RU

Zelenski Rusiyanın yeni hücum planını açıqladı: Kiyevə təhlükə artır

Ukrayna prezidenti Volodimr Zelenski Rusiyanın ölkənin şimal istiqamətində yeni genişmiqyaslı hücum hazırlığında ola biləcəyi barədə ciddi xəbərdarlıq edib.

Musavat.com xəbər verir ki, Zelenski bildirib ki, Ukrayna kəşfiyyatı Rusiyanın Çerniqov-Kiyev xətti üzrə mümkün hücum əməliyyatları planlaşdırdığına dair məlumatlar əldə edib.

Zelenski keçirdiyi qərargah müşavirəsində vəziyyətin detallı şəkildə təhlil olunduğunu və bütün mümkün ssenarilər üzrə cavab tədbirlərinin hazırlandığını deyib.

“Əgər Rusiya həqiqətən də təcavüzünü genişləndirməyə cəsarət etsə, bizim cavabımız hazır olacaq. Bu sektorda qüvvələrimizi artırırıq”, – deyə Ukrayna lideri vurğulayıb.

Zelenski bildirib ki, Ukrayna Xarici İşlər Nazirliyinə Belarusla bağlı əlavə diplomatik təsir mexanizmlərinin hazırlanması tapşırılıb. Kiyev hesab edir ki, Moskva Belarus ərazisindən istifadə etməklə müharibənin coğrafiyasını genişləndirməyə cəhd edə bilər. Ukrayna prezidenti həmçinin qeyd edib ki, ölkənin xüsusi xidmət orqanlarına da qeyri-ictimai xarakterli tapşırıqlar verilib.

Rusiya ilə bağlı digər istiqamətlərə toxunan Zelenski Moskvanın əlavə 100 min nəfərlik yeni səfərbərlik planı üzərində işlədiyinə dair məlumat aldıqlarını bildirib. Onun sözlərinə görə, Kreml bunu gizli şəkildə həyata keçirmək imkanına malik deyil və buna görə də Moskvanın başqa siyasi gedişlərə əl atacağı ehtimal olunur. Zelenski son günlərdə Moldovanın separatçı Dnestryanı bölgəsi ilə bağlı Rusiyanın atdığı addımları da bu kontekstdə dəyərləndirib.

“Ukraynanın vəzifəsi dövləti elə gücləndirməkdir ki, Rusiyanın şimal istiqamətində müharibəni genişləndirmək üçün hazırladığı beş ssenaridən heç biri uğur qazanmasın”, – deyə o əlavə edib.

Zelenskinin bu açıqlaması Ukraynanın yaxın aylarda şimal sərhədlərində yeni təhlükə gözlədiyinə dair ən açıq mesajlardan biridir.

E.Məmmədəliyev,
Musavat.com

Избранный
31
musavat.com

1Источники