RU

Ailə sürücüsü şirkət rəhbərinin otağından oğurladığı pulları kazino oyunlarında uduzdu – HÖKM

Binəqədi Rayon Məhkəməsində oğurluqda təqsirləndirilən Ramil Abbasovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.


Qeyd: İbtidai istintaq orqanı tərəfindən Ramil Abbasova qarşı irəli sürülmüş ittihama əsasən, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirməkdə, yəni oğurluq əməli törətməkdə təqsirləndirilir.


İttihamda göstərilib ki, hadisə 2025-ci ildə Bakı şəhəri, Binəqədi rayonu, 22-ci Dağlıq küçəsində yerləşən taksi şirkətinin ofisində baş verib.


Belə ki, təqsirləndirilən şəxs həmin vaxt həm işlədiyi, həm də müvəqqəti yaşadığı ofisdə olarkən zərərçəkmiş Əsab Pənahova (soyadı şərtidir) məxsus xidməti otağa daxil olub. O, saxlanc yeri hesab edilən dolabın siyirtməsinin kilidli olmamasından istifadə edərək orada saxlanılan pul vəsaitini gizli şəkildə götürüb.


Müəyyən edilib ki, həmin pul vəsaiti ümumilikdə 1 460 manat təşkil edib. Ramilin hərəkətləri nəticəsində zərərçəkmişə qeyd olunan məbləğdə maddi ziyan dəyib.


Bu əsasla ibtidai istintaq orqanı tərəfindən Ramil Abbasova Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış, xidmət və ya saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilən oğurluq) maddəsi ilə ittihamı irəli sürülüb.


Məhkəmə baxışı zamanı dindirilən o, özünü təqsirli bildiyini və ifadəsində törətdiyi əməli etiraf edib.


Ramil Abbasov dindirilərkən göstərib ki, əvvəllər Əsab müəllimin şəriki olan Muraz adlı şəxsin ailə sürücüsü işləyib. Valideynlərini itirdikdən sonra yaşayış yeri olmadığı üçün iş yerinin ofisində qalmağa başlayıb.


Onun sözlərinə görə, həmin dövrdə onlayn kazino oyunlarına aludə olub və böyük məbləğdə pul uduzub. Məhz bu səbəbdən ofisdə saxlanılan pul vəsaitini götürərək qumar oyunlarında istifadə edib.


Təqsirləndirilən şəxs bildirib ki, məqsədi uduzduğu pulları geri qaytarmaq və sonradan götürdüyü vəsaiti yerinə qoymaq olub.


Ramil qeyd edib ki, ilk dəfə dolabdan 200 manat, daha sonra 300 manat, sonradan isə 500 manat götürərək onlayn kazino oyunlarına yatırıb:


“Fikirləşirdim ki, oyunda udaram və həm əvvəlki zərəri, həm də götürdüyüm pulları geri qaytararam. Amma uduzduğum vəsaiti geri qazana bilmədim”.


O əlavə edib ki, baş verən hadisədən sonra öz hərəkətinə görə utandığından iş yoldaşı Cəlil adlı sürücünü çağıraraq etdiklərini etiraf edib.
 

Ramilin sözlərinə görə, Cəlilə bildirib ki, ona göstərilən yaxşılığın qarşılığında bu addımı atdığı üçün Muraz müəllimin üzünə baxmağa utanır və buna görə iş yerini tərk etmək qərarı verib. Eyni zamanda pulu sonradan qaytaracağını da deyib.


Təqsirləndirilən şəxs ifadəsində əlavə edərək ki, Ayxan adlı digər əməkdaş ona həmin gecə qalmaq üçün yer təklif edib və o, iş yoldaşının kirayədə yaşadığı evdə gecələyib. Növbəti gün səhər saatlarında isə həmin ünvana polis əməkdaşları gəlib.


Məhkəmədə verilən əlavə suallara cavab olaraq o, ümumilikdə 1 460 manat götürdüyünü təsdiqləyib.
 

Məhkəmə istintaqı zamanı araşdırılan sübutlar və tərəflərin ifadələri nəticəsində isə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymətləndirmə yenidən aparılıb.


Araşdırma zamanı müəyyən olunub ki, istintaq orqanının irəli sürdüyü Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibi tam təsdiqini tapmayıb və əməl daha yüngül, həmin Məcllənin 177.1-ci maddəsi, yəni sadə oğurluq tərkibi üzrə qiymətləndirilib.


Kamal Məmmədov 


Tarix: 20 May 2026, 08:32   
Избранный
81
2
pravda.az

3Источники