RU

FHN in beynəlxalq humanitar əməliyyatlarda fəaliyyətinə dair tədbir keçirilib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin beynəlxalq humanitar əməliyyatlarda fəaliyyəti” mövzusunda “dəyirmi masa” təşkil edilib.

APA FHN-ə istinadən xəbər verir ki, tədbir Nazirliyin Baş əməliyyat idarəsi, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

“Dəyirmi masa”nın keçirilməsində əsas məqsəd Akademiyanın kursantlarının beynəlxalq humanitar əməliyyatlarda fəaliyyət üzrə biliklərinin artırılması və bacarıqlarının təkmilləşdirilməsi olub.

Tədbir zamanı çıxış edən FHN-in Baş əməliyyat idarəsinin rəis müavini, Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri polkovnik Ələsgər Əliyev vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Nazirlik ən qabaqcıl texniki vasitələr və avadanlıqlarla təchiz olunub. O, dövlət başçısının humanitar missiyalarla bağlı tapşırıqlarının yüksək səviyyədə və çevik icra olunması üçün ardıcıl addımların atıldığını bildirib. Ə.Əliyev əlavə edib ki, Nazirliyin xilasediciləri yalnız ölkə daxilində deyil, eyni zamanda beynəlxalq miqyaslı humanitar əməliyyatlarda da Azərbaycanı yüksək səviyyədə təmsil etmək gücünə malikdirlər.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin idarə rəisi Azadi Quliyev isə öz çıxışında kursantların Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyəti ilə yaxından tanış olmasının əhəmiyyətini qeyd edib. O, Azərbaycanın humanitar sahədə beynəlxalq arenada layiqli təmsilçiliyini təmin etmək üçün formalaşdırılan bu dəstənin 2024-cü ilin sentyabrında BMT-nin (UN OCHA) nəzdində fəaliyyət göstərən INSARAG-ın (Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupu) beynəlxalq sertifikatlaşdırılmasını uğurla başa vurduğunu xatırladıb.

İki gün davam edən tədbirdə FHN Akademiyasının Həyat fəaliyyətinin təhlükəsizliyi və Yanğın təhlükəsizliyi ixtisasları üzrə təhsil alan kursantlara “Humanitar əməliyyatlar zamanı ilkin psixoloji yardım”, “Beynəlxalq axtarış-xilasetmə əməliyyatlarında idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili”, “Qəbuletmə-yolasalma məntəqəsi (RDC) və Şəhər əməliyyatlarının koordinasiya mərkəzinin (UCC) fəaliyyətinin təşkili”, “INSARAG Koordinasiya və İdarəetmə Sistemi”nin (ICMS) və “Virtual Sahə Əməliyyatlarının Koordinasiya mərkəzi”nin (VOSOCC) tətbiqi”, “Beynəlxalq humanitar əməliyyatlarda medianın rolu” və “Beynəlxalq humanitar əməliyyatlarda xilasetmə və ümumi təhlükəsizlik tədbirləri” mövzuları təqdim edilib.

İnteraktiv formatda keçən tədbirdə kursantları maraqlandıran suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
35
3
apa.az

4Источники