RU

Paşinyanı terror planı ilə aradan götürmək istəyirlər: Ermənistanda vətəndaş müharibəsi Qafqazı qarışdıracaq

Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma siyasətinə sadiq qalacağını gizlətməyən baş nazir Nikol Paşinyanın xarici siyasət prioritetləri sırasında Ermənistanı yenidən Kremlin “qaranlıq tunel”inə qaytarmaq niyyəti yoxdur... Bu baxımdan, Rusiyaya bağlı “Qarabağ klanı”na yönəlik ölkədaxili nifrətdən də seçki maraqları üçün geniş şəkildə istifadə edən erməni baş nazirə qarşı sui-qəsd cəhdlərinin ola biləcəyi, Ermənistanda silahlı toqquşmaların baş vermə ehtimalı qətiyyən istisna deyil...   

Cənubi Qafqazda geopolitik proseslər yeni keçid mərhələsinə böyük sürətlə yaxınlaşır. Belə ki, Rusiya bu regiondakı mövqelərini və təsir mexanizmlərini yenidən bərpa etmək niyyətini açıq-aşkar biruzə verməyə başlayıb. Ancaq Kremlin bu niyyətinə çatıb-çatmayacağı məhz Ermənistanda keçiriləcək növbəti parlament seçkilərinin yekun nəticələrinə başlıdır. Ona görə də, Kreml Ermənistana öz təlimatlı emissarlarını gösdərib, Rusiyanın onilliklər boyu formalaşdırılmış agentura şəbəkəsini fəallaşdırıb. Və bu baxımdan, hazırda həm Ermənistanın gələcək taleyi, həm də Cənubi Qafqazda geopolitik proseslərin inkişaf istiqamətləri ilə bağlı önəmli mərhələ başlanmaq üzrədir.

Onu da qeyd etmək lazımdır ki, Kremldə Paşinyan hakimiyyətinin dəyişdirilməsi və yaxud ciddi şəkildə zəiflədilməsi sayəsində Rusiyanın Ermənistan üzərində nəzarət mexanizmlərini bərpa edə bilcəyinə əmindir. Bu halda, rəsmi İrəvanın Qərbə yaxınlaşma siyasi kursunun bloklanacağı, Ermənistanın yenidən Rusiyanın “qaranlıq tunel”inə qaytarılaraq, regional forposta çevriləcəyi də qətiyyən şübhə doğurmur. Xüsusilə də, Paşinyan hakimiyyətinin seçkilərdə məğlub olacağı təqdirdə, Kremlə bağlı siyasi düşərgənin Ermənistanda Rusiyanın hegemonluğunu bərpa etməyə hazır olduqları inkaredilməz reallıqdır. Və bu, o deməkdir ki, seçki ərəfəsində, eləcə də sonrasında Ermənistanda ölkədaxili xaosun yaranması, hətta silahlı vətəndaş qarşıdurmasının baş verə biləcəyi qətiyyən istisna deyil.

Məsələ ondadır ki, son günlər baş nazir Nikol Paşinyana qarşı təhdidlərin armaqda olduğu da müşahidə edilir. Belə ki, üzümaskalı şəxslərin erməni baş naziri fiziki cəhətdən aradan götürməklə bağlı çəkib, yaydıqları videoların sayı artmağa başlayıb. Onlar baş nazir Nikol Paşinyanı məqsədyönlü şəkildə Rusiya ilə münasibətləri korlamaqda, Ermənistana xəyanət etməkdə suçlayırlar. Və bu təhdid prosesinin arxasında isə Rusiyaya bağlı “Qarabağ klanı”na liderlik edən Köçəryan-Sarkisyan çütlüyünün dayandığı iddia olunur.

Maraqlıdır ki, baş nazir Nikol Paşinyan üzləşdiyi təhdidlərə qarşı priventiv addımlar atmağa da artıq başlayıb. Belə ki, erməni baş nazir ittihamlara cavab olaraq, bir tərəfdən, Rusiya ilə qarşıdurma istəmədiyini, normal münasibətlərinin inkişafında maraqlı olduğunu vurğulayır. Digər tərəfdən, hərbi güc nümayişinə yönəlik addımlarla həm terror mərkəzi kimi fəaliyyət göstərən erməni kilsəsinə, həm də “Qarabağ klanı”na ciddi xəbərdarlıq mesajları verməyə çalışır. Və bu baxımdan, yaxın vaxtlarda Ermənistanda ölkədaxili silahlı toqquşmaların ola biləcəyi artıq tamamilə inandırıcı görünür.   

Bütün bunları nəzərə alan bəzi erməni ekspertlər Paşinyan hakimiyyətinin Kremllə münasibətlərdəki gərginliyə paralel olaraq, mayın 28-də İrəvanda hərbi parad keçirməyə hazırlaşmasını Rusiyaya bağlı agentura şəbəkəsinə açıq xəbərdarlıq mesajı hesab edirlər. Ermənistanın müxalifyönlü “Hraparak” nəşri rəsmi Bakının bu hərbi parada müəmmalı şəkildə səssiz qaldığını xüsusi olaraq, vurğulayır. Nəşrin qənaətinə görə, İrəvanda keçiriləcək hərbi parad Azərbaycanı qətiyyən narahat etmir. Ona görə də, bu güc nümayişinin ilk növbədə Paşinyan hakimiyyəti ilə seçki rəqabəti aparan ölkədaxili müxalif qüvvələrə, Rusiyanın dəstəklədiyi düşərgəyə qarşı yönəldiyi ehtimal olunur. Və hesab olunur ki, Paşinyan hakimiyyəti bununla Rusiyaya bağlı qüvvələrin ölkədaxili zorakılıq cəhdlərinə dərhal hərbi reaksiya veriləcəyi barədə açıq xəbərdarlıq mesajı ötürməyə çalışır.

