Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində (NİİM) Nəqliyyat Əməliyyatları Mərkəzi yaradılıb.
"Report" xəbər verir ki, bunu tədbirdə nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə NİİM-in rəisi Namidan Piriyev bildirib.
Onun sözlərinə görə, məqsəd nəqliyyat əməliyyatlarının daha operativ idarə olunması, digər qurumlarla birgə fəaliyyətin təşkilidir: "Bu mərkəzdə həm dövlət orqanları, həm də digər aidiyyəti dövlət qurumlarının nümayəndələri gündəlik xidmət edəcək. Nəqliyyat əməliyyatlarının idarə olunması ilə yanaşı, hər hansı xoşagəlməz hadisə baş verərsə, onun dərhal qarşısının alınması üçün müvafiq qurumların məsul şəxsləri öz fikirlərini bildirəcək, dərhal məlumat mübadiləsi aparılacaq və birgə koordinasiyalı fəaliyyət təmin olunacaq".
NİİM rəhbəri qeyd edib ki, WUF13 zamanı "Yaşıl Dəhliz" və "Yaşıl Dalğa" prinsipləri tətbiq ediləcək: "Həm tədbir iştirakçılarının, həm də digər yol hərəkəti iştirakçılarının rahat və fasiləsiz hərəkəti üçün biz birgə fəaliyyət göstərəcəyik. Müşayiət olunan kortejlərin və qonaqları daşıyan avtobusların "yaşıl işıq" prinsipi ilə hərəkəti nəzərdə tutulur. Bunun üçün müvafiq marşrutlar üzrə bəzi küçə və prospektlərdə "yaşıl dalğa" prinsipi tətbiq olunacaq. Məqsəd kortejlərin və qonaqlarla hərəkətdə olan nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etmək, yol kəsişmələrində prioritet olaraq həmin nəqliyyat vasitələrinin üstün hərəkətini təmin etmək və digər hərəkət iştirakçılarının hərəkətinə mane olmamaqdır".