Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Azərbaycanda elektron siqaretlər qadağan edilsə də, küçələrdə və ictimai məkanlarda tüstüsüz cihazlardan istifadə edən insanları görmək hələ də mümkündür. Hətta bəzi mağazalarda ilk baxışdan “elektron siqaret” təsiri bağışlayan cihazların açıq şəkildə satıldığı da müşahidə olunur. Bu isə bir çox insanlarda haqlı sual yaradır: əgər elektron siqaretlər qadağan olunubsa, bəs satışda olan bu cihazlar nədir və qanun əslində hansı məhsulları qadağan edir?
Məlum olduğu kimi, Azərbaycanda 2026-cı il aprelin 1-dən etibarən elektron siqaretlərlə bağlı bütün fəaliyyətlər – onların idxalı, ixracı, istehsalı, satışı, saxlanılması və istifadəsi qadağan edilib. Qanunvericiliyə əsasən, ictimai yerlərdə elektron siqaret istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq olunur. Elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı, eləcə də satış məqsədilə saxlanılmasına görə fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimələnirlər.
Lakin burada vacib bir məqam var: qanun yalnız elektron siqaretləri qadağan edir. Qızdırılan tütün məmulatları isə qadağan edilən məhsullar siyahısına daxil deyil. Bu səbəbdən qanunla qadağan olunmayan yerlərdə onların istifadəsi hüquqi məsuliyyət yaratmır.
Əslində, bir çoxlarının “elektron siqaret” hesab etdiyi IQOS və Ploom kimi məhsullar qanunvericilikdə ayrıca kateqoriya kimi (qızdırılan tütün məmulatları) müəyyən edilir və mövcud qadağaya aid edilmir. “Tütün və tütün məmulatları haqqında” qanunda elektron siqaret və qızdırılan tütün məmulatları ayrıca anlayışlar kimi təsbit olunub.
Qızdırılan tütün məmulatlarının fərqi
Elektron siqaretlərlə qızdırılan tütün məhsulları arasındakı əsas fərq istifadə mexanizmi və tərkiblə bağlıdır. Elektron siqaretlər maye əsaslı olur və nikotinli (və ya nikotinsiz) mayenin buxar halında insan tərəfindən tənəffüs edilməsi üçün nəzərdə tutulur. Bu cihazlarda əsasən süni nikotin tərkibli mayelərdən istifadə edilir. Onlar kartric, flakon və digər komponentlərlə istifadə olunur və bəzi modelləri təkrar doldurula bilir. Bazarda mənşəyi və tərkibi tam məlum olmayan mayelərin yayılması isə mütəxəssislərin əsas narahatlıqlarından biri hesab olunur. Bundan başqa, elektron siqaretlərin uzunmüddətli təsirləri hələ tam öyrənilməyib.
Qızdırılan tütün məmulatları isə tütün qarışığından ibarət olan və xüsusi cihaz vasitəsilə yandırılmadan qızdırılaraq istifadə edilən məhsullardır. Bu məhsullarda süni nikotinli maye deyil, təbii nikotin mənbəyi olan əsl tütündən istifadə edilir. İstifadə zamanı tüstü deyil, nikotin tərkibli aerozol yaranır. Çünki burada əsas fərq məhsulun yanmaması, yalnız xüsusi texnologiya ilə qızdırılmasıdır.
Niyə qızdırılan tütün məhsulları siqaretlərdən daha az zərərli sayılır?
Mütəxəssislər bildirirlər ki, ənənəvi siqaretin əsas təhlükəsi məhz tütünün yanması nəticəsində yaranan tüstü ilə bağlıdır. Yanma prosesi zamanı karbon monoksid, qatran və minlərlə zərərli kimyəvi maddə əmələ gəlir. Qızdırılan tütün məhsullarında isə yanma baş vermədiyi üçün siqaret tüstüsündə yaranan bir çox zərərli maddələrin səviyyəsinin qızdırılan tütün məmulatlarının buxarı ilə müqayisədə əhəmiyyətli dərəcədə azaldığı bildirilir. Bir sıra beynəlxalq araşdırmalarda bu göstəricinin ənənəvi siqaretlə müqayisədə 90-95 faizədək daha aşağı olduğu qeyd olunur.
Bu səbəbdən qızdırılan tütün məhsulları bəzi ölkələrdə siqaretlərə davam etməkdən daha az zərərli alternativ kimi təqdim olunur. Beynəlxalq təqdimatlarda Yaponiya və İsveç təcrübəsi tez-tez nümunə göstərilir. Bildirilir ki, qızdırılan tütün məhsullarının yayılmasından sonra Yaponiyada son on ildə ənənəvi siqaret satışları təxminən 46 faiz azalıb. İsveçdə isə tüstüsüz alternativlərin yayılması ilə siqaret çəkmə göstəriciləri Avropa İttifaqında ən aşağı səviyyələrdən birinə düşüb.
