RU

Azərkosmosun məqsədi məkan məlumatlarını operativ idarəetmə üçün STRATEJİ ALƏTƏ ÇEVİRMƏKDİR - MÜSAHİBƏ

Həmid Əskərov: İnanırıq ki, CİS və süni intellektin inteqrasiyası gələcəkdə həm innovasiyanın, həm də praktik tətbiqin əsas hərəkətverici qüvvələrindən biri olacaq

Bu gün bir çox sahələrdə düzgün qərar vermək üçün ən vacib amillərdən biri məkan məlumatlarıdır. Yəni, hər hansı obyektin harada yerləşdiyi və bu vəziyyətin zamanla necə dəyişdiyi haqqında məlumatlar böyük əhəmiyyət daşıyır. Bu məlumatların toplanması və təhlili isə Coğrafi İnformasiya Sistemləri (CİS) vasitəsilə həyata keçirilir.

Texnologiyanın inkişafı ilə birlikdə süni intellekt də bu sahəyə daxil olub və CİS-in imkanlarını xeyli genişləndirib. Artıq məlumatların daha sürətli emalı, dəyişikliklərin avtomatik müəyyən edilməsi və daha dəqiq nəticələrin əldə olunması mümkündür.

CİS və süni intellektin inteqrasiyası artıq yalnız texnoloji yenilik deyil, eyni zamanda, effektiv idarəetmənin əsas alətlərindən birinə çevrilir. Bu yanaşma müxtəlif sahələrdə daha dəqiq, operativ və əsaslandırılmış qərarların qəbuluna imkan yaradır. Görülən işlər və qarşıya qoyulan hədəflər onu deməyə əsas verir ki, məkan məlumatlarının analitik dəyəri gələcəkdə daha da artacaq və bu texnologiyalar gündəlik idarəetmənin ayrılmaz hissəsinə çevriləcək.

Bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyinin — Azərkosmos nəzdində fəaliyyət göstərən CİS Mərkəzinin Süni intellekt bölməsinin rəhbəri Həmid Əskərov “İki sahil” qəzetinə müsahibəsində danışır.

-CİS nədir və süni intellekt bu sahəyə hansı yeni imkanları gətirir?

-CİS, yəni Coğrafi İnformasiya Sistemləri, məkanla əlaqəli məlumatların toplanması, saxlanması, idarə olunması, təhlili və vizuallaşdırılması üçün istifadə olunan texnologiyalar toplusudur. Sadə dildə desək, CİS bizə "Nə haradadır?", "Harada nə dəyişir?" və "Məkan baxımından hansı əlaqələr mövcuddur" kimi suallara cavab tapmağa imkan verir. Bu sistemlər torpaq istifadəsi, kənd təsərrüfatı, ekologiya, şəhərsalma, infrastruktur, nəqliyyat və fövqəladə hallar kimi bir çox sahələrdə geniş tətbiq olunur. Xəritələr üzərində gördüyümüz bir çox analitik yanaşmanın arxasında məhz CİS dayanır. Süni intellekt isə CİS sahəsinə yeni səviyyə gətirir. Ənənəvi CİS daha çox məlumatın saxlanması, xəritələndirilməsi və qayda əsaslı təhlili üzərində qurulurdusa, süni intellekt bu məlumatlardan obyektləri, nümunələri, dəyişiklikləri və tendensiyaları avtomatik şəkildə aşkarlamağa imkan verir. Məsələn, peyk təsvirləri əsasında meşə örtüyünün dəyişməsini, su hövzələrinin sərhədlərini, əkin sahələrini, binaları və nəqliyyat vasitələrini avtomatik müəyyən etmək mümkündür. Bu da həm məlumatların emalını sürətləndirir, həm insan resurslarına düşən yükü azaldır, həm də qərarvermə üçün daha operativ və dəqiq nəticələr təqdim edir.

-Bu gün CİS və süni intellektin inteqrasiyası nə üçün strateji əhəmiyyət daşıyır?

- CİS və süni intellektin inteqrasiyası dövlətə və təşkilatlara daha çevik və məlumat əsaslı qərarlar qəbul etməyə imkan verir. Bu isə resursların daha səmərəli idarə olunmasına şərait yaradır və rəqəmsal transformasiya hədəflərinə çatmağı sürətləndirir.

-Azərkosmos CİS və süni intellektin inteqrasiyası istiqamətində hansı prioritet həlləri inkişaf etdirir?

