RU

Rəşad Sadıqov: “Növbəti mövsüm bizim üçün daha yaxşı olacaq” – ARENA.AZ

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 33-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “Zirə”nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Rəşad Sadıqov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Mövsümün son oyunu idi və avrokuboklara vəsiqə şansımız qalmadığı üçün bu matça köklənmək çox çətin oldu. Buna baxmayaraq, futbolçularımız əzmkar oyun nümayiş etdirdilər. Olduqca maraqlı keçdi. Bu gün qələbə də qazana bilərdik, lakin sadə səhvlərdən qollar buraxdıq. Mövsümü artıq bitirdik, indi yalnız gələcəyi düşünmək lazımdır. Üç cəbhədə sona qədər mübarizə aparsaq da, təəssüf ki, hər birində son anda nəticəni əldən verdik. Əsas olan odur ki, futbolçular əzmkar oynadılar. Alınmayan məqamlardan isə mütləq düzgün nəticə çıxarmalıyıq. Bütün kollektivimizə, azarkeşlərimizə və rəhbərliyimizə dərin minnətdarlığımı bildirirəm.

Mükafatçıları təbrik edirəm. Avrokuboklarda iştirak edəcək komandalara uğurlar arzu edirəm, onların hər biri buna tam layiq idi. Çempionatla bağlı bəzi məyus edən tərəflər də var idi. Meydançaların durumu, oyunların fərqli stadionlarda keçirilməsi məsələsi… Ancaq bu gün məğlub olan tərəf bizik və istədiyimiz nəticə ortada olmadığı üçün çox şey danışmayacağam. Çünki fərqli anlaşıla bilər.

Növbəti mövsüm indikindən daha rəqabətli bir yarış olacaq. Biz də əlimizdən gələni edəcəyik ki, bu rəqabətə tab gətirə bilək. Uzun illərdir Azərbaycanda əsas hədəf avrokuboklara qatılmaqdır. Son iki ildə çempionatı ikinci pillədə başa vurmuşduq, avrokuboklarda pley-offa qədər irəliləmişdik. Rəqiblər də bizə fərqli köklənirdilər. Fikrimcə, növbəti mövsüm bizim üçün daha yaxşı olacaq.

Orxan Məmmədov futbolu çox sevir. Bu klub 12 ildir fəaliyyət göstərir və son 6 ildə mən də buradayam. Orxan müəllim, nəticələr pis olanda da komandanı tənqid etməyib, müzakirələrimiz olub, amma kiminsə üzərinə həddindən artıq getməyib. Kubokun finalında məğlub olanda da meydana düşüb futbolçuları təbrik etdi. O, daim komandanın yanındadır. Orxan müəllimdə böyük futbol təfəkkürü var”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
11
11
arena.az

10Источники