RU

Sanki bu insanları başqa planetdən gələnlər öldürüb

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Azad edilmiş ərazilərdə aparılan araşdırmalar müharibə dövründə törədilmiş ağır cinayətlərin miqyasını daha aydın ortaya qoyur. Aşkarlanan faktlar itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, bəzi məlumatların hələ də gizli saxlanılması prosesi çətinləşdirir. Beynəlxalq hüquq çərçivəsində bu məsələlərin araşdırılması mühüm əhəmiyyət kəsb edir. Mövcud vəziyyət həqiqətlərin tam üzə çıxarılması zərurətini bir daha gündəmə gətirir.Məsələ ilə bağlı politoloq Tofiq Abbasov Demokrat.az-a bildirib ki, biz Ermənistandan fərqli bir münasibət gözləmirik:“Çünki Ermənistan işğal dövründə və müharibə zamanı misli görünməmiş vəhşiliklər törədib, ən ağır faciələri bizim vətəndaşlara yaşadıb. Buna görə də kütləvi məzarlıqlar tədricən üzə çıxır. Ermənistan isə həyata keçirdiyi bu cinayətlərin heç birinə görə məsuliyyət götürmək istəmir. Sanki bu insanları başqa planetdən gələnlər öldürüb və işgəncə verib gediblər.Ermənistan sülh prosesində açıq şəkildə riyakarlıq nümayiş etdirir. Onun səmimiyyəti ciddi şübhə doğurur. Görünür ki, yenidən xarici qüvvələrin dəstəyinə ehtiyac duyur, onlarla əməkdaşlıq edir və sülh prosesini pozmağa çalışır. Xüsusilə qarşıdan gələn parlament seçkiləri ilə bağlı vəziyyət diqqət çəkir. İyunun 7-də keçiriləcək seçkilərdə guya Azərbaycanla münasibətləri normallaşdırmağa çalışan Nikol Paşinyan hakimiyyətinin məğlub edilməsi məqsədi güdülür".Politoloq deyib ki,  ABŞ-da, Avropada və Rusiyada fəaliyyət göstərən erməni diaspor təşkilatları faktiki olaraq eyni mövqedən çıxış edir:"Onlar Paşinyan hakimiyyətini devirmək, seçkilərdə qalib gəlmək və idarəetmə rıçaqlarını ələ keçirmək niyyətindədirlər.Bu yanaşma bir neçə məqamı ortaya qoyur. İlk növbədə aydın olur ki, onlar sülh tərəfdarı deyillər. Sülhdən danışmaları hələ bu ideyaya sadiq olduqları anlamına gəlmir. Əksinə, bölgədə yenidən gərginlik yaratmağa, Azərbaycanla qarşıdurmanı bərpa etməyə çalışırlar. Buna görə də onların fəaliyyətində yalan, riyakarlıq və saxtakarlıq açıq görünür.Ehtimal etmək olar ki, bizim vətəndaşların basdırıldığı yerlərin xəritələri də onların əlindədir. Bu dislokasiyaları dəqiq bilirlər, lakin təqdim etmirlər. Hesab edirlər ki, bu faktlar gizli qalacaq. Halbuki məzarlıqlar aşkarlandıqca törədilmiş cinayətlərin miqyası daha aydın görünür və getdikcə böyüyür.Məhz buna görə onlar bu prosesdən çəkinir və qorxurlar. Bununla belə, hesab edirəm ki, istintaq, ədliyyə və prokurorluq orqanları bütün bu faktları qeydiyyata almalı, müvafiq reyestrlər tərtib etməli və beynəlxalq məhkəmələrə müraciət etməlidirlər. Əks halda, bu cür cinayətlər cəzasız qala bilər.Düzdür, hazırda vəziyyət köklü şəkildə dəyişib və müharibənin qalibi Azərbaycandır. Bundan sonra Ermənistanın eyni vəhşilikləri təkrar etməsinə imkan verilməyəcək. Bununla belə, hazırlıq daim yüksək səviyyədə olmalıdır. Aydın görünür ki, Ermənistan səmimi davranmır, müxtəlif vasitələrlə beynəlxalq ictimai rəyi yanlış istiqamətə yönləndirməyə çalışır. Lakin bu cəhdlər nəticə verməyəcək. Azərbaycan artıq informasiya müstəvisində də mövqelərini gücləndirib və dünya ictimaiyyətini baş verənlər barədə dolğun şəkildə məlumatlandırır. Beləliklə, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin mahiyyəti və miqyası beynəlxalq aləmdə daha aydın şəkildə anlaşılır",- deyə o qeyd edib. Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
50
demokrat.az

10Источники