Ənənəvi siqaretə qayıtmaq, yoxsa daha az zərərli alternativə keçmək?
Ekspertlər hesab edirlər ki, bəzi ölkələrdə qızdırılan tütün məhsullarının ayrıca hüquqi kateqoriya kimi saxlanılması “zərərin azaldılması” yanaşması ilə bağlıdır. Bu yanaşmaya görə, siqareti tam tərgitməyən şəxslər üçün daha az riskli alternativlərin mövcudluğu ümumi sağlamlıq risklərinin azaldılmasına kömək edə bilər. Məsələn, ABŞ Qida və Dərman Administrasiyasına (FDA) görə, “elmi tədqiqatlar göstərib ki, ənənəvi siqaretlərdən tamamilə IQOS sisteminə keçid orqanizminizin zərərli və ya potensial zərərli kimyəvi maddələrə məruz qalmasını əhəmiyyətli dərəcədə azaldır.”
Bu fonda elektron siqaret istifadəçiləri üçün yeni dilemma yaranır: ənənəvi siqaretə qayıtmaq, yoxsa daha az zərərli hesab edilən qızdırılan tütün məhsullarına keçid etmək? Bir sıra ekspertlər hesab edirlər ki, tam qadağalar əvəzinə düzgün tənzimləmə daha effektiv yanaşma ola bilər. Xüsusilə həddi-buluğa çatmayan şəxslərin bu məhsullara çıxışının məhdudlaşdırılması, satışa nəzarətin gücləndirilməsi və qanunsuz dövriyyənin qarşısının alınması əsas prioritetlərdən biri hesab olunur.
Nikotin birbaşa xərçəng yaratmır
Həkimlər bildirirlər ki, həm elektron siqaretlər, həm də qızdırılan tütün məhsulları nikotin asılılığı yaradır. Təbii, nikotinin tam təhlükəsiz maddə olduğunu heç kim iddia etmir. Bununla yanaşı, ekspertlər cəmiyyətdə nikotinlə bağlı müəyyən yanlış təsəvvürlərin olduğunu deyirlər. Bir neçə müstəqil səhiyyə qurumu, o cümlədən Böyük Britaniyanın İctimai Sağlamlıq üzrə Kral Cəmiyyəti, Böyük Britaniyanın Sağlamlığın Yaxşılaşdırılması və Bərabərsizliklər üzrə İdarəsi və ABŞ Qida və Dərman Administrasiyası təsdiq etmişdir ki, nikotin asılılıq yaratsa da, siqaretlə bağlı xəstəliklərin əsas səbəbi deyil. Siqaret çəkmənin sağlamlığa zərəri nikotinin özündən deyil – tütünün yanması zamanı yaranan çoxsaylı zərərli kimyəvi maddələrin (məsələn, karbon monoksid, benzol və formaldehid) yüksək səviyyəsindən qaynaqlanır.
Bundan əlavə, ABŞ FDA komissarı və FDA-nın Tütün Məhsulları Mərkəzinin direktoru 2017-ci ildə yazmışdır: “Nikotin zərərsiz olmasa da, hər il yüz minlərlə amerikalının ölümünə səbəb olan tütünlə bağlı xərçəng, ağciyər və ürək xəstəliklərinə birbaşa cavabdeh deyil.”
Bildirilir ki, nikotin asılılıq yaratsa da, siqaretlə əlaqəli xəstəliklərin əsas səbəbi hesab edilmir və özü birbaşa xərçəng yaradan maddə kimi qiymətləndirilmir. Əsas təhlükə tütünün yanması nəticəsində yaranan tüstü və onun tərkibindəki toksik maddələrlə bağlıdır. Məhz bu baxımdan qızdırılan tütün məhsulları bəzi ekspertlər tərəfindən daha az zərərli alternativ kimi qiymətləndirilir.
Elektron siqaret qadağasının effektivliyini qiymətləndirmək üçün müəyyən zaman tələb olunur. Mütəxəssislər hesab edirlər ki, qadağanın bazar və istifadəçi davranışlarına təsiri yaxın dövrdə daha aydın müşahidə olunacaq. Hələlik qadağanın qüvvəyə minməsindən az vaxt keçir və Azərbaycanın elektron siqaret bazarında, istifadəçi sayındakı dəyişikliklər və qanunsuz satış cəhdləri ilə bağlı geniş məlumat təqdim edilməyib.
Sonda qeyd edək ki, insan sağlamlığı üçün ən doğru seçim ümumiyyətlə siqaret və nikotin məhsullarından uzaq durmaqdır. Bununla belə, mütəxəssislər bildirirlər ki, siqareti tam tərgitməyən şəxslər üçün daha az riskli alternativlərə keçid zərərin azaldılmasına təsir göstərə bilər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.