RU

Elli Danninqton: Azərbaycan hava şarı turizmini inkişaf etdirmək üçün möhtəşəm bir ölkədir- MÜSAHİBƏ

Bakı, 22 aprel, AZƏRTAC

Əslən Almaniyadanam, lakin 2002-ci ildə Myanmada bələdçi işləyərkən hava şarı pilotu olan həyat yoldaşımla tanış olduqdan sonra Böyük Britaniyaya, Bristol şəhərinə köçmüşəm. Bu hadisə həyatımı tamamilə dəyişdi. O vaxta qədər bələdçi və tibb bacısı kimi çalışırdım. Nə aviasiya, nə də həmin vaxtlar həyatım üçün tamamilə yeni və qəribə olan hava şarı uçuşları barədə heç vaxt xəyal belə etməmişdim. Hava şarı ilə artıq bir çox ölkəni gəzmiş həyat yoldaşımla təxminən 20 illik evliliyimiz oldu, lakin təəssüf ki, o, vəfat etdi. Məndə isə dünyanı hava şarı ilə kəşf etməyə qarşı böyük bir həvəs yarandı. Hazırda mən kommersiya hava şarı pilotuyam. Bu, mənim peşəmdir və ən böyük şövqüm hava şarı ilə uçaraq bu gözəl dünyanı başqalarına göstərməkdir.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində dünyada tanınmış hava şarı pilotu Elli Danninqton deyib.

125-ci uçuşunu Oğuz rayonunda Qafqaz dağları fonunda keçirən pilot bunun qətiyyən son anda verilmiş bir qərar olmadığını, hazırlıq prosesinin ən azı bir il davam etdiyini bildirib: "Məlumdur ki, dünyada bu cür işləri həyata keçirmək getdikcə çətinləşir. Mən indiyədək 124 ölkədə uçuşlar həyata keçirmişəm. Bütün Avropanı, eləcə də Amerikanın şimal nöqtəsindən cənubuna qədər hər bir ölkəni uçaraq kəşf etmişəm, yəni bu qitələr artıq siyahıda tamamlanıb.

Afrikada hələ görüləsi çox yerlər var. Lakin ötən il internetdə "Azərbaycan hava şarı" sözlərini axtarışa verdim və qarşıma "Skystar Balloon Park" çıxdı. Orada dəyərli dostum Fuad Həsənzadə ilə tanış oldum. Beləliklə, Azərbaycana necə gələ biləcəyim və bu hava şarını burada necə idarə edə biləcəyimiz barədə müzakirələrə başladıq. Lazımi icazələrin alınması və hər şeyin qaydasına salınması uzun zaman və böyük əmək tələb etdi. Bir sözlə, bu möhtəşəm və tarixi uçuşu – qürurla qeyd etdiyimiz 125-ci uçuşu həyata keçirmək üçün bir il hazırlıq görülüb.

Mən mütləq Azərbaycana yenidən qayıtmaq istərdim. Uçuş həyata keçirərkən Qəbələdə çox gözəl bir məkan olduğunu da öyrəndim. Həmin yer dağlarla əhatə olunmuş, füsunkar mənzərəsi olan bir yerdir. Sizin ölkəniz çox rəngarəngdir. Burada qum təpələri, səhra tipli landşaftlar və daha əzəmətli dağlar var. Növbəti turda Azərbaycanı hava şarı ilə kəşf etməyi, bütün ölkəni gəzməyi çox istərdim. Əminəm ki, biz daha çox gözəl məkanlar tapacağıq. Hesab edirəm ki, Azərbaycanın bu sahədə böyük potensialı var. Ölkənin iqlimi buna çox uyğundur. Qafqaz dağları sayəsində küləklər mülayimdir, bu da ilboyu uçuşlar keçirməyə imkan verir. Hətta qış aylarında qarlı mənzərələr üzərində uçuşlar təşkil etmək mümkündür. İqtisadi baxımdan da lazımi potensialın olduğunu düşünürəm. Burada hava şarı uçuşlarına qatıla biləcək insanlar var. İnfrastruktur, turizm imkanları və otellər kifayət qədərdir. Zənnimcə, Azərbaycan hava şarı turizmini inkişaf etdirmək üçün möhtəşəm bir ölkədir".

Azərbaycanda keçirdiyi uçuşdan sonra təəssüratlarını bölüşən E.Danninqton gələcək planlarından da bəhs edib: "Biz Qafqaz dağlarının ətəklərində yerləşən bu gözəl bölgədə uçuş keçirdik və qarlı dağları seyr etmək olduqca xoş idi. Otlaqlarınızın və çaylarınızın üzərindən alçaq hündürlükdə uçduq. Çay üzərindəki həmin uçuşlar sadəcə sehrli idi. Həqiqətən füsunkar mənzərədir, mən buna heyran qaldım.

