RU

Nazir müavini: Azərbaycanda mənzil maliyyələşdirilməsi modeli sosial inklüzivlik əsasında qurulub

Azərbaycanda formalaşdırılan mənzil maliyyələşdirilməsi modeli sosial inklüzivliklə maliyyə dayanıqlığının uzlaşdırılması prinsipi əsasında qurulub və dövlətin dəstəyi ilə bazar mexanizmlərinin balanslaşdırılmasına əsaslanır.

"APA-Economics" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə maliyyə nazirinin birinci müavini Anar Kərimov bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Mənzil maliyyələşdirilməsi üzrə yeni razılaşma” adlı tədbirdə bildirib.

Sessiyanın açılış mərasimində çıxış edən Anar Kərimov mənzil siyasətinin artıq yalnız tikinti və sosial təminat sahəsi ilə məhdudlaşmadığını, bu sahənin insan potensialının inkişafı, sosial sabitlik və inklüziv iqtisadi artım üçün strateji əhəmiyyət daşıdığını bildirib. Qeyd olunub ki, Azərbaycanda formalaşdırılan mənzil maliyyələşdirilməsi modeli sosial inklüzivliklə maliyyə dayanıqlığının uzlaşdırılması prinsipi əsasında qurulub və dövlətin dəstəyi ilə bazar mexanizmlərinin balanslaşdırılmasına əsaslanır.

Bundan əlavə, nazir müavini çıxışı zamanı mənzil maliyyələşdirilməsi sahəsində rəqəmsallaşma istiqamətində həyata keçirilən islahatlardan da bəhs edib, müraciət, qiymətləndirmə və təsdiq proseslərinin elektron platformalar üzərindən tam rəqəmsal şəkildə həyata keçirildiyini diqqətə çatdırıb. O, mənzil təminatına olan tələbin mövcud təklifi üstələdiyini qeyd edərək, daha şəffaf və sosial yönümlü bölgü mexanizmlərinin formalaşdırılması məqsədilə yeni rəqəmsal həllər üzərində iş aparıldığını bildirib. Həmçinin, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparıldığı və əhalinin mərhələli şəkildə həmin ərazilərə köçürülməsi prosesinin həyata keçirildiyi qeyd olunub.

Sessiyanın ilk hissəsində mənzil təminatının makroiqtisadi baxımdan mühüm sektor kimi çərçivələndirilməsi təqdim olunub. Daha sonra beynəlxalq maliyyə institutlarının nümayəndələri mövcud mənzil maliyyələşdirilməsi sistemlərinin əsas çağırışlarını, xüsusilə əlçatanlıq və sistem məhdudiyyətləri ilə bağlı məsələləri müzakirə ediblər.

Bildirilib ki, aşağı və orta gəlirli ölkələrdə mövcud mexanizmlər mənzilə çıxış imkanlarının genişləndirilməsi baxımından ciddi çətinliklərlə üzləşir və bu səbəbdən daha çevik və innovativ yanaşmalara ehtiyac var.

Panel müzakirələrdə şəhər rəhbərləri, çoxtərəfli inkişaf banklarının nümayəndələri və ekspertlər fiskal siyasət, torpaq idarəçiliyi, planlaşdırma sistemləri və maliyyə tənzimləmələrinin daha səmərəli uzlaşdırılması yollarını nəzərdən keçiriblər. Həmçinin, dövlət-özəl maliyyələşmə mexanizmləri, torpaq əsaslı maliyyələşmə, zəmanət alətləri, kirayə mənzil fondları və icma maliyyələşmə alətlərinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Sessiya interaktiv plenar müzakirə ilə yekunlaşıb və iştirakçılar mənzil maliyyələşdirilməsinin dayanıqlı inkişafın əsas sütunlarından biri kimi qəbul edilməsi, mövcud sistem məhdudiyyətlərinin aradan qaldırılması və ölkələr üzrə tətbiq oluna biləcək yeni yanaşmalar barədə fikir mübadiləsi aparıblar.

Nazir Nazir
Избранный
4
3
apa.az

4Источники