RU

WUF13 çərçivəsində gənclərin şəhərsalma və dekolonizasiya proseslərində roluna dair konfrans keçirilir

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Dekolonizasiya prosesində gənclərin şəhərsalmada oynadığı rol" mövzusunda beynəlxalq konfrans keçirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, tədbir Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunub və təşkilatın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrinin gənc nümayəndələri tərəfindən yaradılmış Qlobal Cənub Gənclər Platformasının ilk beynəlxalq görüşü olacaq.

Sessiya çərçivəsində iştirakçılar müstəmləkəçilik və neomüstəmləkəçiliyin nəticələrinin aradan qaldırılmasında gənclərin rolunu, həmçinin Qlobal Cənub ölkələrinin nümayəndələri arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər.

Konfransda müxtəlif regionlardan olan gənclər təşkilatları arasında koordinasiyanın gücləndirilməsi, azlıqlara qarşı ayrı-seçkilik və insan hüquqlarının pozulması halları barədə məlumatlılığın artırılması, eləcə də bu sahədə praktiki beynəlxalq təşəbbüslərin təşviqi məsələlərinə baxılacaq.

Tədbirdə hazırkı və keçmiş müstəmləkələrdən olan, Qlobal Cənub Gənclər Platforması üzvləri də daxil olmaqla 22 ölkənin nümayəndələrinin iştirakı gözlənilir. İştirakçılar arasında gənc tədqiqatçılar, beynəlxalq hüquq üzrə mütəxəssislər, səhiyyə sahəsinin nümayəndələri, gənclik liderləri, müstəqilliyi müdafiə edən siyasi partiya və təşkilatların nümayəndələri, eləcə də universitet tələbələri yer alırlar.

Konfransda ilk dəfə olaraq BMT-nin Gənclər Ofisi (United Nations Youth Office) də iştirak edir.

Müzakirələrin yekununda beynəlxalq gənclər həmrəyliyinin inkişafına, dekolonizasiya və insan hüquqlarının müdafiəsi sahəsində birgə fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş təklif və tövsiyələrin irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, "yaşıl" urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə "WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə" ("WUF13 NGO Forum") keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Xəbər yenilənəcək

Избранный
20
2
day.az

4Источники