RU

Azərbaycanda da toylarla bağlı müəyyən qaydaların tətbiqi real görünürmü? - KULTUROLOQ AÇIQLADI

Türkiyədə toylarla bağlı 21 maddəlik yeni qaydalar müəyyənləşdi. Yeni qaydalara əsasən, gəlinə taxılacaq qızıl maksimum 70 qramla olmalı, nişan və “hə” mərasimləri eyni gün keçirilməli, toy isə yalnız bir gün davam etməlidir. Bundan başqa, bahalı səhnə quruluşu, rayon xaricində fotosessiya və gözəllik xidmətləri, eləcə də uzun avtomobil karvanları qadağan edilib. Gəlinlik və nişan geyimlərinin isə yerli satıcılardan alınması tələb olunur. Bəs Azərbaycanda da toylarla bağlı müəyyən qaydaların tətbiqi real görünürmü? Şadlıq saraylarındakı yüksək qiymətlər və məcburi menyular insanları çətin vəziyyətə salmırmı?

Məsələ ilə bağlı kulturoloq Aydınxan Əbilov SİA-ya açıqlamasında bildirib ki, son illər Azərbaycanda həm şənlik, həm də yas məclisləri ilə bağlı çox böyük islahatlar gedib:

“Əslində, bu islahatlar ötən əsrin 50-ci illərindən etibarən yavaş-yavaş başlayıb. Vaxtilə qadın və kişi toyları, qız və oğlan toyları ayrı-ayrı keçirilirdi.

Ümumiyyətlə, Azərbaycan toyu deyəndə yüzə yaxın, bir az çox və ya bir az az müxtəlif mərasimlər nəzərdə tutulurdu. Amma XX əsrin sonları və XXI əsrin əvvəllərində bunların bir çoxu ixtisara salındı və ya lokallaşdırıldı. Daha çox əsas insanların iştirakı ilə, qohum-əqrəbanın ən yaxın üzvlərinin qatıldığı məclislərə çevrildi.

Əvəzində isə toyların özünün kommersiyalaşdırılması və mağar toylarından şadlıq evlərinə keçid baş verdi. Bu da zamanın tələbi idi. Üstəlik, əvvəllər əgər bir yeməklə, bir çayla toylar yola verilirdisə, indi artıq çeşidli, bəzən 30-a yaxın təamdan ibarət böyük ziyafətlərə çevrilib.

Toy məclisləri həm də rəqslərdən, musiqilərdən, kompozisiyalardan ibarət kreativ formatı özündə birləşdirir. Qonşu Türkiyədə indi-indi bəzi qadağalar rəsmi şəkildə qəbul edilir, amma baxanda Azərbaycanda həmin 21 maddəli yeni qaydaların böyük əksəriyyəti artıq oturuşub. Məsələn, bizdə artıq külli miqdarda qızıl təqdim etmək halları azalıb. Çox az sayda toy görürük ki, orada 10-20 qramlıq qızıl hədiyyə edilsin. Əvvəllər qohum-əqrəba daha çox qızıl hədiyyə edirdi, amma indi bir qədər daha iqtisadi və məntiqli toyların şahidi oluruq. Fikir verirsinizsə, son vaxtlar daha çox qaynata, qaynana və bəy tərəfindən verilən simvolik qızıl və zinət əşyaları gəlinə və ya bəyə təqdim edilir.

Amma sözsüz ki, islah olunmalı çox tərəflərimiz var. Tutaq ki, həddindən artıq çox müğənnilərə, sənətçilərə, fotosessiyalara, video çəkilişlərinə, bahalı avtomobil karvanlarına və eyni zamanda geyimlərə çox pul ayrılır. Bütövlükdə bunlar birləşdirilsə, bəlkə də təzə evlənənlərə bir ev almaq, mənzil üçün ilkin ödəniş etmək, yaxud ipotekanın ilkin 20 faizini ödəmək mümkün olar. Nəinki çox da məntiqli görünməyən toy xərclərinə bu qədər vəsait ayrılır.

Azərbaycan toyu özü çox gözəl ənənədir və getdikcə islah olunur. Toy yalnız iki nəslin birləşməsi, iki gəncin ailə qurması demək deyil. O, həm də sosial hadisədir, sosiallaşmanı və mərhəmət aksiyasını özündə birləşdirir. İnsanlar burada bir-birini görür, doğmalaşır və bunun digər tərəfləri də var.

Məsələn, həmişə deyib-gülmək olmur; çətinliklər də olur, təbiət hadisələri olur, müharibə və digər texnogen hadisələr baş verir. Toylarda birləşməyi, sosiallaşmağı və kollektiv şəkildə hərəkət etməyi bacaran insanlar çətin vəziyyətlərdə də rahat şəkildə bir araya gəlib problemləri həll edə bilirlər.

Baxın, məsələn, yas məclislərində müəyyən dəyişikliklər oldu. İndi artıq insanlar yasa yarım saat gəlib oturur, başsağlığı verib çıxırlar. Amma əvvəllər yas yerləri uzun müddət davam edirdi və insanlar orada sosiallaşır, bir-birinin problemlərini öyrənir, bir çox məsələlərdə bir-birinə kömək edir, bəzən iqtisadi, siyasi və ictimai məsələləri müzakirə edirdilər. Amma indi bunların çoxu yoxdur.

Toylarda da əvvəlki doğmalıq, istilik, emosional yaxınlıq və sevgi hissləri bir qədər azalıb. Əvvəllər rəqs edən cavanları, bir-birini bəyənən gəncləri daha çox görürdüksə, indi sanki toylarımız da qocalıb. İnsanlar bir saatlıq gəlir, nəmərini verir, xeyir-duasını edib çıxıb gedirlər. Halbuki əvvəllər toylar günlərlə davam edirdi. Şah toyları, varlı ailələrin toyları hətta qırx gün-qırx gecə çəkirdi. Kasıb ailələrdə belə bir neçə məclis keçirilirdi.

Bunların hamısını iqtisadi baxımdan ixtisar edib toyları sadəcə restoran məclisinə çevirmişik. Amma bu da tam doğru deyil. Çünki adət-ənənələr var, mental dəyərlər var və millətin keçdiyi sivilizasiya yolu var. Toy və onun mərasimləri daha çox mədəniyyət hadisəsi kimi qəbul olunmalıdır”.

Müəllif: Arzu Qurbanlı
Избранный
30
1
sia.az

2Источники