RU

Hansı heyvanlardan qurban kəsilə bilər? – Din xadimindən açıqlama

Qurban ibadəti İslam dinində mühüm yer tutan dini əməllərdən biridir və müəyyən qaydalar çərçivəsində icra olunur. Bu ibadətin düzgün yerinə yetirilməsi üçün həm heyvan seçimi, həm də kəsim qaydaları xüsusi əhəmiyyət daşıyır.27, 28 may tarixlərində qeyd olunacaq  Qurban bayramı ilə bağlı bilməli olduğumuz bir sıra məqamlar var.

Mövzu ilə bağlı  Oxu24.com-a açıqlama verən din xadimi Qamət Süleymanov bildirir ki, qurbanlıq heyvanlar müəyyən kateqoriyalara daxildir və bunlara əsasən dəvə, inək (dana və ya camış), qoyun və keçi aiddir. Bu heyvanlar qurban ibadəti üçün şəriət baxımından uyğun hesab olunur.

Onun sözlərinə görə, qoyun və keçi üçün minimum yaş həddi adətən bir yaş hesab olunur, lakin bəzi hallarda qoyunun altı aylıq olub fiziki baxımdan yetkin görünməsi də kifayət edə bilər. İnək və dana üçün bu yaş həddi iki il, dəvə üçün isə beş il olaraq qəbul edilir. Bu şərtlər heyvanın qurbanlıq üçün yetkin sayılması ilə bağlıdır.


Qamət Süleymanov qeyd edir ki, dişi və ya erkək heyvan olması qurbanın qəbul olunmasına maneə yaratmır. Əsas şərt heyvanın sağlam olması, qüsursuz və qurbanlıq yaş həddinə uyğun olmasıdır.
Mütəxəssis vurğulayır ki, bir evdə yaşayan ailə üzvləri qurbanı birlikdə niyyət edərək kəsə bilərlər. Yəni ata və ya ailə başçısı qurbanı kəsərkən niyyətində ailəsinin digər üzvlərini də şərik edə bilər və bu halda savab bütün ailə üzvlərinə aid olur. Həmçinin bəzi hallarda vəfat etmiş şəxslərin ruhuna da niyyət edilərək qurban kəsilməsi mümkündür.


Böyük heyvanların – xüsusilə inək və dəvənin – bir neçə nəfər tərəfindən şərikli şəkildə kəsilməsi də şəriətə uyğundur. Adətən bir böyük heyvana yeddi nəfərə qədər şərik olmaq icazəlidir. Qoyun və keçi isə yalnız bir nəfərin adına kəsilir.


Qamət Süleymanov həmçinin bildirir ki, qurban kəsilməsi üçün əsas şərt insanın müsəlman olmasıdır. Namaz qılmaq üstünlük sayılsa da, qurbanın qəbul olunması üçün əsas meyar müsəlmanlıqdır. Qurban kəsərkən “Bismillah” deyilməsi vacib şərtlərdən biridir. Kəsim zamanı Allahın adının zikr olunması ibadətin düzgün yerinə yetirilməsinin əsas hissəsi hesab edilir.


Din xadimi əlavə edir ki, qurbanın kəsilməsində ən çox yol verilən səhvlərdən biri qiymət və heyvan üzərində mübahisə aparılmasıdır. Qurban kəsildikdən sonra artıq həmin ətin bölgüsü dini qaydalara uyğun şəkildə aparılmalıdır və əsas məqsəd ibadətin yerinə yetirilməsidir.

Избранный
13
1
hit.az

2Источники