
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) ötən gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib.
Yeniavaz.com xəbər verir ki, Bakıda müşahidə olunan intensiv yağışlar, eləcə də paytaxtda keçirilən WUF13 beynəlxalq tədbiri ilə əlaqədar tətbiq olunan nəqliyyat məhdudiyyətlərinə görə imtahana gecikənlər olub.
DİM tərəfindən müəyyən qədər gecikən şəxslərin imtahanda iştirakına şərait yaradılsa da, yuxarıda sadalanan səbəblərdən imtahan məntəqələrinə vaxtında çata bilməyən tələbələrin sayı az deyil.
Sosial şəbəkələrdə paylaşım edən imtahan iştirakçıları yolların bağlanması və ictimai nəqliyyatda yaranan gecikmələr səbəbindən imtahana gecikdiklərini, bəziləri isə ümumiyyətlə imtahanda iştirak edə bilmədiklərini bildiriblər.
Yaranmış vəziyyət fonunda imtahana gecikən və ya iştirak edə bilməyən şəxslərlə bağlı hər hansı güzəşt mexanizminin tətbiq olunub-olunmayacağı maraq doğurur.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) sorğu ünvanladıq. Qurumdan Yeniavaz.com-a bildirildi ki, yekun qərar qəbul edildikdən sonra ictimaiyyətə açıqlama veriləcək.
Fəridə Əsədzadə