RU

Nitq problemi yaşayan uşaqların sayı artır - Mütəxəssis səbəbləri açıqladı

Son illərdə nitq problemi yaşayan və istəklərini əsasən əl işarələri ilə ifadə edən uşaqların sayında artım müşahidə olunur. Mütəxəssislər bunun həm psixoloji, həm də nitq inkişafı ilə bağlı səbəblərdən qaynaqlandığını bildirirlər.

Bu barədə News365.az-a danışan loqoped Esmira Qafarova qeyd edib ki, alternativ ünsiyyət vasitələrindən istifadə edən uşaqların sayı günbəgün çoxalır.

Onun sözlərinə görə, problem daha çox 3 yaşdan yuxarı uşaqlarda özünü göstərir:

“Artıq bu yaş dövründə uşaq cümlələr qurmalı, dialoqa girə bilməlidir. Əgər uşaq hələ də nitq problemi yaşayırsa, özünü ifadə etmək üçün işarələrdən istifadə edir. Bəzi hallarda aqressiya və neqativizm də qabarıq şəkildə müşahidə olunur”.

Loqoped bildirib ki, uşaqlar danışa bilmədikləri üçün jest və hərəkətlərlə istəklərini çatdırmağa çalışırlar:

“Bu, bir növ onların özünü ifadə etmə formasıdır”.

Mütəxəssis vurğulayıb ki, bu hal əsasən psixoloji və nitq inkişaf problemləri ilə əlaqəlidir. Onun sözlərinə görə, yalnız nadir hallarda fizioloji səbəblər rol oynayır.

Esmira Qafarova erkən yaşda telefon və planşet istifadəsinin də uşaqlarda nitq inkişafına mənfi təsir göstərə biləcəyini deyib:

“Ekranlar uşaqlarda nitq inkişafı baxımından tənbəllik yaradır. Bu da belə problemlərin yaranmasına birbaşa təsir edə bilər”.

News365.az

Избранный
40
news365.az

1Источники