyası formalaşdırıla bilmir. Mövcud vəziyyətdən çıxış yolu kimi alimlər, ekspertlər və analitiklərlə geniş müzakirələr aparılmalı, konkret problemlərin həlli istiqamətində sistemli addımlar atılmalıdır.

Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, təhsildə problemlərin həlli müxtəlif mənbələr və mexanizmlərlə maliyyələşdirilməlidir. Lakin bu istiqamətdə nazirliyin hələ də aydın və konkret fəaliyyət planı görünmür.

Təhsilin elmi əsaslarla idarə olunması vacibdir. Təəssüf ki, bir çox qərarlar elmi baza əsasında deyil, emosional yanaşmalar və natamam statistik göstəricilər üzərində qurulur. Hətta ölkədə fəaliyyət göstərən yeganə təhsil tədqiqatı institutunun təyinatı dəyişdirilib”.

İ. Əhmədov vurğulayır ki, müstəqillik dövründə həyata keçirilən təhsil islahatlarının müəyyən hissəsi konseptual baxımdan düzgün müəyyənləşdirilsə də, icra mərhələsində ciddi səhvlərə yol verilib.

“Bu səbəbdən bir çox islahat gözlənilən nəticəni verməyib. Təhsil strategiyaları ya yarımçıq qalıb, ya da tez-tez dəyişdirildiyi üçün institusional yaddaş formalaşmayıb. Nəticədə sistemli inkişaf əvəzinə ziqzaqlı idarəetmə modeli yaranıb.

Bu müddətdə dünya təhsili sürətlə dəyişib. Rəqəmsallaşma, distant təhsil, süni intellekt əsaslı tədris modelləri, açıq universitet platformaları və mikrosertifikatlar artıq qlobal tendensiyaya çevrilib. Azərbaycan isə bu dəyişikliklərə vaxtında uyğunlaşa bilməyib.

Təsadüfi deyil ki, ölkənin Baş naziri universitet diplomlarının hətta qardaş Türkiyədə belə tam tanınmaması ilə bağlı faktı etiraf edib. Lakin Elm və Təhsil Nazirliyi bu məsələ ilə bağlı indiyədək ictimaiyyətə ətraflı izahat verməyib”.

Dosent vurğulayır ki, Azərbaycan təhsil sistemi qlobal proseslərə çevik deyil, gecikmiş və passiv reaksiya verir.

“Məsələn, distant təhsil dünyanın bir çox ölkəsində ötən əsrin sonlarından geniş tətbiq olunsa da, Azərbaycan bu sahədə hələ də geri qalan ölkələr sırasındadır. Halbuki süni intellekt texnologiyaları distant təhsili tamamilə yeni mərhələyə daşıyıb.

Boloniya prosesinə gəlincə, Azərbaycanın bu sistemə qoşulmasından 20 ildən artıq vaxt keçsə də, prinsiplər ölkə universitetlərində tam tətbiq olunmayıb. Kredit sistemi, tələbə mobilliyi, proqramların qarşılıqlı tanınması və akademik muxtariyyət əsasən kağız üzərində qalıb.

Nəticədə Azərbaycan diplomlarının xaricdə tanınması məhdud olaraq qalır, universitetlər rəqəmsal yetkinlik səviyyəsinə çata bilmir, tədris proqramları isə əmək bazarının tələbləri ilə uzlaşmır”.

Ekspertin fikrincə, bunun əsas səbəbləri layihələrin vaxtında və peşəkar şəkildə hazırlanmaması, investisiyanın azlığı, həmçinin ekspert və mütəxəssis hazırlığına kifayət qədər diqqət ayrılmamasıdır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Избранный
14
1
konkret.az

2Источники