RU

"Prezident İlham Əliyevin müsahibələri hər zaman böyük maraqla qarşılanır"

BAKI, 19 may. TELEQRAF

Ötən gün Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib. Dövlət başçısı müsahibəsində Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi, Yaxın Şərqdə baş verən hadisələrin regiona təsiri və digər məsələlərlə bağlı öz fikirlərini diqqətə çatdırıb.

Mövzu ilə bağlı Teleqraf-a açıqlama verən Milli Məclisin deputatı Səbinə Salmanova deyib ki, Prezident İlham Əliyevin xarici televiziya kanallarına və nüfuzlu informasiya agentliklərinə verdiyi müsahibələr hər zaman həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Onun sözlərinə görə, bu müsahibələr dövlət siyasətinin mahiyyətinin, Azərbaycanın milli maraqlarının və regional proseslərə baxışının qlobal auditoriyaya dolğun və dəqiq şəkildə çatdırılması baxımından mühüm rol oynayır:

"Xüsusilə, dövlət başçısı müsahibəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs edib, Azərbaycanın enerji siyasətini, postmünaqişə dövründə ölkəmizin prioritetlərini ardıcıl və prinsipial şəkildə təqdim edib.

Həmçinin Prezident müsahibəsində Azərbaycanın WUF13-ə ev sahibliyi etməyinin böyük şərəf olduğunu qeyd edərək tədbirdə 182 ölkənin təmsil olunduğunu bildirib. Hesab edirəm ki, forumdakı iştirakçı sayının rekord həddə çatması təsadüfi deyil. Bu, bir tərəfdən şəhərsalma və davamlı inkişaf məsələlərinin qlobal gündəlikdə nə qədər mühüm yer tutduğunu nümayiş etdirirsə, digər tərəfdən Azərbaycanın beynəlxalq etimad və tərəfdaşlıq məkanına çevrildiyini təsdiqləyir. Bu gün Azərbaycan yalnız enerji, nəqliyyat və geosiyasi təşəbbüslərlə deyil, həm də müasir şəhərsalma modeli, dayanıqlı inkişaf konsepsiyası və postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı quruculuq proqramı ilə beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. WUF13 kimi nüfuzlu platformanın Bakıda keçirilməsi ölkəmizin qlobal şəhərsalma gündəliyinin formalaşmasında artıq fəal iştirakçıya çevrildiyini göstərir”.

Deputat bildirib ki, Prezidentin müsahibəsində əsas diqqətçəkən məqamlardan biri də işğaldan azad edilmiş ərazilərdə aparılan misilsiz bərpa-quruculuq işləri və Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsi ilə bağlıdır:

“Bu gün artıq 85 mindən çox insanın öz doğma yurdlarında yaşaması Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin real nəticəsi, dövlət-vətəndaş birliyinin və Prezident İlham Əliyev tərəfindən verilən vədin uğurla icra edilməsinin göstəricisidir. Otuz ilə yaxın işğal dövründə Ermənistan tərəfindən tamamilə dağıdılmış, şəhər və kəndləri viran qoyulmuş, tarixi-mədəni və dini abidələri vandalizmə məruz qalmış Qarabağ və Şərqi Zəngəzurda bu gün yeni həyat qurulur. Azərbaycan dövləti həmin ərazilərdə yalnız infrastrukturun bərpasını həyata keçirmir, eyni zamanda region üçün tamamilə yeni inkişaf modeli formalaşdırır. Müasir şəhərsalma yanaşmaları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları, yaşıl enerji zonalarının yaradılması, rəqəmsal idarəetmə sistemləri, ekoloji tarazlığın qorunması və yüksək sosial rifah standartları işğaldan azad olunmuş əraziləri gələcəyin ən modern yaşayış məkanlarına çevirir. Prezidentin səsləndirdiyi rəqəmlər də həyata keçirilən işlərin miqyasını aydın şəkildə ortaya qoyur. Ümumi uzunluğu 75 kilometr olan tunellərin 70 kilometrinin artıq istifadəyə verilməsi, 500 körpüdən 435-nin tikilməsi dövlətin bu bölgələrin sürətli inkişafına nə qədər böyük resurs və siyasi iradə yönəltdiyini nümayiş etdirir. Yeni yollar, hava limanları, dəmir yolu xətləri, enerji və kommunikasiya infrastrukturu Qarabağ və Şərqi Zəngəzuru Azərbaycanın iqtisadi və strateji inkişafının mühüm mərkəzlərindən birinə çevirir. Ən önəmlisi isə budur ki, bütün bu quruculuq prosesi yalnız binaların və yolların tikintisi deyil, insanların doğma torpaqlara qayıdışı, milli yaddaşın bərpası və tarixi ədalətin təntənəsidir. Bu gün Qarabağda məktəblər fəaliyyət göstərir, xəstəxanalar qurulur, insanlar işləyir, yaşayır, övladlarını öz doğma torpaqlarında böyüdürlər. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı artıq strateji konsepsiyadan reallığa çevrilib və yaxın illərdə Qarabağla Şərqi Zəngəzur dünyanın ən gözəl, ən müasir və ən təhlükəsiz yaşayış məkanlarından biri olacaq”.

