RU

Bu Forum dünya və Azərbaycan üçün strateji əhəmiyyət daşıyır - Rəy

Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakı növbəti dəfə beynəlxalq şəhərsalma gündəminin mərkəzinə çevrilib. BMT-nin Şəhərsalma Forumu çərçivəsində keçirilən müzakirələr təkcə Azərbaycanın deyil, ümumilikdə qlobal urban inkişaf proseslərinin gələcəyinə dair mühüm mesajlar formalaşdırır. Dayanıqlı inkişaf, müasir texnologiyalar və post-münaqişə bölgələrinin bərpası kimi aktual mövzuların ön plana çıxdığı forum, ölkənin həm təşkilatçılıq potensialını, həm də şəhərsalma sahəsindəki təcrübəsini beynəlxalq səviyyədə təqdim edən mühüm platforma kimi çıxış edir.

“Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Hafta.az-a açıqlamasında bildirib ki, VUF-13 Forumu həm Azərbaycanın, həm də dünya prosesləri üçün əhəmiyyətli olmaqla iki istiqamətə və iki əsas nəticəyə malikdir. Onun sözlərinə görə, 13-cü Şəhərsalma Forumunun Bakıda keçirilməsini yalnız Azərbaycan üçün əhəmiyyətli hadisə kimi qiymətləndirmək düzgün deyil, eləcə də bunu yalnız təşkilatçı və iştirakçı tərəflərin maraqları çərçivəsində məhdudlaşdırmaq olmaz. Bu tədbir həm Azərbaycan, həm də bütövlükdə dünya şəhərsalma və qlobal urban mədəniyyətinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

A.Quliyev hesab edir ki, Forumun dünyaya verəcəyi mesajları bir neçə istiqamətdə qeyd etmək mümkündür:

“İlk növbədə, bu tədbir Azərbaycanın belə mötəbər beynəlxalq tədbirləri keçirmək üçün kifayət qədər iqtisadi-maliyyə imkanlarına və təşkilatçılıq təcrübəsinə malik olduğunu nümayiş etdirir. Hər halda, bu forumun Azərbaycanda keçirilməsi barədə qərar verən beynəlxalq qurumlar da məhz ölkəmizin üzərinə götürdüyü öhdəlikləri hər zaman yüksək səviyyədə icra etməsini nəzərə almışlar. Digər tərəfdən, müasir texnoloji inkişaf dövründə Azərbaycanın bu sahədə əldə etdiyi irəliləyişlər onun dünya şəhərsalma mədəniyyətinə də mühüm töhfələr verə biləcəyini göstərir. Bu baxımdan, müasir texnoloji tələblərə uyğun şəhərsalma mədəniyyətinə Azərbaycanın verəcəyi töhfələr qlobal miqyasda əhəmiyyətli mesajlar kimi çıxış edəcək.
Eyni zamanda, xarici iştirakçılar üçün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma və şəhərsalma prosesləri xüsusi maraq doğurur. Azərbaycan həmin ərazilərdə yalnız bərpa işləri aparmır, eyni zamanda bu prosesi müasir şəhərsalma standartlarına və texnoloji tələblərə uyğun şəkildə həyata keçirməyə çalışır. Müasir şəhərsalma mədəniyyəti ilə bağlı beynəlxalq subyektlər də Azərbaycanın timsalında bu real təcrübəni yaxından izləyirlər. Çünki Azərbaycan işğaldan azad olunmuş bölgələrdə şəhərsalmanı sadəcə mövcud modellərin təkrarı kimi deyil, innovativ yanaşmalar və yeni həllərlə həyata keçirir.

Bu yeniliklər və innovasiyalar Azərbaycanı şəhərsalma sahəsində fərqləndirən əsas amillərdən biridir. Eyni zamanda, bu sahədə əldə olunan təcrübənin dünya şəhərsalma prosesinə transferi Azərbaycanın ən mühüm töhfələrindən biri kimi qiymətləndirilə bilər”.

A.Quliyevin fikrincə bu forumun nəticələri yalnız Azərbaycanın milli şəhərsalma təcrübəsinə deyil, həm də qlobal şəhərsalma mədəniyyətinin inkişafına mühüm təsir göstərəcək.

Избранный
18
hafta.az

1Источники