Çin hökuməti Meta-ya məxsus şirkətin süni intellekt sahəsində fəaliyyət göstərən Manus startapını satın almasına icazə verməyib, tənzimləyici orqanlar razılıq verməyib…
Poliqon xəbər verir ki, Bloomberg agentliyinin məlumatına görə, Çin hökuməti ABŞ-ın Meta şirkətinin süni intellekt startapı Manus-u 2 milyard dollara satın alması əməliyyatını bloklayıb.
Çinin antiinhisar və tənzimləyici orqanları sözügedən razılaşmanın ölkənin milli təhlükəsizliyinə və strateji maraqlarına zidd olduğu qənaətinə gəliblər. Manus startapı süni intellekt sahəsində, xüsusilə də böyük dil modelləri və avtonom sistemlərin inkişafı üzrə mühüm texnoloji bazaya malikdir.
Meta şirkəti Manus-u əldə etməklə qlobal süni intellekt bazarında mövqeyini gücləndirmək və rəqibləri ilə, xüsusilə də Çin mənşəli DeepSeek kimi layihələrlə mübarizə aparmağı hədəfləyirdi. Lakin Pekin bu cür əməliyyatın öz texnoloji suverenliyinə təhdid yaradacağını düşünüb.
Çin son illərdə süni intellekt, yarımkeçiricilər və digər yüksək texnologiyalı sahələrdə xarici şirkətlərin yerli startapları satın almasına qarşı sərt tənzimləmə siyasəti yeridir. Rəsmi məlumata görə, Manus-un texnologiyaları ikiqat istifadə xarakteri daşıdığından (həm mülki, həm də hərbi məqsədlər üçün yararlı olduğundan) əməliyyata icazə verilməyib.
Nə Meta, nə də Manus rəsmiləri bu məsələ ilə bağlı hələlik açıqlama verməyiblər. Manus startapı Çinin texnoloji sahəsində son illərdə sürətlə inkişaf edən və beynəlxalq investorların diqqətini çəkən gənc şirkətlərdən biridir.
Poliqon.info