“Ştutqart”ın 29 yaşlı alman hücumçusu Deniz Undav futbol üzrə Almaniya Bundesliqasında mart ayının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlimat verir.
Undav mart ayında Bundesliqa çərçivəsində meydana çıxdığı 4 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
Undav cari mövsümdə ilk, karyerası ərzində isə 3-cü dəfə oxşar mükafata layiq görülür. Alman forvard 2023-cü ilin noyabr və 2024-cü ilin yanvar aylarında da ən yaxşı seçilmşdi. Cari mövsümdə “Bayern”in hücumçusu Harri Keyn (sentyabr, dekabr və fevral) və sağ vingeri Makyl Olise hərəyə 3 dəfə (avqust, noyabr və yanvarda) ayın ən yaxşı oyunçusu elan edilib. Oktyabrda isə “Ayntraxt”ın mərkəz hücumçusu Yonatan Burkardt fərqlənib.
Deniz Undav “Verder”in yetirməsidir. O, “Meppen”, “Havelse”, “Yunion”, “Brayton”, “Ayntraxt” (Braunşveyq) kimi klubların da formasını geyinib. Hücumçu 2024-cü ilin avqustundan formasını geyindiyi “Ştutqart”ın heyətində 112 oyuna çıxıb, 56 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.
Undav 2024-cü ilin mart ayında Almaniya millisində debüt edib. O, yığmanın heyətində 7 oyuna çıxıb, 4 qol və 1 assist müəllifi olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı hücumçunun transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.
