RU

Davamlı stress bədən və psixikaya necə təsir edir?

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər stress təkcə emosional gərginlik kimi deyil, həm də insan orqanizminə birbaşa təsir edən ciddi bioloji faktor kimi qiymətləndirilir. 

Gündəlik həyatın sürəti, iş və sosial təzyiqlər, eləcə də davamlı narahatlıq hissi bir çox insanda həm psixoloji, həm də fiziki simptomların yaranmasına səbəb olur. Məhz buna görə də stressin yalnız psixoloji vəziyyət olub-olmaması, onun bədəndə hansı dəyişikliklər yaratması və hansı mərhələdə artıq riskli hala çevrilməsi sualı daha aktual xarakter alır.

Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “ Cebheinfo.az”-a bildirib ki, stress bədəndə fiziki problemlərə səbəb ola bilər:

“Davamlı stress immunitet sistemini zəiflədərək orqanizmdə mövcud olan xəstəliklərin daha da aqressivləşməsinə yol aça bilər. Bəzi ağrıların xronikiləşməsinə və somatik, yəni psixoloji səbəblərlə yaranan fiziki ağrıların meydana çıxmasına səbəb ola bilər. Buna görə də stressin təsiri sadəcə psixoloji deyil, fiziki sağlamlıqda da özünü göstərə bilir. 

Baş ağrısı, ürək döyüntüsü, yorğunluq, nəfəs darlığı və ya bədəndə müxtəlif ağrılar kimi əlamətlər həm fiziki xəstəliklərin, həm də psixoloji stressin nəticəsi ola bilər. İnsanlar çox vaxt bu iki vəziyyəti ayırd etməkdə çətinlik çəkirlər. Buna görə ilk növbədə tibbi müayinə vacibdir. Əgər aparılan yoxlamalar və verilən müalicələrdən sonra şikayətlər davam edirsə, hər hansı ciddi fiziki səbəb aşkarlanmırsa, bu zaman problemin psixoloji mənşəli olma ehtimalı artır.

Stress zamanı yaranan simptomlar adətən gərginlik, narahatlıq, qorxu, yuxusuzluq və emosional yüklənmə dövrlərində daha da artır. İnsan stressli vəziyyətdə olarkən ürək döyüntüsünü daha çox hiss edə, baş ağrıları sıxlaşa və ya davamlı yorğunluq yaşaya bilər. Uzun müddətli stress isə bu əlamətlərin xronikiləşməsinə səbəb ola bilər. Həm fiziki, həm də psixoloji sağlamlıq birlikdə qiymətləndirilməlidir. Bəzən insanın yaşadığı fiziki şikayətlərin altında əsas səbəb davamlı stress, təşviş və ya emosional gərginlik olur”.

Psixoloq qeyd edir ki, uzunmüddətli stress insanın gündəlik həyat keyfiyyətinə təsir etməyə başladıqda, artıq ciddi psixoloji problem kimi qiymətləndirilə bilər. Şəxsi münasibətlərin pozulması, iş fəaliyyətinin zəifləməsi və sosial həyatdan uzaqlaşma kimi hallar stressin sadə gərginlik mərhələsini keçdiyini göstərir. Belə vəziyyətlərdə vaxtında psixoloq və ya psixiatr dəstəyi almaq problemin daha da dərinləşməsinin qarşısını almaq üçün vacibdir.

Aişə

“Cebheinfo.az”

Açar sözlər:

stress Rövşən Nəcəfov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
28
1
cebheinfo.az

2Источники