RU

​“Boşanmaq istəyənlər daha çox qadınlardır” Səbəb və çıxış yolu nədir?

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Uşaq pulunun tətbiqi qismən boşanmaların qarşısını ala bilər”

Son dövrlərdə boşanma halları cəmiyyətdə geniş müzakirə olunan sosial məsələlərdən birinə çevrilib. Ailə daxilində yaranan maddi çətinliklər, qarşılıqlı etimadsızlıq, xəyanət, psixoloji gərginlik və sosial şəbəkələrin təsiri bu halların əsas səbəbləri kimi göstərilir. Mütəxəssislərin fikrincə, ailə münasibətlərində ünsiyyətin zəifləməsi və tərəflər arasında məsuliyyət bölgüsünün düzgün qurulmaması boşanma riskini daha da artırır. Bu gün boşanmaların daha çox hansı amillərlə bağlı olduğu və bu tendensiyanın artmasının səbəbləri cəmiyyətdə maraq doğurur.

Boşanmaların azaldılması və ailə institutunun möhkəmləndirilməsi üçün hansı effektiv addımlar atıla bilər?

Mövzu ilə bağlı vəkil-hüquqşünas Ruslan Mustafazadə “AzPolitika”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə və televiziya verilişlərində ən çox müzakirə olunan mövzulardan biri boşanmaların sayının artmasıdır.

Onun sözlərinə görə, boşanma prosesinin içində digər mühüm məsələlər də var: uşağın kimin yanında qalması, aliment və digər sosial təminat məsələləri kifayət qədər ciddi mübahisələrə səbəb olur və hazırda da geniş müzakirə olunur: “Şəxsi təcrübəmə əsasən, son dövrlərdə müraciət edənlərin əksəriyyəti qadınlardır. Onlar ya məsləhət almaq, ya da birbaşa məhkəməyə müraciət etmək üçün hüquqi dəstək istəyirlər. Əsas gətirilən səbəblərdən biri maddi vəziyyətlə bağlıdır: kişinin evə baxmaması, uşaqlarla maraqlanmaması, ailədən kənar həyat tərzi sürməsi, evə gəlməməsi, işləmək və ailəyə maddi dəstək göstərmək istəməməsi, eləcə də uşaqların tərbiyəsində iştirak etməməsi kimi hallar göstərilir”.

R. Mustafazadə hesab edir ki, boşanmaların qarşısının alınması üçün müxtəlif yollar araşdırılmalı, elmi təhlillər aparılmalı, daha sonra isə qanunvericilikdə və sosial müdafiə sahəsində müəyyən islahatlar həyata keçirilməlidir: “Ən çox səsləndirilən problemlərdən biri dövlət tərəfindən uşaq pulunun verilməməsidir ki, bu da cəmiyyətdə müzakirələrə səbəb olur. Uşaq pulunun tətbiqi prosesi tam olmasa da qismən boşanmaların qarşısını ala bilər. Eyni zamanda işsizlik probleminin aradan qaldırılması, sosial təminata çıxış imkanlarının genişləndirilməsi və ünvanlı sosial yardım üçün tələblərin müəyyən qədər sadələşdirilməsi daha çox ailəyə dəstək verilməsinə kömək edər. Nəticədə bu, ailələrin dağılmasının qarşısının alınmasına təsir göstərə bilər”.

Vəkil sonda əlavə edib ki, bəzi hallarda boşanmaların formal xarakter daşıdığı da qeyd olunur: “Bəzi ailələr formal olaraq boşanır ki, aliment iddiası qaldırsınlar və ya daha sonra sosial yardımlardan yararlansınlar. Bu formallığın qarşısının alınması üçün də islahatların aparılması vacib hesab edilir. Bu isə ümumi statistik göstəricilərə də təsir edə bilər”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
azpolitika.info

1Источники