RU

Böyük Britaniyanın səhiyyə naziri istefa verib

Bakı, 14 may, AZƏRTAC

Böyük Britaniyanın səhiyyə naziri Uez Stritinq “X” sosial şəbəkəsindəki paylaşımında Birləşmiş Krallığın Baş naziri Kir Starmerə olan etimadını itirdiyini bildirib.

AZƏRTAC xəbər verir ki, Stritinq yazdığına görə, nazir kimi Starmerin qarşısına qoyduğu bütün məqsədlərə nail olub. “Bütün bunlar vəzifədə qalmaq üçün ciddi əsaslardır”, – deyə o qeyd edib. Lakin onun sözlərinə görə, artıq Starmerə etibar etmədiyi üçün Nazirlər Kabinetində qalmaq “qeyri-səmimi və prinsipsiz addım” olardı.

Məlumata görə, Stritinq partiya lideri postunda Starmeri seçki yolu ilə əvəzləmək niyyətindədir. Bu barədə “Nu.nl” portalı yazıb.

Artıq keçmiş nazirin sözlərinə görə, ötən həftə keçirilmiş yerli seçkilərin nəticələri Starmerin rəhbərlik etdiyi Leyboristlər Partiyasının Böyük Britaniyada son dərəcə qeyri-populyar olduğunu göstərir. Bununla belə, o, 2024-cü il seçkilərində qazanılan qələbəyə görə minnətdarlığını ifadə edib. “Ancaq partiyanın bizə lazım olan məsələlərdə baxışı çatışmır”, – deyə o bildirib.

Uez Stritinq Kir Starmer hökumətində istefa verən beşinci kabinet üzvü olub.

Mayın 7-də keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdən sonra Böyük Britaniyada siyasi böhran daha da dərinləşib. Seçkilərin nəticələrinə görə, Leyboristlər Partiyası ilk dəfə Uels parlamenti üzərində nəzarəti itirib. İngiltərənin müxtəlif qanunverici orqanlarına leyboristlər əvvəlkindən 1,4 min nəfər az nümayəndə keçirə biliblər. Starmer seçkilərdəki uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürsə də, Leyboristlər Partiyasının lideri və Baş nazir postlarından getməkdən imtina edib.

Избранный
50
azertag.az

1Источники