Bakıda səkinin nəqliyyat vasitələri tərəfindən zəbt edilməsi ilə bağlı şikayət daxil olub.
Far.Az-in "qaynar xətt"inə ünvanlanan müraciətdə qeyd olunur ki, Əbdülvahab Salamzadə küçəsində avtomobillər səkilər üzərində park edilir, bu isə piyadaların hərəkətinə çətinlik yaradır.
Şikayətdə bildirilir ki, piyadalar səkidən istifadə edə bilmədikləri üçün məcburən yol hərəkəti hissəsinə çıxırlar ki, bu da təhlükə riski yaradır.
Məsələ ilə bağlı Far.Az-in sorğusunu cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, polis əməkdaşları tərəfindən bu istiqamətdə mütəmadi nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Buna baxmayaraq, bəzi sürücülərin xəbərdarlıqlara əməl etməyərək səkilərdə avtomobil saxlaması halları yenə də müşahidə olunur. Qeyd edilib ki, belə hallara yol verən sürücülər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən 60 manat məbləğində cərimə edilirlər.
"Bir daha sürücülərdən xahiş edirik ki, qaydalara ciddi riayət etsinlər, əks halda barələrində qanunamüvafiq tədbirlər görüləcək", – deyə açıqlamada vurğulanıb.
Şahanə Xankişiyeva