2-ci Liqadakı mübarizəni 2-ci pillədə başa vuran "Qaradağ Lökbatan" ötən mövsüm tərk etdiyi 1-ci Liqaya qayıtmaq üçün 1-ci Liqada 9-cu olacaq komanda ilə pley-off matçına çıxacaq. Qəsəbə təmsilçisinin rəqibinin adına isə bu gün aydınlıq gələcək. Lökbatanlılar ya "Difai" ilə üz-üzə gələcəklər, ya da "Şimal"la. "Qaradağ Lökbatan"ın baş məşqçisi ilə əlaqə saxlayıb bu barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
“Bu mövsüm komandamız çox əziyyət çəkdi və futbolçularım meydanda xarakter göstərdilər. "Qaradağ Lökbatan" olaraq məqsədimiz hər oyunda qələbə qazanmaq idi. Yekunda mövsümü ikinci pillədə başa vurduq. İndi isə bütün diqqətimiz pley-off oyunundadır.
Rəqib Birinci Liqa təmsilçilərindən "Difai" və ya "Şimal" olacaq. Hansı komanda olursa olsun, hörmətlə yanaşırıq, amma öz gücümüzə inanırıq. Futbolçularım həm fiziki, həm də psixoloji baxımdan hazırdır. Azarkeşlərimizə söz verirəm ki, son dəqiqəyə qədər mübarizə aparacağıq.
"Qaradağ Lökbatan" böyük tarixə və böyük azarkeş dəstəyinə sahib komandadır. Məqsədimiz Birinci Liqaya yüksəlmək və bu uğuru azarkeşlərimizə hədiyyə etməkdir”.
Nihat