RU

Dənizdə itkin düşən balıqçının meyiti aşkarlandı - 1 ay idi axtarırdılar...

Xəzər dənizində 1 aydan artıq davam edən axtarışların ardından 45 yaşlı balıqçı Rahim Osmanovun meyiti Neft Daşları yaxınlığında aşkar olunub. Ailəsinin həftələrlə davam edən gözləntisi, dövlət qurumlarına ardıcıl müraciətləri və “bəlkə sağ qalıb” ümidi bu gün faciəli sonluqla bitib.

Rahim Osmanov bu il aprelin 13-də qardaşı oğlu ilə birlikdə balıq ovuna çıxmışdı. Onların qayığı sahildən onlarla kilometr uzaqlıqda, Xəzərin sənaye platformaları ilə məşhur “Neft Daşları” istiqamətində qəfil pisləşən hava şəraitinə düşmüşdü. Güclü külək və dalğalar kiçik qayığı nəzarətdən çıxarıb, nəticədə iki nəfər estakadaya sığınmağa çalışarkən qəza baş verib.

Ailə üzvlərinin Musavat.com-a verdiyi məlumata görə, Rahim Osmanov qardaşı oğlunu xilas etməyə çalışdığı an qayığın çevrilməsi nəticəsində suya düşərək itib. Hadisə şahidlərinin dediyinə görə, ona kəndir atılsa da, bir neçə saniyə içində dəniz onu görünməz edib. Dövlət Sərhəd Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə tədbirlər zamanı Rahim Osmanovun meyiti Neft Daşlarının platforması yaxınlığında aşkar olunub.

Onun həyat yoldaşı Fatimə Əliyeva günlərlə davam edən axtarışların nəticəsiz qalmasından şikayət edərək daha əvvəl Musavat.com-a demişdi ki, ailə hər gün yeni bir xəbər ümidi ilə yaşayır:
“Mayın 13-də Rahimin itkin düşməsinin bir ayı tamam olacaq. Hər gün ondan soraq gözləyirik...”
İndi isə həmin ailə üçün gözlənti mərhələsi başa çatıb. Geridə isə üç uşağın atasız qalması və Xəzərdə həyatını riskə atan kiçik balıqçıların təhlükəsizliyi ilə bağlı yenidən gündəmə gələn suallar qalıb. Rahim Osmanov uzun illər balıqçılıqla məşğul idi. Yaxınlarının sözlərinə görə, ailənin əsas gəlir mənbəyi də bu peşə idi. Xəzərdə çalışan yüzlərlə balıqçı kimi o da tez-tez sərt hava şəraiti, köhnə qayıqlar və məhdud təhlükəsizlik imkanları ilə üz-üzə qalırdı. Xəzər dənizi Azərbaycan üçün həm dolanışıq, həm də risk məkanı olaraq qalır. Neft platformalarının, sənaye estakadalarının və açıq dənizdə çalışan balıqçıların arasında baş verən belə hadisələr çox vaxt ailələrin şəxsi faciəsi kimi yadda qalır. Rahim Osmanovun ölümü bir daha göstərdi ki, dənizdə həyatla ölüm arasındakı məsafə bəzən cəmi bir dalğa boyu olur.

E.Məmmədəliyev,
Musavat.com

Избранный
81
1
musavat.com

2Источники