RU

Bakıya gələn avropalı turistlərin sayı artacaq Ekspert

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Pandemiya dövründə dayandırılan beynəlxalq dəmir yolu sərnişindaşımalarının yenidən bərpası regionda nəqliyyat və turizm əlaqələrinin canlanması baxımından diqqət çəkən məsələlərdən biridir. Xüsusilə Bakı-Tbilisi-Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyətə başlaması həm turist axınına, həm də iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin genişlənməsinə təsir göstərə bilər. Mütəxəssislər hesab edirlər ki, qatar səfərlərinin bərpası daha sərfəli və rahat səyahət imkanları yaradacaq. Bunun hotellərdən restoranlara, turizm şirkətlərindən ticarət sektoruna qədər bir çox sahəyə müsbət təsir edəcəyi gözlənilir.Turizm mütəxəssisi Rahib İsmayılov Demokrat.az-a açıqlamasında bildirib ki, həqiqətən də bu xəbər həm sevindirici, həm də uzun müddətdir gözlənilən məsələlərdən biri idi:“Artıq neçə vaxtdır ki, Bakı-Tbilisi-Bakı qatarının bərpası ilə bağlı müxtəlif müzakirələr gedirdi. Sadəcə texniki və iqtisadi məsələlərin dəqiqləşdirilməsi qalırdı ki, artıq həmin məqamlar da həll olunub. Mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı qatarı yenidən fəaliyyət göstərəcək. Bu qərarın yalnız müsbət təsirləri olacaq. Xüsusilə turizm sahəsi baxımından həm Azərbaycandan Gürcüstana, həm də Gürcüstandan Azərbaycana turist axınının artmasına ciddi təsir göstərəcək. Nəzərə alsaq ki, aviabiletlərin qiymətləri bəzi dövrlərdə, xüsusilə yüksək turizm mövsümündə və bayram günlərində kifayət qədər baha olur, hətta bəzən reyslərdə yer tapmaq çətinləşirdi, bu halda qatar marşrutu insanlar üçün daha rahat və əlverişli alternativ olacaq”.O deyib ki, Bakı-Tbilisi qatarı həm turistik məqsədlər, həm də insanların gündəlik gediş-gəlişi baxımından böyük əhəmiyyət daşıyır:“Bununla yanaşı, iki ölkə və iki şəhər arasında iqtisadi və ticari əlaqələrin inkişafına da müsbət təsir göstərəcək. Mən hesab edirəm ki, bu marşrut regionda əlaqələrin daha da genişlənməsinə təkan verəcək.Burada bir vacib məqamı da xüsusi qeyd etmək lazımdır. Avropalı turistlər Qafqaza səfər edərkən adətən Azərbaycan, Gürcüstan və Ermənistanı bir marşrut daxilində ziyarət etməyə çalışırlar. Əvvəllər Ermənistandan Gürcüstana keçid rahat olsa da, Azərbaycana quru sərhədlərin bağlı olması səbəbindən keçmək mümkün deyildi. Bu zaman turistlər ya təyyarədən istifadə etməli olurdu, ya da aviabiletlərin baha olması səbəbindən Azərbaycan səfərini təxirə salırdılar. Həmin turistlər Tbilisidən Bakıya daha rahat şəkildə qatarla səfər edə biləcəklər. Bu həm daha sərfəli, həm də daha rahat seçim olacaq. Hesab edirəm ki, bu addım ölkəmizə gələn turistlərin, xüsusilə də avropalı turistlərin sayına müsbət təsir göstərəcək və turizm sektorunda müəyyən canlanma yaradacaq”.Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
59
demokrat.az

1Источники