RU

Müharibələrlə dağıdılan dünya üçün Azərbaycan təcrübəsi

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçirilməsi təkcə şəhərsalma və urbanizasiya məsələlərinin müzakirə olunduğu beynəlxalq platforma deyil, həm də Azərbaycanın yeni geosiyasi və geoiqtisadi statusunun dünyaya təqdim olunduğu strateji hadisədir. Forum bir daha onu göstərdi ki, Azərbaycan artıq yalnız regional siyasi aktor deyil, qlobal dialoq və əməkdaşlıq platformasına çevrilib. Forumun yüksək səviyyədə təşkili isə Azərbaycanın böyükmiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində qazandığı təcrübənin və idarəçilik imkanlarının növbəti nümayişidir.

Bu forum təxminən il yarım əvvəl Bakının ev sahibliyi etdiyi COP29-dan sonra Azərbaycanda keçirilən növbəti ən mühüm qlobal platformadır. WUF13-ə beynəlxalq ictimaiyyətin marağı son dərəcə böyükdür və bunu qeydiyyatdan keçmiş iştirakçıların sayının rekord həddə olması sübut edir. Hər halda, bu forumun Azərbaycanda keçirilməsi barədə qərar verən beynəlxalq qurumlar da məhz ölkəmizin üzərinə götürdüyü öhdəlikləri hər zaman yüksək səviyyədə icra etməsini nəzərə almışlar. Digər tərəfdən, müasir texnoloji inkişaf dövründə Azərbaycanın bu sahədə əldə etdiyi irəliləyişlər onun dünya şəhərsalma mədəniyyətinə də mühüm töhfələr verə biləcəyini göstərir.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı isə forumun siyasi və strateji mahiyyətini daha da qabarıq şəkildə nümayiş etdirdi. Dövlət başçısı çıxışında dayanıqlı şəhərsalma, müasir urbanizasiya çağırışları, postmünaqişə dövründə quruculuq siyasəti və Azərbaycanın yaşıl inkişaf modeli ilə bağlı mühüm mesajlar verdi. Prezident İlham Əliyevin forumda səsləndirdiyi əsas mesajlardan biri də Azərbaycanın postmünaqişə dövründə yaratdığı yeni reallıqlar idi. Dövlət başçısı vurğuladı ki, azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, yeni şəhərlər salınır, infrastruktur yenidən qurulur və region müasir inkişaf modelinə uyğun transformasiya edilir. Bu isə beynəlxalq investorlar və maliyyə institutları üçün yeni iqtisadi imkanlar yaradır.

Əslində WUF13 Azərbaycanın iqtisadi strategiyası baxımından da mühüm platformadır. Forumda iştirak edən beynəlxalq şirkətlər, investorlar və urbanistika üzrə ixtisaslaşmış qurumlar Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrə xüsusi maraq göstərirlər. “Ağıllı şəhər”, yaşıl enerji, rəqəmsal texnologiyalar, logistika, infrastruktur və turizm layihələri gələcəkdə regiona xarici investisiyaların cəlb olunmasını sürətləndirə bilər. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı üçün yaradılan şərait göstərir ki, Azərbaycan yalnız şəhərlər inşa etmir, eyni zamanda müasir və təhlükəsiz həyat mühiti formalaşdırır.

Bu təcrübə beynəlxalq səviyyədə şəhərsalma sahəsində tətbiq oluna biləcək mühüm nümunələrdən biridir. Çünki bu gün dünyanın müxtəlif bölgələrində davam edən müharibələr nəticəsində şəhərlər dağıdılır, yaşayış məntəqələri məhv edilir və milyonlarla insan öz yurd-yuvasından didərgin düşür. Müharibənin ağır nəticələrini yaşamış və dağıdılmış şəhərləri yenidən quran ölkə kimi Azərbaycanın təcrübəsi dünya üçün xüsusi əhəmiyyət daşıyır.

Digər tərəfdən belə beynəlxalq forumlar qarşılıqlı təcrübə mübadiləsi baxımından da mühüm rol oynayır. Azərbaycan bu tədbir vasitəsilə şəhərsalma, urbanizasiya, dayanıqlı inkişaf, nəqliyyat, ekoloji planlaşdırma və “yaşıl şəhər” modelləri sahəsində dünyada tətbiq olunan ən son yeniliklərlə yaxından tanış olmaq imkanı əldə edəcək. Bu isə gələcəkdə ölkəmizdə həyata keçiriləcək layihələrin daha da təkmilləşdirilməsinə töhfə verə bilər. Əslində forumun ən mühüm mesajı da budur: gələcəyin savaşları təkcə sərhədlər uğrunda deyil, yaşamaq üçün uyğun şəhərlər uğrunda olacaq.

Dünya sürətlə dəyişir və şəhərlər artıq sadəcə beton binalar toplusu deyil. Şəhərlər gələcəyin iqtisadiyyatı, texnologiyası, təhlükəsizliyi və həyat modeli deməkdir. Azərbaycan isə gələcək dünyanın ilk doğru təməlləri üzərində inkişaf edir.

Fəzail İbrahimli

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
1
xalqqazeti.az

2Источники