-Azərkosmos peyk və digər məkan məlumatlarının yüksək dəyərli analitik həllərə çevrilməsinə fokuslanır. Məqsədimiz bu məlumatları yalnız müşahidə və xəritələndirmə üçün deyil, eyni zamanda, qərarvermə, monitorinq və planlaşdırma üçün praktik alətə çevirməkdir. Hazırda bir sıra prioritet sahələr üzrə həllər hazırlanır və inkişaf etdirilir. Bunlara meşə ərazilərinin monitorinqi, su hövzələrinin izlənməsi, əkin xəritələndirilməsi, əkin sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, binaların aşkarlanması, nəqliyyat vasitələrinin müəyyən edilməsi və gəmilərin aşkarlanması daxildir.

Bu həllər vasitəsilə geniş ərazilər üzrə məlumatların daha sürətli, daha dəqiq və daha avtomatlaşdırılmış şəkildə təhlili mümkün olur. Nəticədə idarəetmə, planlaşdırma və monitorinq prosesləri üçün məkan məlumatlarının analitik dəyəri əhəmiyyətli dərəcədə artır.

Bu yanaşma Azərkosmosun yalnız kosmik məlumat təminatçısı kimi deyil, eyni zamanda, GeoAI və rəqəmsal məkan analitikası sahəsində innovativ həllər yaradan texnoloji tərəfdaş kimi rolunu gücləndirir.

-Azərkosmos tərəfindən hazırlanan "Platerra" platforması nədir və istifadəçilər üçün hansı imkanları yaradacaq?

-“Platerra" məkan məlumatlarının, CİS alətlərinin və süni intellekt həllərinin geniş istifadəçi auditoriyası üçün əlçatan edilməsini hədəfləyən platformadır. Əsas məqsəd peyk və digər məkan məlumatlarının emalı və analizini daha sadə, daha sürətli və daha praktik formaya gətirməkdir.

Bu platforma vasitəsilə istifadəçilərə müxtəlif məkan məlumatlarını yükləmək, onları emal etmək, hazır süni intellekt modellərini seçib tətbiq etmək və nəticələri xəritə və qrafik formatında vizuallaşdırmaq imkanı təqdim olunacaq. “Platerra”nın əsas üstünlüyü ondan ibarətdir ki, istifadəçilər bu imkanlardan faydalanmaq üçün dərin CİS və ya süni intellekt biliklərinə malik olmaq məcburiyyətində qalmayacaqlar. Platforma dövlət qurumları, özəl sektor nümayəndələri və digər istifadəçilər üçün eyni dərəcədə praktik və rahat olacaq şəkildə dizayn edilir. Bu baxımdan, “Platerra” yalnız texnoloji platforma deyil, həm də məkan analitikasının gündəlik qərarvermə proseslərinə inteqrasiyasına xidmət edən strateji bir addımdır.

-Yaxın illərdə Azərkosmos CİS və süni intellekt istiqamətində hansı strateji hədəfləri prioritet olaraq görür?

-Yaxın illər üçün əsas prioritetlərdən biri mövcud həllərin daha da təkmilləşdirilməsi və onların tətbiq sahələrinin genişləndirilməsidir. Məqsədimiz yalnız ayrı-ayrı texnoloji həllər yaratmaq deyil, bu həlləri daha sistemli və geniş istifadəçi auditoriyası üçün praktik alətə çevirməkdir. Həm süni intellekt modellərinin inkişafı, həm yeni tətbiq istiqamətlərinin formalaşdırılması, həm də bu həllərin "Platerra" kimi platformalar vasitəsilə istifadəyə təqdim olunması bizim üçün əsas prioritetlərdəndir. Eyni zamanda, dünyada bu sahədə baş verən texnoloji yeniliklərin davamlı izlənilməsi və yeni yanaşmaların yerli ehtiyaclara uyğunlaşdırılması da mühüm istiqamətdir. Ümumilikdə, Azərkosmosun məqsədi məkan məlumatlarını yalnız müşahidə vasitəsi kimi deyil, daha ağıllı və operativ idarəetmə üçün strateji alətə çevirməkdir. İnanırıq ki, CİS və süni intellektin inteqrasiyası gələcəkdə həm innovasiyanın, həm də praktik tətbiqin əsas hərəkətverici qüvvələrindən biri olacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”

Избранный
45
ikisahil.az

1Источники