RU

Qarabağ yaşıl gələcəyin mərkəzinə çevrilir - Nazir mühüm planı açıqladı

Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzur bölgələrində ekosistemlərin bərpası, münaqişə dövründə zərər görmüş ərazilərin və şəhərlərin yenidən canlandırılması fəaliyyətlərində Strateji Ekoloji Qiymətləndirmənin şəhər planlaşdırılmasına tətbiqi ətraf mühit, sosial və iqtisadi amillərin nəzərə alınmasında vacib rol oynayıb.

Musavat.com xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov WUF13 çərçivəsində keçirilən "Strateji Ekoloji Qiymətləndirmə  şəhər planlaşdırmasında iqlim hədəflərinə nail olmaq üçün vasitə kimi" tədbirində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, bu gün dünyada, o cümlədən Şərqi Avropa və Cənubi Qafqaz regionunda Strateji Ekoloji Qiymətləndirmənin tətbiqinə maraq artmaqdadır:

"Azərbaycanda bu istiqamətdə, xüsusilə şəhərsalma sahəsində geniş təcrübə formalaşıb. BMT-nin Avropa üzrə İqtisadi Komissiyası bu alətin qlobal təşviqində mühüm rol oynayır və bu istiqamətdə ölkəmizlə birgə uğurlu fəaliyyəti mövcuddur. Məlumdur ki, Azərbaycan beynəlxalq və regional səviyyədə ətraf mühit üzrə əməkdaşlığa ciddi töhfələr verib. Ölkəmiz ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən BMT-nin bütün əsas təsisatları ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq edir. Azərbaycan 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokollara qoşulub. Bunların sırasında BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində fəaliyyət göstərən bir sıra beynəlxalq konvensiyalar yer alır".

Rəşad İsmayılov COP29 barədə də danışıb:

"2024-cü ildə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəfləri İclasının  29-cu sessiyasına - COP29-a uğurla ev sahibliyi etdi. COP29-un nəticəsi olaraq bütün ölkələr İtki və Zərər Fondunun fəaliyyətə başlaması barədə razılığa gəldilər, Adaptasiya üzrə Yol Xəritəsi qəbul edildi, Bakı Maliyyə Hədəfi müəyyən edildi.

Cari ilin 7-11 sentyabrında Konvensiyanın mandatı altında Bakı İqlim həftəsi keçiriləcək. Növbəti COP31 Konfransına ev sahibliyi edəcək qardaş Türkiyəyə uğurlar arzulayırıq.

Həmçinin, bu ilin 5 iyun tarixində Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Biz dünya ictimaiyyətini "Təbiətdən ilhamlanaraq: İqlim naminə. Gələcəyimiz naminə" şüarı altında fəaliyyətə səsləyirik.

Hesab edirəm ki, bugünkü müzakirələr Strateji Ekoloji Qiymətləndirmənin yalnız ekoloji mühafizə vasitəsi deyil, həm də dayanıqlı şəhər inkişafı üçün vacib siyasət aləti kimi əhəmiyyətini bir daha nümayiş etdirəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
2
3
olaylar.az

9Источники