Azərbaycanın təbiəti çox zəngindir: meşələr, tarlalar, dağlar, göllər və heyrətamiz təpələr bir-birini əvəz edir. Əminəm ki, uçuşların sayı artdıqca daha möhtəşəm vəhşi təbiət nümunələri ilə də qarşılaşacağıq. Biz maral və dovşan gördük. Əminəm ki, burada sübh tezdən rast gəlinən digər vəhşi heyvanlar da var. Çünki bu heyvanların çoxu məhz səhər tezdən aktiv olur. Hava şarları da elə həmin vaxtlarda uçur. Siz günəşin doğuşu ilə birlikdə göyə yüksəlirsiniz ki, bu da fotoqrafiya üçün ən ideal zamandır və bu möhtəşəm bir hissdir.

Gələcək planlarıma gəlincə isə, Afrika, şübhəsiz ki, böyük və mürəkkəb qitə olaraq qalır. Mən Afrikanın cənub hissəsini demək olar ki, uçuş həyata keçirmiş, Şərqi Afrikanın da az qala hər yerində olmuşam. Növbəti böyük ekspedisiyam üçün kiçik bir hava şarını yerləşdirə biləcəyim uyğun bir nəqliyyat vasitəsi tapmaq istəyirəm. Planım Böyük Britaniyadan Afrikanın bütün qərb sahili boyu, yəni Britaniyadan düz Anqolaya qədər səyahət etməkdir. Yolüstü bütün ölkələr mənim siyahımdadır. Sizin regiona gəldikdə isə, Xəzər dənizinin qarşı sahilindəki qonşunuz hələ siyahımda yoxdur. Türkmənistanda uçuş həyata keçirməyi çox istərdim. Bunu indiyədək heç kim etməyib. Təbii ki, icazə almağın çətin olduğu bir ölkədir. Daha sonra isə təəssüf ki, siyasi cəhətdən mürəkkəb olan Pakistan, Əfqanıstan, Suriya kimi ölkələr, həmçinin Butan Krallığı və Banqladeş hələ də siyahımdadır. Hara gedəcəyimə qərar vermək bir neçə amilin vəhdətindən asılıdır: həmin ölkəyə daxil olmaq siyasi cəhətdən mümkündürmü? Kifayət qədər təhlükəsizdirmi? Orada əlaqələrim varmı? İcazə ala biləcəyəmmi? Bir sözlə, növbəti dayanacağımın hansı ölkə olacağını demək çətindir. Siyahımı tamamlamağa heç nəyin mane olmayacağına inanıram. Bunun üçün əlimdən gələn hər şeyi edəcəyəm, buna əmin ola bilərsiniz. Məqsədim həyat yoldaşımın rekordunu (127 ölkədə hava şarı uçuşu) tamamilə geridə qoymaqdır. Azərbaycana gəlmək mənim üçün əsl kəşf oldu. Bələdçi olduğum vaxtlardan həmişə Azərbaycanı ziyarət etmək istəmişəm. Mən İpək Yolu boyu səyahət etmişəm, Gürcüstanda olmuşam. Xəzər dənizi ətrafındakı ölkələri gəzmişəm, lakin Azərbaycanda heç vaxt olmamışdım. Bura sadəcə möhtəşəmdir. İnsanlarını çox sevdim. Bir şəhər kimi Bakıya, eləcə də buranın təbiətinə heyran qaldım, yerli insanlarla yaxından tanış oldum. Mənim üçün səyahət etmək yalnız hava şarı ilə uçmaqdan ibarət deyil. Bəli, bunu sevirəm, lakin əsas məsələ yeni mədəniyyətlərlə tanış olmaq, yerli insanlarla görüşmək və uçuş zamanı o sevinci bölüşməkdir. Bu təcrübəni dünyanın müxtəlif yerlərində yaşayan insanlarla bölüşmək məni ruhlandıran əsas amildir. Bəli, mən 127-ci ölkədə dayanmayacağam. Nə qədər bacarıramsa, bu yolu davam etdirmək istəyirəm".

Qeyd edək ki, Elli Danninqtonun Oğuz rayonunda həyata keçirdiyi uçuşda Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld, səfirliyin əməkdaşları və Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndələri də iştirak ediblər.

Müxbir - Göyçək Mahmudlu
Tərcüməçi - Əyyub Ələsgərov
Videooperator - Mirrəsul Cəfərov
Избранный
52
2
azertag.az

3Источники