RU

YAP Qaradağ rayon təşkilatı tədbir keçirdi - FOTOLAR

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı və Qaz Emalı Zavodunun birgə təşkilatçılığı ilə “Qaz emalı sənayesi: təhlükəsizlik, ekoloji balans və inkişaf” mövzusunda tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə Qaradağ rayonu məktəblilərinin “Şəhərsalma və Memarlıq İli” mövzusunda hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan Qaz Emalı Zavodunun direktorunun müşaviri Aqşin Paşayev “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyətindən danışaraq bildirib ki, bu təşəbbüs ölkədə şəhərsalma siyasətinin təkmilləşdirilməsinə, milli memarlıq irsinin qorunmasına və müasir memarlıq meyillərinin inkişafına mühüm töhfə verir. O, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə memarlıq və şəhərsalma sahəsində formalaşmış zəngin ənənələrdən və həyata keçirilmiş irimiqyaslı layihələrdən bəhs edib. Həmçinin vurğulayıb ki, Azərbaycanın qaz emalı sənayesində ekoloji tarazlığın qorunmasına xüsusi diqqət yetirilir və sahə müasir tələblərə uyğun şəkildə inkişaf edir.

Çıxış edən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov Azərbaycanın qədim şəhərsalma ənənələrinin müasir dövrün tələblərinə uyğun inkişafında Ümummilli Lider Heydər Əliyevin mühüm rol oynadığını qeyd edib. O, qloballaşma şəraitində şəhərlərin inkişaf istiqamətlərindən və dayanıqlı şəhərsalma prinsiplərindən geniş bəhs edərək, bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, milli memarlıq irsinin qorunması və gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdən biridir. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, müasir memarlıq nümunələrinin yaradılması, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi diqqətə çatdırılıb.

Tədbirdə digər çıxış edənlər - 7 saylı qurğunun rəisi Ramiz Namazov və mühəndis Emil Bilalov işğaldan azad olunmuş ərazilərdə tarixi-mədəni abidələrin bərpası, milli memarlıq irsinin qorunmasının vacibliyi və “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlər barədə məlumat veriblər.

Избранный
18
1
unikal.az

10Источники