RU

“Lotular” evlərinə qayıtdı ─ Ermənistanın arxasında indi kim dayanacaq?

Qərb Gürcüstanın Rusiyaya qarşı potensial dirənişinin cəmi 5 gün olduğunu gördü, Ukrayna 5 ildir müqavimət göstərir, bəs Ermənistanın Moskvanın qarşısında neçə gün dayanmağa gücü var...

İndi Ermənistanda yəqin ki, ən ağıllı erməni belə İrəvanda başa çatmış Avropa Siyasi Birliyinin sammitinin nəticəsinin, daha dəqiqi əks-sədasının necə olacağını proqnozlaşdıra bilmir. Ən geniş yayılmış rəy budur ki, Ermənistan gərək başqalarının oyunlarında alət olmamalı idi. Ən tutarlıq arqumentləri dı budur ki, düşmən elan edilən Rusiyada bir neçə milyon erməni yaşayır, evlərinə pul göndərirlər və s.

Picture

Ermənistana Avropa liderlərinin(mən onlara “lotular” deyirəm) axın etməsinə hələ ki, ən ağrılı reaksiyanı bədbəxt Mixail Saakaşvili verib. Saakaşvili həbsdən yazır ki, avropalı liderlər İrəvana deyil, Tiflisə gəlməli idi.(Gürcüstanın baş naziri də İrəvana getmişdi). Çünki Tiflis tarixən Qafqazın əsas siyasi və regional mərkəzi olub və əgər onun hakimiyyəti dövründə yürüdülən siyasi kurs davam etsəydi, sammit məhz Gürcüstan paytaxtında keçirilərdi. Sitat: “Kim şübhə edir ki, əgər mənim kursum bu gün davam etsəydi, bütün Avropa liderləri Tiflisə gələcək və İrəvana əlavə 40 dəqiqə uçmaq məcburiyyətində qalmayacaqdılar? Gürcüstan hazırda 2013-cü ilin Ermənistanına çevrilib, Ermənistan isə 2012-ci ildən əvvəlki Gürcüstana daha çox bənzəyir”.

Aydındır ki, Saakaşvili yerini “şirin salmaq” istəyib, hətta yenə də Avropaya öz xidmətlərini təklif etmiş kimi görünür. Onun fikirlərində “Cənubi Qafqazın əsas siyasi və regional mərkəzi rolunu Ermənistanın öz üzərinə götürməsinə” qarşı ənənəvi gürcü paxıllığı da hiss edilir. Amma Saakaşvili səmimi olsaydı, gərək Paşinyana deyəydi ki, ay yazıq, mənim taleyim sənə dərs olmadımı? Heç olmasa, indi məni həbsdə yada belə salmayan o dövlətlərin vədlərinə, onların liderlərinə çox da inanma...

Son iki gündə ən yayğın rəylərdən biri budur ki, Avropa Birliyinin məqsədi Ermənistanı sıralarına qəbul etmək deyil, onu hədəfə çıxarıb geosiyasi oyuna alət etməkdir. Avropa hökumətləri buna görə Ermənistan hakimiyyətinin antidemokratik addımlarına göz yummağa hazırdır və Paşinyanı Rusiyaya qarşı çıxa biləcək lider kimi görürlər.

Paşinyan xarakter etibarilə qorxaq lider olduğunu 44 günlük müharibədə göstərdi. Necə ki, Rusiya qoşunu 2008-ci ilin avqustunda Tiflisə girmək və Saakaşvilini “bir yerindən asmaq”la hədələyəndə gürcü prezidenti həyəcanlanmış və qalstukunu çeynəmişdi. Yəni Paşinyanla Saakaşvili və ya Zelenski arasında bərabərlik işarəsi qoymaq ədalətli olmaya da bilər. Amma ölkələrinin taleyinə baxanda onların yanlış siyasətinin ortaq konturlarını görmək mümkündür.


Picture

Gürcüstan Avropa Birliyi ilə məsafəli davrandı, hətta hakim partiya liderlərinə viza qadağası da tətbiq olunub. ABŞ vitse-prezidenti bölgəyə son səfərində çox da uzaq olmayan keçmişdə bölgədə nümunə kimi barmaqla göstərdikləri Gürcüstanı görməzdən gəldi. Çünki “Gürcü Arzusu” ölkənin Rusiya ilə yenidən qarşıdurmaya girməsinə imkan vermədi, fərqli siyasət yeritdi və pis-yaxşı bu siyasətə xalqdan dəstək də almaqdadır.

