RU

"Xarici qonaqlar Qarabağda qurulan şəhər və qəsəbələri gördükdə ciddi şəkildə təsirlənirlər" - Tural Gəncəliyev

Hazırda ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın beynəlxalq nüfuzunu və şəhərsalma sahəsində artan rolunu nümayiş etdirən mühüm platformalardan biri hesab olunur. Forum çərçivəsində dayanıqlı şəhərsalma, müasir urbanizasiya, ekoloji yanaşmalar və “ağıllı şəhər” konsepsiyaları ətrafında geniş müzakirələr aparılır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa layihələri beynəlxalq diqqət mərkəzindədir.

Maraqlıdır, WUF13 tədbiri Azərbaycan üçün hansı əhəmiyyət daşıyır? 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Xankəndi seçki dairəsinin deputatı Tural Gəncəliyev bildirdi ki, ölkəmizdə Dünya Şəhərsalma Forumunun keçirilməsi çox önəmli hadisə kimi qiymətləndirilir:

"Çünki bu forum BMT-nin ən tanınmış, iştirakçı sayına və əhatə etdiyi coğrafiyaya görə dünyanın ən nüfuzlu platformalarından biridir. Şəhərsalma forumu elə bir platformadır ki, burada dünyanın bütün regionlarından urbanizasiya prosesləri ilə bağlı rəsmi şəxslər, rəhbərlər, mühüm ekspertlər, siyasətçilər və xüsusilə infrastruktur quruculuğu ilə məşğul olan dünya mütəxəssisləri iştirak edirlər. Bu, bizim üçün böyük şərəfdir. Çünki BMT-nin belə bir tədbirinin ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən etimadın göstəricisidir. Artıq Azərbaycanın möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi formalaşıb və biz dünyanın etimadını qazanan ölkələrdən biriyik. Xatırladaq ki, Azərbaycan COP29 sessiyasına ev sahibliyi edib. Bundan əlavə, Azərbaycan BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq platformalardan biri hesab olunan Qoşulmama Hərəkatına sədrlik edib. Həmçinin Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Yəni ölkəmizin bu istiqamətdə çox böyük təcrübəsi var və bu baxımdan Dünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır".

Millət vəkili qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın işğalı nəticəsində dağıdılmış şəhər və qəsəbələr hazırda müasir dünya standartlarına uyğun şəkildə yenidən qurulur və bərpa olunur:

"Bu proses də dünya şəhərsalma ekspertlərinin və beynəlxalq qurumların diqqətini çəkən əsas məqamlardan biridir. Biz şəhərsalma prosesində yeni texnologiyalardan, innovativ metodlardan, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarından istifadə edirik. Xarici qonaqlar Qarabağa və Şərqi Zəngəzura səfər etdikdə, qısa müddətdə qurulan şəhər və qəsəbələri gördükdə ciddi şəkildə təsirlənirlər. Bu amil də Dünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsinə stimul verən məqamlardan biri olub. Yəni dünya Azərbaycanın qısa müddət ərzində dağıdılmış şəhərləri forumda müzakirə olunan prinsiplərə uyğun şəkildə necə yenidən qurduğunu müşahidə edir".

O əlavə etdi ki, eyni zamanda şəhərsalma forumu dünya siyasətçilərinin və şəhərsalma üzrə ekspertlərin bir araya gəldiyi mühüm şəbəkələşmə platformasıdır:

"Bu da ölkəmizin beynəlxalq nüfuzu baxımından olduqca önəmlidir. Ümumilikdə forumun Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun və tanınmasının daha da artmasına xidmət edəcək. Hazırda dünyada yeni metodlar, innovativ texnologiyalar, kreativ şəhərsalma yanaşmaları geniş şəkildə müzakirə olunur. Bu baxımdan forumun Azərbaycanda keçirilməsi bizim üçün dünya təcrübəsini öyrənmək baxımından da böyük əhəmiyyət daşıyır. Çünki dünyanın ən önəmli ekspertləri bu forum çərçivəsində öz bilik və təcrübələrini paylaşırlar. Bu isə həm Azərbaycanın təcrübəsini beynəlxalq ictimaiyyətlə bölüşməyə, həm də digər ölkələrin bilik və təcrübəsindən yararlanmağa imkan yaradır".

NURİYYƏ

Избранный
20
1
redaktor.az

2Источники