Dünyada uzaqdan iş modelinin geniş yayılması ilə birlikdə bir çox ölkə azalan əhalisini artırmaq və yerli iqtisadiyyatı canlandırmaq məqsədilə yeni sakinlər üçün müxtəlif maddi təşviq proqramları başladıb. İsveçrədən Yaponiyaya qədər bir çox bölgə nağd ödəniş, pulsuz ev və təmir qrantları kimi imkanlarla miqrasiya cəlb etməyə çalışır.
Musavat.com həmin ölkələri təqdim edir:
İsveçrə
Valaisdə yerləşən Albinen kəndi əhali azalmasının qarşısını almaq məqsədilə 2017-ci ildə başladığı proqram çərçivəsində hər yetkin şəxs üçün təxminən 22 min funt sterlinq, hər uşaq üçün isə 8 min 800 funt sterlinq ödəyir. Proqramdan yararlanmaq istəyənlərin 45 yaşdan aşağı olması, ən azı 200 min İsveçrə frankı dəyərində əmlak alması və bölgədə 10 il yaşaması tələb olunur.
İrlandiya
“Yaşayan adalarımız” təşəbbüsü çərçivəsində 2033-cü ilə qədər uzaq adalardakı boş və ya tərk edilmiş evləri alıb təmir edənlərə 84 min avroya qədər qrant dəstəyi verilir. Bu əmlakların ən az iki ildir boş olması və təmirdən sonra əsas yaşayış yeri kimi istifadə edilməsi şərtdir.
Yunanıstan
Antikitera adası yeni məskunlaşan ailələrə pulsuz yaşayış evi və torpaq dəstəyi ilə yanaşı, ilk üç il ərzində aylıq 500 avro müavinət təqdim edir. Proqram xüsusilə adadakı sosial həyatı canlandıra biləcək ixtisaslı işçiləri və gənc ailələri hədəfləyir.
İspaniya
Ölkənin müxtəlif bölgələrində əhali artımı üçün fərqli fondlar ayrılıb. Extremadura bölgəsi uzaqdan çalışanlara 15 min avroya qədər qrant verir. Ponga qəsəbəsi yeni sakinlərə təxminən 2 min 600 funt sterlinq, Rubia kəndi isə məktəb yaşlı uşaqları olan ailələrə aylıq 150 avro ödəyir.
Yaponiya
Aşağı doğum səviyyəsi və kənd əhalisinin azalması ilə mübarizə aparan Yaponiya Tokiodan kənd bölgələrinə köçən ailələrə hər uşaq üçün 1 milyon yen təşviq verir. Müəyyən şərtlər daxilində ümumi dəstək məbləği 4,8 milyon yenə qədər yüksələ bilir. Məskunlaşanların bölgədə ən azı 5 il qalması və yerli iqtisadiyyata töhfə verməsi gözlənilir.
ABŞ
Amerika Birləşmiş Ştatlarında Oklahoma ştatındakı Tulsa, Kanzas ştatındakı Topeka və İllinoys ştatındakı Mattoon kimi şəhərlər uzaqdan çalışanları cəlb etmək üçün 5 min ilə 15 min dollar arasında dəyişən nağd ödənişlər, biznes kuponları və müxtəlif icma üstünlükləri təqdim edir.
Kanada
Saskatchewan əyaləti “Məzunları saxlama proqramı” vasitəsilə əyalətdə qalmağı və işləməyi öhdəsinə götürən yeni məzunlara təhsil müddətindən asılı olaraq 20 min Kanada dollarına qədər təhsil haqqı geri ödənişi edir.
Bu proqramların əsas məqsədi iqtisadi canlılığı qorumaq, məktəblərdə şagird sayını saxlamaq və yaşlanan əhali strukturunu balanslaşdırmaqdır. Hər proqramın özünəməxsus müraciət meyarları və geri ödəmə şərtləri mövcuddur.
Musavat.com