Qərb Gürcüstanın Rusiyaya qarşı potensial dirənişinin cəmi 5 gün olduğunu gördü, ona görə qurban kimi bu dəfə Ukrayna seçildi. Ukraynaya o dirəniş potensialı da yaradıldı və artıq 5 ildir ki, Rusiya Ukraynanın şərqindəki palçıqlıqda ilişib qalıb. Ermənistanın isə Rusiyanın qarşısında 5 gün belə dayanmağa gücü varmı?

Bəlkə indi bizim bilmədiyimiz nələrsə var, arxa planda iş gedir, Ermənistan “zirehləndirilir”. Üstəlik, Rusiya da 10 il əvvəlki hərbi gücündə deyil. Bu lotular yığışıb Ermənistanın Paşinyanın dəstəyi ilə siyasi yönünü dəyişməyə cəhd edirlər, ona görə əsas sual budur: Ermənistan Rusiyaya müqavimət göstərə biləcəkmi?

Makron İrəvandakı çıxışında Ermənistanın Rusiyanın peyki olmaqdan xilas olunduğuna işarə vurdu. Hətta revanşist ermənilərin də xətrinə dəydi ki, guya Fransa lideri bu sözləri ilə Ermənistanı aşağıladı. Makronun digər bəyanatına görə, Ermənistanda hələ də 4 min Rusiya əsgəri və 1 min sərhədçi var. O hesab edir ki, Avropa Ermənistanın sərhədlərinin qorunmasına dəstək verməlidir. Bu rəqəmlərin nə qədər dəqiq olduğu bəlli deyil. Çünki bir müddət əvvəl Rusiyanın Gümrüdəki 102-ci bazanı əlavə qüvvələrlə möhkəmləndirdiyi barədə xəbərlər yayılmışdı.

Makron bu gün İrəvana davam edən səfərində Rusiya konteksində bizim də “bostanımıza daş atıb”. Deyib ki, “çoxu uzun müddətdir ki, Ermənistanın taleyinin yalnız Rusiyanın himayəsi altında mümkün olduğuna inanırdı, amma 2020-ci il müharibəsi göstərdi ki, bu, çoxumuzun təsəvvür etdiyimiz himayə deyil”. Fransa liderinin sözlərinə görə, əvvəlcə hər kəs Rusiyanın regionun himayədarı olması fikrini qəbul edib, çünki Cənubi Qafqaz həmişə kiminsə himayəsi tələb edir, lakin sonradan məlum olub ki, Ermənistanın seçdiyi yol “imperiyaların müdaxiləsi olmadan” mümkündür.

Paşinyan

Makron da bu gecə təyyarəsinə minib getdi. Rusiya zatən bu sammitdən, Zelenski daxil səslənən hədə-qorxu bəyanatlarından qıcıqlanıb və bunları “həzm etmək” asan olmaya bilər. Rusiyanın heç bir dövlətin müstəqil siyasət aparmasına, dost və düşmənlərini seçməsinə qarışmağa haqqı yoxdur. Amma bu gəlişi gözəl sözlərdir. Çünki dünyada “hörtü-hörtü” sistemi işləyir, kimin gücü kimə yetirsə, bir az da cəngəllik qanınları kimi yəni... Ona görə Rusiyanın tezliklə hücum edib, İrəvanda “yenidən öz hakimiyyətini, peykini” bərpa edəcəyini heç kim gözləmir. Qarşıdan seçki gəlir və məncə, bunun əks-sədası onda çıxa bilər.
Yeri gəlmişkən, “bu tədbirin bizə “isti-soyuğu” yoxdur” demək də olar. Amma bir az fərqli prizmadan baxdıqda Avropanın bəzi sarsaq dairələrtinin “arsax”ın itlərini üzərimizə qaldırıldığı indiki ərəfədə Avropanın tökülüşüb İrəvana gəlməsi xeyrimizə də deyil, amma hələ sadalmayaq...

Sosial mediada maraqlı görüntülər yayılıb: Paşinyan nağara çalır, Makron mahnı oxuyur, erməni caz musiqiçisi Vaaqn Ayrapetyan pianoda ifa edir.

Doğurdan da “pulu kim verirsə, musiqini də o sifariş edir...”

Nazim SABİROĞLU,
Musavat.com

 

Избранный
2
50
musavat.com

10Источники