RU

Ölkəmizin şəhərsalma təcrübəsi dünyada maraqla qarşılanır

BMT-nin Məskunlaşma Proqramının Əfqanıstan üzrə ofis rəhbəri Stefani LUZ “Xalq qəzetin”nə açıqlamasında bildirdi: “Azərbaycanın təcrübəsi region üçün də çox dəyərli və maraqlı modeldir”.

Hazırda Kabildə fəaliyyət göstərən və uzun illərdən sonra yenidən Bakıda olmaqdan böyük sevinc və qürur hissi yaşadığını söyləyən qonaq dedi:

– Səmimi şəkildə demək istəyirəm ki, Azərbaycanın son illərdə dayanıqlı urbanizasiya, şəhərsalma və müasir şəhər idarəçiliyi sahəsində əldə etdiyi nailiyyətlər məni həqiqətən heyran etdi. Bakının inkişaf dinamikası, şəhərin müasir infrastrukturu, ictimai məkanların yaradılması və insanların rifahına yönəlmiş layihələr bir daha göstərir ki, burada gələcəyə hesablanmış baxış və strateji yanaşma mövcuddur.

Bu gün keçirilən müzakirələr zamanı panel iştirakçılarından biri Azərbaycanın öz vətəndaşları üçün həyata keçirdiyi sosial və urban təşəbbüslərdən danışdı. Xüsusilə parkların, ictimai istirahət zonalarının, yaşayış məntəqələrinin və şəhər məkanlarının yenidən qurulması istiqamətində görülən işlər diqqətimi cəlb etdi. Şəhərlərin yalnız iqtisadi deyil, eyni zamanda, sosial baxımdan da inklüziv və insanyönümlü şəkildə inkişaf etdirilməsi olduqca vacibdir və mən burada bunun real nümunəsini gördüm.

Bakıda həyata keçirilən layihələrdə insanların rahatlığına, təhlükəsizliyinə və həyat keyfiyyətinin yüksəldilməsinə xüsusi önəm verildiyi aydın hiss olunur. Müasir nəqliyyat infrastrukturu, abadlaşdırılmış küçələr, yaşıl zonaların genişləndirilməsi və şəhər estetikasına verilən önəm şəhərin ümumi simasını daha da cəlbedici edir.

UN-Habitat olaraq biz inanırıq ki, dayanıqlı şəhərlər yalnız binalardan və infrastrukturlardan ibarət deyil. Əslində, dayanıqlı şəhər insanların özlərini təhlükəsiz, rahat və cəmiyyətin bir hissəsi kimi hiss etdikləri məkandır. Azərbaycanda bu istiqamətdə görülən işlər bir çox ölkələr üçün də ilhamverici nümunə ola bilər.

Mən xüsusilə qeyd etmək istəyirəm ki, məskunlaşmanın insan mərkəzli yanaşma ilə həyata keçirilməsi gələcək nəsillər üçün daha yaşanıla bilən şəhərlərin formalaşdırılmasında mühüm rol oynayır. Bu baxımdan Azərbaycanın təcrübəsi region üçün də çox dəyərli və maraqlı modeldir.

Bir daha burada olmaqdan məmnunluq duyduğumu bildirir, göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm. Ümid edirəm ki, gələcəkdə də UN-Habitat ilə Azərbaycan arasında əməkdaşlıq daha da genişlənəcək və dayanıqlı şəhər inkişafı sahəsində yeni uğurlu təşəbbüslərin şahidi olacağıq.

N.ETİBAROĞLU
XQ

Избранный
15
xalqqazeti.az

1Источники