RU

İstiqlaldan Zəfərə doğru



Xalqların tarixində elə hadisələr olur ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür, dəyəri isə illər ötdükcə daha da artır. Azərbaycan xalqının taleyində xüsusi yer tutan 28 May – Müstəqillik Günü məhz belə tarixi hadisələrdən biridir. Bu gün yalnız dövlət müstəqilliyimizin başlanğıcı deyil, həm də milli ruhun, azadlıq düşüncəsinin və dövlətçilik təfəkkürünün təntənəsidir. 1918-ci ilin 28 mayında Azərbaycan xalqı öz siyasi iradəsini ortaya qoyaraq tarixdə ilk dəfə Şərqin və müsəlman dünyasının ilk demokratik, hüquqi və parlamentli respublikasını yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin meydana çıxması böyük siyasi və mənəvi proseslərin nəticəsi idi. Həmin dövrdə xalqın milli şüuru artıq formalaşmış, azadlıq və müstəqillik ideyaları geniş yayılmışdı. Azərbaycanın qabaqcıl ziyalıları, maarifçiləri və mütəfəkkirləri milli dirçəlişə, xalqın öz taleyini müəyyən etmək istəyinə ciddi təsir göstərmişdilər. Bu mənada Azərbaycan Xalq Cümhuriyyətinin yaranması təsadüfi siyasi hadisə deyil, milli oyanışın məntiqi yekunu idi. Ulu Öndər Heydər Əliyev bu barədə deyirdi: "Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır."

1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycan xalqının dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Həmin sənəd xalqın siyasi iradəsinin ifadəsi olmaqla yanaşı, gələcək inkişafın əsas istiqamətlərini də müəyyənləşdirirdi. İstiqlal Bəyannaməsində demokratik idarəçilik prinsipləri, insan hüquqlarının qorunması və bütün vətəndaşlar üçün bərabərlik kimi mühüm məsələlər öz əksini tapmışdı. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində mühüm dövlətçilik addımları atdı. Parlament fəaliyyətə başladı, hökumət formalaşdırıldı, milli dövlət atributları qəbul edildi, vətəndaşlıq institutu yaradıldı, milli ordu quruculuğuna başlanıldı. Dövlətin beynəlxalq aləmdə tanınması və diplomatik əlaqələrin qurulması istiqamətində də ciddi işlər görüldü. Paris Sülh Konfransında Azərbaycanın mövqeyinin tanıdılması istiqamətində aparılan diplomatik fəaliyyət gənc respublikanın siyasi baxımdan nə qədər uzaqgörən mövqe tutduğunu göstərirdi. Azərbaycanın beynəlxalq hüququn subyekti kimi qəbul edilməsi sonrakı tarixi mərhələlər üçün də mühüm əhəmiyyət daşıdı. Bu dövrdə təhsil sahəsində həyata keçirilən islahatlar xüsusi diqqətə layiq idi. Məktəblərdə ana dilində tədris sisteminə keçid baş verdi, milli təhsil siyasətinin əsası qoyuldu, Bakı Dövlət Universiteti yaradıldı. Eyni zamanda hüquqi sistemin qurulması istiqamətində mühüm qərarlar qəbul edildi, Ədliyyə Nazirliyi təsis olundu, məhkəmə sisteminin fəaliyyətini tənzimləyən hüquqi sənədlər qəbul edildi. Bunlarla yanaşı, milli mədəniyyətin, maarifin və ictimai düşüncənin inkişafı istiqamətində də ciddi addımlar atıldı. Cümhuriyyət rəhbərləri yaxşı anlayırdılar ki, güclü dövlət yalnız iqtisadi və hərbi imkanlarla deyil, həm də intellektual potensialla qurulur.

Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm uğurlarından biri də milli dövlətçilik ənənələrinin formalaşdırılması oldu. Dövlət bayrağının təsis olunması, milli ordunun yaradılması və Azərbaycan vətəndaşlığı institutunun tətbiqi xalqın dövlətçilik düşüncəsinin möhkəmlənməsinə mühüm təsir göstərdi. Həmin dövrdə qəbul edilən qərarlar təkcə o zaman üçün deyil, gələcək müstəqil Azərbaycan dövlətinin siyasi əsaslarının formalaşdırılması baxımından da tarixi əhəmiyyət daşıyırdı. Cənab Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini belə qiymətləndirmişdir: "Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı." Lakin tarix göstərdi ki, müstəqilliyi əldə etmək qədər onu qorumaq da mürəkkəb və məsuliyyətli vəzifədir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırıldı və xalqımız yenidən müstəqilliyini itirdi. Ancaq istiqlal düşüncəsi xalqın yaddaşından silinmədi. Azərbaycan xalqının dövlətçilik arzusu zamanın bütün sınaqlarından keçərək yaşadı. Milli yaddaş, milli kimlik və istiqlal ideyası insanların qəlbində qorunub saxlanıldı və gələcək nəsillərə ötürüldü. 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. Ancaq həmin illər ölkənin tarixində mürəkkəb dövr kimi yadda qaldı. Daxili siyasi qarşıdurmalar, iqtisadi çətinliklər və Ermənistanın hərbi təcavüzü dövlətçiliyin mövcudluğunu təhlükə altına salmışdı. Müstəqilliyini yenicə əldə etmiş ölkə ciddi sınaqlarla qarşı-qarşıya qalmışdı və hətta dövlətçiliyin itirilməsi təhlükəsi yaranmışdı. Məhz belə bir ağır zamanda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi. Onun qətiyyətli siyasəti nəticəsində ölkədə sabitlik yaradıldı, dövlət quruculuğu prosesi gücləndirildi, milli inkişaf strategiyası müəyyən edildi. Azərbaycanın gələcək inkişafı üçün siyasi və iqtisadi əsaslar formalaşdırıldı, beynəlxalq əlaqələr genişləndirildi, dövlətçilik ənənələri yeni məzmun qazandı. Ulu Öndərin dillər əzbəri olan fikri dövlət müstəqilliyinin mahiyyətini dəqiq ifadə edir: "Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi." Bu siyasi xətt sonrakı mərhələdə cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi.

Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoydu, iqtisadi və siyasi gücü artdı, beynəlxalq mövqeləri daha da möhkəmləndi. Dövlətimizin iqtisadi qüdrəti gücləndi, enerji layihələri ölkəmizin strateji mövqeyini artırdı, ordu quruculuğu prioritet istiqamətlərdən birinə çevrildi. Uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan öz tarixi missiyasını yerinə yetirdi və ərazi bütövlüyünü tam bərpa etdi. Bu gün Azərbaycanın suverenliyi tam təmin olunub, ölkənin bütün ərazilərində dövlət hakimiyyəti bərqərar edilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq artıq ölkəmizin bütün bölgələrində, işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik."

Bu gün 28 May Müstəqillik Günü keçmişə ehtiram, bu günə qürur və gələcəyə böyük inam hissi ilə qeyd olunur. Azərbaycan xalqı bir əsr əvvəl əsası qoyulan dövlətçilik ideyalarını qoruyaraq daha da zənginləşdirib və yeni tarixi zirvələrə yüksəldib. Xalqımızın keçdiyi yol göstərir ki, güclü dövlət yalnız siyasi sərhədlərlə deyil, milli birlik, xalqın iradəsi və dövlətə bağlılıq hissi ilə qurulur. Tarix sübut etdi ki, istiqlal yalnız qazanılan siyasi hüquq deyil. İstiqlal həm də xalqın mənəvi gücü, milli kimliyi və gələcəyə aparan müqəddəs yoludur. Bu yol isə müasir Azərbaycanın timsalında uğurla davam edir və hər yeni nəsil bu müqəddəs dövlətçilik əmanətini daha da gücləndirərək gələcəyə daşıyır.


David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri.




Избранный
24
aia.az

1Источники