RU

Dünyanın ən bahalı ÇAYI: Daşları qızıldan baha SATILIR

Çin nəhəng ölkədir və qərbə doğru irəlilədikcə onun miqyası daha da böyüyür.

Musavat.com “IFL Science” nəşrin istinadən xəbər verir ki, ölkənin ən qərb bölgəsi olan Sincana çatdıqda insan özünü sanki Çində deyil, başqa bir məkanda hiss edir.

Buradakı şəhərlərdə məscidlər, ərəb qrafikası, paqodalar və heroqliflər yanaşı yerləşir. İnsanlar isə rəsmi putunhua dilindən daha çox qazax və türk dillərinə yaxın olan uyğur dilində danışırlar.

Sincan ərazicə Fransa, Almaniya və İspaniyanın birlikdə sahəsindən daha böyükdür. Bölgənin beşdə birindən çoxunu Çinin ən böyük səhrası olan Təklə-Məkan tutur. Bu səhra görünüşcə Saxaranı, iqlim baxımından isə Arktikanı xatırladır. Adının isə “xarabalıq yeri” və ya “tərk edilmiş məkan” mənasını verdiyi bildirilir.

Məhz bu nəhəng və qeyri-adi ərazidən Ağ və Qara nefrit çayları axır. Onlar Hotan şəhərindən təxminən 140 kilometr şimalda birləşərək Hotan çayını əmələ gətirir.

Hotan çayını xüsusi edən nədir?

Dil bir xalqın hansı dəyərlərə önəm verdiyini açıq şəkildə göstərir. İngilis dilində zəngin ailədə doğulan insan haqqında “ağzında gümüş qaşıqla doğulub” deyilir. Dəyərli fikir tapanda isə “qızıl damarı kəşf etdi” ifadəsi işlədilir.

Çin dilində isə bu kimi bütün bənzətmələrin mərkəzində nefrit dayanır.

Britaniya Gemmologiya Assosiasiyasının müəllimi Cülyet Hibunun sözlərinə görə, nefrit Çin mədəniyyətində son dərəcə qiymətlidir:

“Nefritin insanı pislikdən və uğursuzluqdan qoruduğuna, sağlamlıq və rifah gətirdiyinə inanılır”.

Bu inanc min illər əvvələ gedib çıxır. Arxeoloqlar eramızdan əvvəl III minilliyə aid nefrit bəzək əşyaları və qablar aşkarlayıblar. İmperatorluq dövründə nefrit “kralların daşına” çevrilib. Hazırda isə yalnız Çində nefrit bazarının həcmi təxminən 30 milyard dollar qiymətləndirilir.

Konfutsi də nefriti müdriklik, ədalət, səmimiyyət və səma ilə yerin rəmzi kimi təqdim edib.

Çin atalar sözündə isə belə deyilir: “Qızılın qiyməti var, nefrit isə qiymətsizdir”.

Hotan çayının ən böyük sirri də elə budur. Çayın suları nefrit daşları ilə doludur.

2008-ci ildə Hotanda nefrit axtaran Mehmet Misrah belə deyib:

“Bəzən heç nə tapa bilmirik, amma adətən gündə təxminən on daş əldə edirik. Ən yaxşı nümunələr bir milyon yuana qədər satılır. Belə daş tapanlar işi buraxıb Məkkəyə həccə gedirlər”.

Bu gün Hotan çayı dünyanın ən bahalı çaylarından biri hesab edilir. Maraqlıdır ki, 1990-cı illərə qədər bu yer Çində belə geniş tanınmırdı.

Səbəb isə bölgədə yaşayan uyğurların nefritə xüsusi maraq göstərməməsi idi. Müsəlman olan və Çin mədəniyyətindən fərqlənən yerli əhali üçün nefrit böyük əhəmiyyət daşımırdı.

2010-cu ildə Hotan bazarında nefrit taciri Yasen Əhməd demişdi: “Nefrit bizim mədəniyyət üçün heç nə ifadə etmir. Amma Allaha şükür ki, çinlilər ona vurğundur”.

Təxminən 40 il əvvəl Hotan çayındakı nefrit daşları adi çay daşları kimi qəbul edilirdi. Lakin Çinin şərqində insanlar onların dəyərini öyrənəndən sonra bölgədə əsl “nefrit qızdırması” başladı.

Qiymətlər bir neçə dəfə artdı və bəzi daşlar qram hesabı ilə qızıldan belə baha satılmağa başladı.

Hotanın tarixi isə çox qədimdir. Təklə-Məkan səhrasının ortasında yerləşməsinə baxmayaraq, şəhər su mənbələri və qiymətli daşlarla zəngin Kunlun dağlarının sayəsində min ilə yaxın müddətdə ticarət və mədəniyyət mərkəzi kimi yaşayıb.

Bundan əlavə, Hotan qədim İpək Yolunun tam üzərində yerləşdiyi üçün Şərqi Asiya ilə Qərbi Avropanı birləşdirən mühüm nöqtələrdən biri olub.

Mütəxəssislər bildirirlər ki, “nefrit” əslində tək daş deyil. Bu ad altında iki fərqli mineral - jadeit və nefrit tanınır.

Река

Hotan çayında tapılan isə məhz klassik nefritdir. Bu daş çox sıx və lifli quruluşa malikdir, hətta müəyyən mənada asbestə yaxın hesab olunur. Lakin mütəxəssislər onun sağlamlıq üçün təhlükəli olmadığını bildirirlər.

Çində min illər boyu istifadə olunan “yu” adlı qiymətli daş da məhz bu nefrit olub. Jadeit isə ölkəyə yalnız XVIII əsrdə Myanmadan gətirilib.

Hotan çayındakı yataqlar əsrlərlə mövcud olsa da, son illərdə artan maraq səbəbindən iri daşlar sürətlə tükənməyə başlayıb. Daha sonra kiçik parçalar da yoxa çıxıb və hətta ağır texnika ilə aparılan qazıntılar nəticəsiz qalıb.

Nəticədə Sincan hakimiyyəti 2007-ci ildə bütün lisenziyaları ləğv edib və Hotan çayı boyunca kommersiya məqsədli nefrit hasilatını qadağan edib.

Rəsmilər bildiriblər ki, ətraf mühitin bərpasından sonra hasilat daha “qanuni və nizamlı” şəkildə bərpa oluna bilər.

İqbal RZAYEV,
Musavat.com

Избранный
8
2
musavat.com

3Источники