RU

Sənədsiz və qanunsuz evlərlə bağlı son dəqiqə açıqlaması

Azərbaycanda xüsusilə paytaxt Bakı və ətraf qəsəbələrdə onilliklər ərzində formalaşan qanunsuz və sənədsiz tikililər problemi növbəti dəfə dövlətin makroiqtisadi və şəhərsalma siyasətinin əsas müzakirə mövzularından birinə çevrilib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun forum çərçivəsində səsləndirdiyi fikirlər, dövlətin bu xroniki bəlaya yanaşmasında həm sosial məsuliyyəti, həm də gələcək xaosun qarşısını almaq üçün nümayiş etdirdiyi strateji ehtiyatı ortada qoyur.

Nazirin fərdi evlər və qeyri-formal yaşayış məskənləri üçün tətbiq edilən müəyyən amnistiyaların keçici olaraq sosial qayğıları həll etsə də, gələcəkdə qanunsuz tikintiləri daha da stimullaşdıra biləcəyi barədə xəbərdarlığı, şəhərsalma qanunvericiliyinin təməl fəlsəfəsini əks etdirir. İşğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı şəhərsalma prosesinin Bakı üzərindəki demoqrafik və infrastruktur təzyiqini azaldacağı gözlənilsə də, paytaxtdakı mövcud qeyri-formal tikinti bumu hələ də həm iqtisadiyyat, həm də təhlükəsizlik üçün ciddi risk bətnində saxlayır. Tikinti amnistiyasının birdəfəlik xilas yolu, yoxsa yeni qanunsuzluqlara yaşıl işıq yandıran bir təkan olması sualı isə sahənin mütəxəssisləri tərəfindən fərqli prizmalardan təhlil edilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan tikinti sahəsi üzrə ekspert Camal Abuşov qeyd edib ki, nazirin qanunsuz tikintilərin stimullaşdırılması ilə bağlı narahatlığı tamamilə əsaslıdır və real təcrübəyə söykənir: “Tikinti sektorunda amnistiya addımları hər zaman ikiuclu qılınc rolunu oynayır. Bir tərəfdən dövlət illərdir sənədsiz evlərdə yaşayan yüz minlərlə vətəndaşın qeydiyyat, mülkiyyət və digər sosial hüquqlarını təmin edərək böyük bir gərginliyi aradan qaldırır. Digər tərəfdən isə bu qərarlar cəmiyyətdə belə bir yanlış rəy formalaşdırır: ‘Bu gün qanunsuz tikim, onsuz da bir neçə ildən sonra dövlət yenidən amnistiya elan edib sənəd verəcək’. Məhz bu psixologiya şəhərin memarlıq strukturunu pozan, kommunikasiya xətlərinin, yüksək gərginlikli naqillərin və magistral boruların üzərində keçici daxmaların, standartlara cavab verməyən fərdi evlərin göbələk kimi artmasına rəvac verir”.

Onun sözlərinə görə, leqallaşdırma mexanizmi sadə bir icazə proseduru kimi deyil, çox ciddi şəhərsalma süzgəcindən keçirilməklə tətbiq edilməlidir: “Nazir Mikayıl Cabbarovun da qeyd etdiyi kimi, əsas şəhərsalma standartlarına cavab verən evlərin qeydiyyata alınması normaldır. Lakin şəhərin baş planına zidd olan, seysmik dayanıqlığı yoxlanılmayan, yanğın təhlükəsizliyi qaydalarını kobud şəkildə pozan tikililərə amnistiya şamil olunarsa, bu, gələcəkdə böyük texnogen fəlakətlərə zəmin hazırlamaq deməkdir. Təcrübə göstərir ki, amnistiya yalnız keçmiş dövrü əhatə edən qəti və birdəfəlik akt olmalı, onun icrasından dərhal sonra yeni qanunsuz tikintilərə görə inzibati və cinayət məsuliyyəti rıçaqları kəskin şəkildə gücləndirilməlidir”.

Məsələnin hüquqi tərəfini şərh edən Natiq Ələsgərov NOCOMMENT.az-a bildirib ki, qanunsuz tikililərin leqallaşdırılması prosesi həm mülkiyyət hüququ, həm də dövlətin şəhərsalma qanunvericiliyi arasında incə bir balans üzərində qurulmalıdır: “Hüquqi nöqteyi-nəzərdən icazəsiz tikinti mülki qanunvericiliyin birbaşa pozulmasıdır və bu cür daşınmaz əmlaklar üzərində sərəncam vermək hüququ yoxdur. Dövlətin birtərəfli qaydada amnistiya verməsi vətəndaşın sosial rifahını təmin etmək məqsədi daşıyan humanitar bir addımdır, lakin bu addım sistemli xarakter almamalıdır. Əgər qanunsuz tikili mülkiyyət hüququ qazanırsa, dövlət gələcəkdə həmin ərazidən hər hansı bir infrastruktur xətti və ya yol çəkmək istədikdə vətəndaşa böyük həcmdə kompensasiya ödəmək məcburiyyətində qalır ki, bu da dövlət büdcəsinə əlavə yük deməkdir. Buna görə də amnistiya qanunsuzluğu leqallaşdıran vərdişə çevrilməməli, yalnız müəyyən edilmiş sərt meyarlar çərçivəsində, hüquqi qətiyyətlə tətbiq olunmalıdır”.

Избранный
41
editor.az

1Источники