RU

“Qazanılan hər bilik gələcəyə sərmayədir” “Trendyol” və “PAŞA Holding”dən AI düşərgəsi

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

“Trendyol” və “PAŞA Holding”in dəstəyi ilə Gəncə və Mingəçevir şəhərlərində “Süni intellektlə yeni başlanğıc” - qızlar üçün 2 günlük AI düşərgəsi təşkil olunub. 

“Qafqazinfo” xəbər verir ki, proqram regionlarda yaşayan 18-25 yaş arası gənc qadınların praktiki süni intellekt savadlılığı, prompt mühəndisliyi bacarıqları və AI-nin təhsil, karyera inkişafı və gəlir əldə etmə sahələrində real tətbiqləri ilə gücləndirməyi hədəfləyir. 

Təşəbbüsə tələbələr, yeni məzunlar və ya karyerasının ilkin mərhələsində olan gənc qadınlar arasından seçilən 80 iştirakçı (hər region üzrə 40 nəfər) cəlb olunub. Rəqəmsal dünyada gender bərabərliyini təşviq etmək, qadınların texnologiyaya çıxış imkanlarını genişləndirmək, onların rəqəmsal bacarıqlarını inkişaf etdirmək və gələcək əmək bazarında daha rəqabətqabiliyyətli olmalarına dəstək vermək qarşıya məqsəd qoyulub. 

Gəncədə keçirilən açılış mərasimində “Trendyol”un Azərbaycanda korporativ kommunikasiyalar üzrə rəhbəri Süheylə Cəfərova bu cür təlimlərin qadınların texnologiyalara marağını artıracağını bildirib: “Trendyol” texnologiya şirkətidir, biz texnologiyalardan təkcə istifadə eləmirik, hər gün yeni texnologiya yaradır, mövcud texnologiyanı necə inkişaf etdirməyin yollarını öyrənirik. Təbii ki, bunun çox böyük hissəsi süni intellektlə bağlıdır. Xüsusilə müasir elektron ticarət sahəsində süni intellektdən çox geniş istifadə olunur. Müştəriyə tövsiyə verməkdən tutmuş, məhsulun istehlakçıya çatdırılmasına olan dəstək, satıcıların sistemdə öz anbarlarını görməsinə qədər -  bunların hamısı süni intellektin nəticəsidir. Bizim şirkətimizdə minlərlə mühəndis çalışır. Onların böyük qismi qadınlar, xüsusilə gənc qadınlardır. Təcrübə göstərir ki, getdikcə qadınlar texnologiyaya daha çox maraq göstərirlər. Təlimlərdə gənc qızların fəal iştirakı da bunun bariz nümunəsidir. İnanıram ki, bu, bəziləri üçün yeni başlanğıc olacaq. Hər böyük ideyalar bu cür mühitlərdən, müzakirələrdən, fikir mübadiləsindən yaranır”. 

Təlim iştirakçılarının da AI düşərgəsindən gözləntiləri böyükdür. Azərbaycan Dövlət Aqrar Universitetinin Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alan Rəşanə Mamedova əmindir ki, butkampda qazandığı biliklər həyatında mühüm rol oynayacaq: “Mənim ixtisasım süni intellektlə əlaqəlidir. Düşünürəm ki, bu gün biznesin idarə edilməsi ilə süni intellektin inteqrasiyada olması gələcəkdə bazar rəqabəti və bazar analizini asanlaşdıracaq. Hazırda STEAM sahəsinin inkişafı üçün biznesin idarə edilməsi və süni intellektin inteqrasiyası vacib amildir.  Özümü gələcəkdə “bizneswoman” olaraq görürəm. Öz layihələrimi təqdim edərkən, öz startaplarımı qurarkən, düşünürəm ki, bu layihənin mənə çox qatqısı olacaq. İndiyə kimi çox layihələrdə iştirak etmişəm. Bu, sırf AI ilə bağlı ən mükəmmək düşərgədir”. 

Gəncə Dövlət Universitetinin biologiya fakültəsinin 3-cü kurs tələbəsi Cəmilə Zeynallı da hazırda öz sahəsində süni intellektin tətbiq imkanlarını öyrənir: “Gələcəkdə biotexnologiya və bioinformatika sahəsində özümü inkişaf etdirmək istəyirəm. Biologiya və texnologiyanı əlaqələndirib bu sahəyə yenilik gətirmək istəyirəm. Seleksiyada və ya genetikda cihazların, robotların hazırlanmasında özümü inkişaf etdirmək istəyirəm. İstəyərdim ki, Almaniyada və ya digər Avropa ölkələrində bu sahədə magistr təhsili alım. Bu təlim bizə öyrədir ki, süni intellekt yalnız texniki biliklər sahəsi deyil, həmçinin orada analitik düşünmə qabiliyyəti, düzgün prompt vermək lazımdır. İstəyərdim ki, bu sahə qızlar üçün daha çox inkişaf etsin. Doğrudur, hazırda bu sahəyə qızlar kifayət qədər maraq göstərirlər, amma yenə də müəyyən disbalans var. Disbalansın normaya gəlməsi üçün belə təlimlər daha çox olmalıdır”. 

Təlimin təşkilatçısı “Women in Tech Azerbaijan”ın direktoru Leyla Seyidzadə bildirib ki, təlimlər 4 günlə bitməyəcək. Bundan sonra da davamlı olaraq növbəti layihələrin təşkili nəzərdə tutulub. Təlimlərdə iştirak edən hər kəs beynəlxalq sertifikatla təmin olunacaq.

Gülnar Əliyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
1
50
qafqazinfo.az

10Источники