S.Salmanova həmçinin qeyd edib ki, Azərbaycan bu gün təkcə regionun deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyində strateji rol oynayan əsas dövlətlərdən birinə çevrilib:

“Xüsusilə 2020-ci ildən sonra Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə Azərbaycanın enerji diplomatiyasında yeni mərhələ başlanıb. Bu nəhəng layihə ölkəmizin zəngin enerji resurslarını etibarlı marşrutlarla dünya bazarlarına çıxarmaqla yanaşı, Avropanın enerji xəritəsində də mühüm dəyişikliklərə səbəb olub. Bu gün artıq Azərbaycan qazı 16 ölkəyə ixrac edilir. Boru kəmərləri vasitəsilə qaz tədarük olunan ölkələrin sayına görə Azərbaycanın dünyada birinci yerdə olması ölkəmizin enerji sahəsində qazandığı böyük uğurun göstəricisidir. Xüsusilə Avropa İttifaqına üzv 10 dövlətin Azərbaycan qazından istifadə etməsi ölkəmizə olan etimadın və əməkdaşlığın yüksək səviyyəsinin bariz nümunəsidir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan təbii qaz alır və bu coğrafiya ildən-ilə genişlənir. Azərbaycanın enerji siyasətinin əsas üstünlüklərindən biri etibarlı tərəfdaş imicidir. Dünyada enerji təhlükəsizliyinin strateji məsələ kimi ön plana çıxdığı bir dövrdə Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirərək etimad qazanan dövlət kimi çıxış edir. Məhz buna görə də bu gün bir sıra ölkələr Azərbaycanla enerji əməkdaşlığını genişləndirmək, yaxud bu əməkdaşlığa yeni başlamaq üçün müraciətlər edir. Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən enerji strategiyası nəticəsində ölkəmiz beynəlxalq enerji təhlükəsizliyinin formalaşmasında mühüm söz sahibi olan aktora çevrilib”.

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı isə bildirib ki, Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunu və strateji əhəmiyyətini bir daha ortaya qoydu:

"Müsahibədə səslənən fikirlər Azərbaycanın regional sabitliyə, qlobal əməkdaşlığa və müasir inkişaf modellərinə töhfə verən güclü dövlət olduğunun göstəricisidir. Bakının WUF13 Dünya Şəhərsalma Forumuna ev sahibliyi etməsi Azərbaycanın qlobal şəhərsalma gündəliyində mühüm yer tutduğunu nümayiş etdirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma layihələri dünyaya yeni inkişaf modeli təqdim edir. Qarabağ və Şərqi Zəngəzurda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji layihələrinin icrası, müasir infrastrukturun qurulması dövlətimizin gələcəyə hesablanmış siyasətinin nəticəsidir. Beş il ərzində sıfırdan yaradılan yollar, tunellər, körpülər, yaşayış məntəqələri və enerji infrastrukturu ölkəmizin siyasi iradəsinin və iqtisadi gücünün göstəricisidir".

Günay Ağamalı qeyd edib ki, müsahibədə diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu ilə bağlıdır: "Günümüzdə ölkəmiz 16 dövlətə qaz ixrac edir və Azərbaycan etibarlı tərəfdaş kimi dünya dövlətləri tərəfindən qəbul olunur. Məhz dövlət başçımızın yürütdüyü praqmatik və zərgər dəqiqliyi ilə hesablanmış enerji siyasəti nəticəsində ölkəmiz strateji baxımdan daha da güclənib. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin mühüm dayaqlarındandır.

İlham Əliyevin diplomatiya ilə bağlı səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan hər zaman əməkdaşlıq tərəfdarı kimi çıxış edib. Bu gün regionda və dünyada mürəkkəb geosiyasi proseslərin yaşandığı bir dövrdə Azərbaycanın balanslı xarici siyasəti ölkəmizi etibarlı və sabit tərəfdaşa çevirib. Dövlət başçımızın vurğuladığı kimi, enerji və nəqliyyat marşrutlarının təhlükəsizliyi etimad və uzunmüddətli əməkdaşlıq tələb edir.

Müsahibə ölkəmizin öz gündəliyini özü müəyyən edən, qlobal proseslərdə söz sahibi olan və beynəlxalq aləmdə nüfuzu davamlı şəkildə artan dövlət olduğunu önə çəkir. Əminliklə demək olar ki, Azərbaycanın əldə etdiyi uğurların yeganə müəllifi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz qarşıdakı dövrdə daha böyük yüksəkliklərə nail olacaqdır".

Избранный
23
50
teleqraf.com

10Источники