Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində (NİİM) Nəqliyyat Əməliyyatları Mərkəzi yaradılıb.
Bunu tədbirdə nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə NİİM-in rəisi Namidan Piriyev bildirib.
Onun sözlərinə görə, məqsəd nəqliyyat əməliyyatlarının daha operativ idarə olunması, digər qurumlarla birgə fəaliyyətin təşkilidir: “Bu mərkəzdə həm dövlət orqanları, həm də digər aidiyyəti dövlət qurumlarının nümayəndələri gündəlik xidmət edəcək. Nəqliyyat əməliyyatlarının idarə olunması ilə yanaşı, hər hansı xoşagəlməz hadisə baş verərsə, onun dərhal qarşısının alınması üçün müvafiq qurumların məsul şəxsləri öz fikirlərini bildirəcək, dərhal məlumat mübadiləsi aparılacaq və birgə koordinasiyalı fəaliyyət təmin olunacaq”.
NİİM rəhbəri qeyd edib ki, WUF13 zamanı ”Yaşıl Dəhliz” və “Yaşıl Dalğa” prinsipləri tətbiq ediləcək: “Həm tədbir iştirakçılarının, həm də digər yol hərəkəti iştirakçılarının rahat və fasiləsiz hərəkəti üçün biz birgə fəaliyyət göstərəcəyik. Müşayiət olunan kortejlərin və qonaqları daşıyan avtobusların “yaşıl işıq” prinsipi ilə hərəkəti nəzərdə tutulur. Bunun üçün müvafiq marşrutlar üzrə bəzi küçə və prospektlərdə “yaşıl dalğa” prinsipi tətbiq olunacaq. Məqsəd kortejlərin və qonaqlarla hərəkətdə olan nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etmək, yol kəsişmələrində prioritet olaraq həmin nəqliyyat vasitələrinin üstün hərəkətini təmin etmək və digər hərəkət iştirakçılarının hərəkətinə mane olmamaqdır”.
Onun sözlərinə görə, WUF13-lə bağlı yaradılacaq yaşıl zolaqlara daxil olmaq qayda pozuntusu hesab olunacaq: “Yeni tətbiq olunan “yaşıl zolaq” dediyimiz avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunacaq. Bu qayda pozuntusu hesab olunur və buna görə müvafiq tədbirlər görüləcək. Hər hansı küçə və prospektlərdə yolların tam bağlanması nəzərdə tutulmur. Lakin tədbir ərəfəsində, xüsusilə 18 mayda (açılış günü) əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar bəzi yollarda istiqamətlər qısamüddətli olaraq dəyişdirilə bilər. Bu, qonaqların hərəkətini təmin etmək üçün qismən tətbiq edilə biləcək müvəqqəti tədbirdir. Ümumilikdə isə yolların bağlanması kimi məsələlər nəzərdə tutulmur”.
N.Piriyev əlavə edib ki, WUF13 zamanı yollarda hər hansı məhdudiyyət, postların qurulması, rayonlardan, bölgələrdən paytaxta daxil olmaq istəyən sürücülərin buraxılmaması kimi hallar nəzərdə tutulmur. “Yalnız açılış günü çox qısa müddətdə paytaxtın cənub hissəsindən, yəni “Lökbatan dairəsi” kimi tanıdığımız həmin ərazidən ola bilər ki, paytaxta gələn nəqliyyat vasitələrinin istiqaməti dəyişdirilsin, kənar dairəvi yola tərəf istiqamətləndirilsin. Yəni digər yerlərdən gələn nəqliyyat vasitələri üçün hər hansı məhdudiyyətin tətbiq olunması nəzərdə tutulmur. Bunun özü də, yəni məhdudiyyət demək deyil, hər hansı post qurulması, nəqliyyat vasitələrinin buraxılmaması kimi qiymətləndirilmir. Yalnız şəhərə həmin istiqamətdən deyil, digər istiqamətdən buraxılış olacaq. Ola bilər ki, tədbir günü zərurət olarsa, həmin istiqamətdə nəqliyyat vasitələri kənar dairəvi yol istiqamətinə yönləndirilsin”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта



