Bu gün saat 10:00-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən "Bakı Marafonu 2026"da yarış başa çatıb. Bir qədər sonra "Sea Breeze" ərazisindəki finiş zonasında da qaliblərin mükafatlandırılması mərasimi olacaq.
Redaktor.az xəbər verir ki, 1-ci yerin sahibinə 6 000 AZN, 2-ci yerin qalibinə 4 000 AZN, finişə 3-cü çatan iştirakçıya isə 2 000 AZN pul mükafatı təqdim ediləcək.
Bundan əlavə, 42 km məsafəni tamamlayan bütün iştirakçılara medallar veriləcək. Daha qısa məsafə üzrə də mükafatlar təqdim ediləcək. 21 km yarımmarafon məsafəni qət edən ilk 2000 iştirakçı medal, 10 km məsafəni tamamlayanlar isə sertifikatlarla təltif olunacaq.
İlk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilən marafona 25 min iştirakçı qatılıb. Marafona tanınmış ictimai-siyasi, incəsənət xadimləri, ziyalılar da qoşulublar. Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Boyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışıblar. Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak ediblər.
***
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”nın qalibi müəyyənləşib.
Redaktor.az xəbər verir ki, marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.
Qadınların mübarizəsində Rusiyadan Elena Tolstykh birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.
Qeyd edək ki, bu il “Bakı Marafonu” ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilib. Marafona 25 min iştirakçı qatılıb.
***
Bir qədər sonra paytaxtda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı Marafonu 2026”ya start veriləcək.
Redaktor.az xəbər verir ki, marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə vətəndaşları da qələbə uğrunda yarışır.
Hər dəfə olduğu kimi, builki yarışda da fiziki imkanları məhdud, eləcə də Daun sindromlu şəxslər də iştirak edir. Marafona səhər saat 10-da start verilsə də, saat 7-dən etibarən Bayraq Meydanında artıq yarış əhvali-ruhiyyəsi yaşanıb. Burada təşkil olunan atletlər zonasında iştirakçılar üçün yarışdan əvvəl yoqa, isinmə məşqləri keçirilib, “fan zona”da DJ-lər, müxtəlif əyləncə və interaktiv oyunlar təşkil edilib.
Sayca doqquzuncu dəfə keçirilən “Bakı Marafonu” ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunur. Yarış Dövlət Bayrağı Meydanından start götürüb və iştirakçılar müəyyən edilmiş marşrut üzrə “Sea Breeze” ərazisində finiş xəttinə çatacaqlar (AZƏRTAC).

















