RU

“İran hesab edir ki, məğlub olmayıbsa, niyə güzəştə getməlidir?!” – Deputatdan GÖZLƏNTİ

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin suallarını parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov cavablandırıb. Millət vəkili ABŞ ilə İran arasında İslamabadda gözlənilən danışıqların ikinci raundunun baş tutmaması və bundan sonrakı proseslərdən gözləntisi haqda danışıb. Müsahibəni təqdim edirik:

- Ceyhun müəllim, Pakistanda ikinci görüş baş tutmadısa, “döyüş başlayır” deyə bilərikmi?

- Əslində, hazırkı vəziyyət mürəkkəbdir. Söhbət ondan gedir ki, əvvəlki hərbi əməliyyatlar heç bir effekt vermədi. Növbəti hərbi əməliyyatlar başlanacaqsa, onun da nəticəsi olmayacaq. Yəni İran hücumlara yenə cavab verəcək. Burada dalan vəziyyəti odur ki, tərəflər güzəştə getmək istəmirlər. İran deyir ki, ABŞ müharibə ilə bizdən ala bilmədiyini masada qoparmaq istəyir. İndi isə atəşkəsdir və Tehran hesab edir ki, müharibədə məğlub olmayıbsa, nə üçün diplomatik danışıqlarda güzəştə getməlidir?! Halbuki hər iki tərəf müəyyən kompromislərə getməlidir. Hərçənd hələ müharibədən qabaq Tehran bəzi güzəştlərə hazır idi, amma onun dediklərinə baxılmadı və ölkə bombardman edildi. Ona görə də İran öz siyasətini davam etdirir – uranın zənginləşdirilməsi, raket sənayesinin genişlənməsi və s.
Suala cavaba olaraq deyim ki, bəli, ABŞ yenidən müharibəni seçə bilər, amma növbəti yanlış addım olacaq. İran bütün ssenarilərə hazırdır. İndiki dövrdə onun məğlub edilməsi real görünmür.

- Bəs ABŞ bu vəziyyətdən necə çıxacaq və ya növbəti mərhələ nə ola bilər?

- Hər iki tərəfin rəsmi mövqeyinə baxmaq lazımdır. Tehran deyir ki, iki dəfə danışıqlar apardıq və əvəzində hücuma məruz qaldıq. İndi ehtimal irəli sürülür ki, zənginləşdirilmiş uranın Pakistana köçürülməsi həyata keçirilə bilər. Amma bu versiya olduqca zəifdir. Yəni bu mübahisədə hər iki tərəf üçün “qırmızı xətt” uranın zənginləşdirilməsidir. Heç bir tərəf bu mövzuda geri çəkilmək istəmir. İran da arqument gətirməyə çalışır ki, ABŞ-yə etimad yoxdur və danışıqlar nəticə verməyəcək.

- O halda davam edən gərginlik regionumuz üçün hansı risklər vəd edir və Zəngəzur dəhlizinin işə düşməsinə qarşı təhlükə varmı?

- Bu hadisələr təkcə Azərbaycan yox, dünya üçün ciddi risklər yaradır. Çünki neftin qiyməti yüksəlir, dünyada iqtisadi tənəzzül gözlənilir, malların qiymətində artım var, ABŞ-də belə bahalaşma getməkdədir. İndi bu şəraitdə Azərbaycan və Ermənistan sülh üçün çalışırılar, amma sözsüz ki, proseslər istənilən halda öz təsirini göstərir.

Emil Salamoğlu
Musavat.com

 

Избранный
34
musavat.com

1Источники