RU

Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Həsən Məmmədzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 10 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Həsən Məmmədzadənin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

İttihama görə, hadisə ailə münaqişəsi və qısqanclıq zəminində baş verib. Təqsirləndirilən şəxs həyat yoldaşı, zərərçəkmiş Aynurə Məmmədzadəni (adı, soyadı şərtidir) döyüb.

 

Hadisə bu il Abşeron rayonu ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Belə ki, Həsən Məmmədzadə birlikdə yaşadığı həyat yoldaşı ilə aralarında yaranmış ailədaxili mübahisə zamanı ona zor tətbiq edib. Mübahisəyə səbəb tərəflər arasında uzun müddətdir davam edən qarşılıqlı narazılıqlar olub.

 

Məlumata görə, qadın ərini başqa qadınlarla ünsiyyətdə olmaqda və ailəsinə lazımi qayğı göstərməməkdə günahlandırıb. Bu zaman kişi isə evdə yeməyin hazırlanmadığını əsas gətirərək Aynurəni tənbeh edib. Qarşılıqlı ittihamlar nəticəsində tərəflər arasında mübahisə daha da gərginləşib. Bu zaman əsəbiləşən Həsən həyat yoldaşının üzərinə hücum edib. O, əvvəlcə qadının saçından tutaraq dartıb, daha sonra əl və yumruq zərbələri ilə onun sifət, baş və qol nahiyələrinə zərbələr endirib. Bununla kifayətlənməyən təqsirləndirilən şəxs ayaq və təpik zərbələri ilə zərərçəkmişin qarın, ayaq və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirib.

 

Hadisə nəticəsində Aynurə qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, başın gicgah-təpə nahiyəsinin sol yarısında hematoma, sol gözətrafı, sol bazu və sol bud nahiyələrində qançırlar, eləcə də sol gözün ağlı qişasına qansızma kimi xəsarətlər yetirildiyi müəyyən edilib. Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

 

Toplanmış sübutlar əsasında Həsən Məmmədzadəyə qarşı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.

 

 

 

 

Yol qəzasında həmkarının ölümündə günahlandırılan sürücü məhkəmə zalında həbs edildi

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Samir Sərkərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 6 il müddətə azadlıqdan məhrum edilib. Samir Sərkərov barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunub və və o, dərhal məhkəmə zalından həbs edilib.

 

İttihama görə, Samir Sərkərov 2024-cü ildə gecə saat 23:30 radələrində "Wrangler" markalı pikap avtomobili ilə Bakı-Quba avtomobil yolunun Quba şəhəri, Heydər Əliyev prospekti istiqamətindən keçən hissəsində “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Bakı istiqamətində hərəkətdə olub.

 

İstintaq materiallarında qeyd olunub ki, təqsirləndirilən şəxs nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edib. O, “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq yaşayış məntəqəsində icazə verilən maksimal sürət həddini aşmaqla avtomobili təxminən 80-90 km/saat sürətlə idarə edib.

 

Hadisə zamanı qarşıda hərəkətdə olan “Hyundai I30” markalı avtomobil sola dönmək üçün dönmə işıq siqnalını yandıraraq yol ayrıcına daxil olub. Həmin avtomobili Teymur Quliyev idarə edib.

 

Samir Sərkərov yol şəraitini düzgün qiymətləndirməyib, qarşıdakı nəqliyyat vasitəsinin manevr etdiyini görməsinə baxmayaraq sürəti azaltmayıb və avtomobili tam dayanma həddinə qədər saxlamaq üçün zəruri tədbirlər görməyib. Nəticədə idarə etdiyi pikap avtomobili qarşıdakı “Hyundai I30” markalı minik avtomobili ilə toqquşub.

 

Toqquşma nəticəsində avtomobildə olan Teymur Quliyev ağır xəsarətlər alıb. Zərərçəkmiş şəxs dərhal tibbi müəssisəyə çatdırılsa da, aldığı xəsarətlərin ağırlığı səbəbindən həmin gün Qusar Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

 

Cinayət işi üzrə aparılmış araşdırmalar zamanı hadisənin baş verməsi ilə təqsirləndirilən şəxsin yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqənin olduğu göstərilib.

 

İttihamda qeyd olunub ki, sürücünün hadisənin qarşısını almaq üçün texniki imkanı olsa da, o, tələb olunan ehtiyat tədbirlərini görməyib və cinayətkarcasına etinasızlıq nümayiş etdirib.

 

Bununla Samir Sərkərovun Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan — sərxoş halda nəqliyyat vasitəsini idarə etməklə ehtiyatsızlıqdan insan ölümünə səbəb olan yol hərəkəti qaydalarının pozulması əməlini törətdiyi bildirilib.

 

Məhkəmə baxışı zamanı o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

 

Kamal Məmmədov

 

 

Tarix: 15 May 2026, 08:21   
Избранный
101
pravda.az

1Источники