RU

Dosent: Urbanistika sahəsinin həddən artıq texnikiləşməsi qlobal problemdir

Urban planlaşdırma, memarlıq və urbanistika getdikcə daha texniki sahəyə çevrilir.

APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil və Təhsil: Memarlıq Kurikulumlarında Yaşayış Məkanının Rolu” adlı tədbirdə ADA Universitetinin Dövlət və Beynəlxalq Münasibətlər Məktəbində ictimai məsələlər üzrə dosent Anar Vəliyev deyib.

Anar Vəliyev qeyd edib ki, bu, müasir təhsil üçün ən böyük çağırışlardan biridir: “Hazırda gördüyüm əsas problem yalnız Azərbaycanda deyil, Avropa İttifaqının bir çox ölkəsində, hətta ABŞ-da belə urbanistika sahəsinin həddindən artıq texnikiləşməsidir. Əgər Azərbaycandakı kurikulumlara baxsaq, memarlıq məktəblərində tələbələr əsasən texniki bacarıqlar, rəsm, layihə alətləri və buna bənzər mövzular öyrənirlər. Amma urban sosiologiya, urban antropologiya, urban iqtisadiyyat, coğrafiya, tarix kimi fənlər kifayət qədər tədris olunmur.

Nəticədə tələbələr daha çox texnokratik və texniki yanaşmaya üstünlük verirlər, humanitar yanaşmadan isə uzaqlaşırlar. Məhz buna görə Azərbaycanda və keçmiş sovet ölkələrinin çoxunda yanaşma daha çox mühəndislik prizmasındandır. Yəni əsas məqsəd nəyisə tikməkdir, şəhəri bina baxımından qurmaqdır. Amma şəhəri insan üçün yaşanılası etmək məsələsi ikinci plana keçir”.

Избранный
3
1
apa.az

2Источники