RU

Cəmşid Əmirov: “MİDA-nın 11 layihəsi tamamlanıb”  

“Fəaliyyətimiz yalnız Bakı şəhəri ilə məhdudlaşmır, bir çox regionları da əhatə edir”.

Musavat.com-un əməkdaşı xəbər verir ki, bunu Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Cəmşid Əmirov WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə bildirib.

C.Əmirov qeyd edib ki, ümumilikdə, agentlik 19 layihə həyata keçirib və bu günə qədər 11 layihə üzrə tikinti işləri tamamlanıb:

“Bu layihələr çərçivəsində 14 mindən çox əlçatan mənzil istifadəyə verilib. Eyni zamanda məmnunluqla qeyd etmək istərdim ki, işğaldan azad edilmiş ərazilərdə üç layihənin icrası da artıq başa çatdırılıb. Fəaliyyətimizin əsas mərhələlərinə nəzər salsaq, ilk olaraq agentlik gələcək layihələrin həyata keçirilməsi üçün əlverişli torpaq sahələrinin müəyyənləşdirilməsi məqsədilə davamlı araşdırmalar aparır. Bu zaman iş yerlərinə yaxınlıq və ekoloji baxımdan təmiz ərazilərin seçilməsi xüsusi önəm daşıyır. İkinci mərhələdə müvafiq torpaq sahələrinin ayrılması üçün dövlət qurumlarına müraciət edilir. Torpaq sahələri ayrıldıqdan sonra isə layihələndirmə prosesində tikinti standartları, təhlükəsizlik tələbləri və enerji səmərəliliyi kimi amillərə xüsusi diqqət yetirilir”.

Qurum rəsmisinin sözlərinə görə, vətəndaşlara təklif olunan mənzillərin qiyməti bazar dəyərindən təxminən 25 faiz və ya daha çox aşağıdır: “Bundan əlavə, aşağı faizli uzunmüddətli ipoteka krediti imkanından istifadə etmək mümkündür. Bu halda ilkin ödəniş məbləğin cəmi 10 faizini təşkil edir. Mənzillər vətəndaşlara tam təmirli şəkildə, mətbəx mebeli və istilik sistemi ilə təchiz olunmuş formada təqdim edilir. Eyni zamanda yaşayış kompleksləri şəhərin ekoloji cəhətdən təmiz, təhlükəsiz və əlverişli ərazilərində yerləşir”, C.Əmirov vurğulayıb.

Nigar Həsənli
Musavat.com

Избранный
9
1
musavat.com

2Источники