Digər tərəfdən, baş nazir Nikol Paşinyan seçki ərəfəsində güc nümayişi ilə həm də Rusiyadan uzaqlaşaraq, Qərbə yaxınlaşma siyasi kursunun tərəfdarlarını cəsarətləndirmək niyyəti də güdür. Eyni zamanda, erməni baş nazirin son açıqlamaları Ermənistan üçün tamamilə fərqli inkişaf planlarının qurulmaqda olduğunu göstərir. Belə ki, baş nazir Nikol Paşinyan növbəti dəfə Ermənistan cəmiyyətini “müvəqqəti durğunluq psixologiyasından” imtinaya və ölkəni real sərhədlər çərçivəsində “son vətən” kimi qəbul etməyə çağırıb. Və onun fikrincə, erməni toplumu üçün “vətən axtarışı” prosesi artıq bitib: “Biz öz vətənimizi tapmışıq və bu, Ermənistan Respublikasıdır”.

Erməni baş nazir xəbərdarlıq edir ki, keçmişə yönəlik iddialar Ermənistanın gələcəyinə ciddi şəkildə mane olur. Onun fikrincə, “əgər, ermənilərin şüuraltında daim Vana, Muşa, Qarabağa, Naxçıvana qayıtmaq ideyası olarsa, onlar öz ölkələrini sadəcə, bir keçid-tranzit məntəqəsi kimi qəbul etməyə başlayacaqlar”. Baş nazir Nikol Paşinyan hesab edir ki, bu yanaşma Ermənistan vətəndaşlarını təhlükəsizlik və sabitlik hissindən də məhrum buraxır. Və bu baxımdan, baş nazir Nikol Paşinyan Qarabağdan köçən erməniləri də Ermənistanda məskunlaşmağa,  bu ölkəni özlərinin son yaşayış yeri kimi qəbul etməyə çağırıb.

Təbii ki, erməni baş nazirin belə çağırışları Ermənistan cəmiyyətdə radikal-revanşist ovqatı tamamilə sarsıtmaq niyyəti də güdür. Çünki baş nazir Nikol Paşinyan Ermənistanın başqa dövlətlərin və beynəlxalq qurumların maraqları üçün alətə çevrilməsinin yolverilməz olduğunu da birmənalı şəkildə vurğulayır. Onun bu fikri ilk növbədə ermənilərdən və Ermənistandan həmişə alər kimi istifadə etmiş Rusiyaya ünvanladığı isə qətiyyən şübhə doğurmur. Və erməni baş nazir bununla Rusiyadan uzaqlaşmağın, qonşu ölkələrlə normal münasibətlər qurmağın Ermənistan üçün yeganə çıxış yolu olduğunu da qabartmağa çalışır.

Maraqlıdır ki, erməni baş nazir Azərbaycan və Ermənistan arasındakı sülh prosesi üçün də hər hansı kənar vasitəçilərin “qarantor” rolunda çıxış etməsinə ehtiyac olmadığını bildirir. Onun fikrincə, bu iki ölkə arasında birbaşa təmaslar, iqtisadi-ticari münasibətlərin qurulması, eləcə də, regional nəqliyyat-kommunikasiya xətlərinin açılması sülh prosesi üçün ən etibarlı “qarantor” funksiyasını yerinə yetirə bilər. Və bu, o deməkdir ki, baş nazir Nikol Paşinyan faktiki olaraq, seçkidə qalib gələcəyi təqdirdə yürüdəcəyi siyasi kursu elə indidən Ermənistan çəmiyyətinə çatdırmağa çalışır.

Belə anlaşılır ki, baş nazir Nikol Paşinyan Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma siyasətinə sadiq qalmaq niyyətindədir. Eyni zamanda, regional sülhü təmin etmək üçün isə Ermənsitanın qonşu ölkələrlə normal münasibətlər qurmasına və iqtisadi-ticari əlaqələri inkişaf etdirməsinə üstünlük verir. Bu isə o deməkdir ki, baş nazir Nikol Paşinyanın xarici siyasət prioritetləri sırasında Ermənistanı yenidən Rusiyanın “qaranlıq tunel”inə qaytarmaq niyyəti yoxdur. Və bu baxımdan, Rusiyaya bağlı “Qarabağ klanı”na yönəlik ölkədaxili nifrətdən də seçki maraqları çərçivəsində geniş şəkildə istifadə edən baş nazir Nikol Paşinyana qarşı yaxın günlərdə sui-qəsd cəhdlərinin ola biləcəyi, Ermənistandasa, silahlı toqquşmaların baş vermə ehtimalı qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg

Избранный
9
2
musavat.com

3Источники