ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.
Azərbaycan BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının- UNESCAP-ın sədri seçildi
Azərbaycan inklüziv və dayanıqlı inkişafı davam etdirir. Son iki onillik ərzində, iqtisadiyyatımız təxminən 4 dəfə artmış, yoxsulluq və işsizlik isə təqribən 5 faiz səviyyəsinə düşmüşdür. Sosial müdafiə və infrastruktur sahəsində böyük sərmayələr, hazırda, sayı 10 milyonu keçmiş əhalimizin rifahını yaxşılaşdırmışdır.
Bu, Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciətində qeyd olunub.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan, BMT-nin 2030-cu il Gündəliyini milli inkişaf strategiyalarına daxil edərək, yoxsulluğun azaldılması, təhsil və səhiyyə sahələrində nailiyyətlər qazanaraq, heç kəsi diqqətdən kənarda qoymamaq prinsipinə qəti şəkildə sadiq çıxdığımızı əks etdirən könüllü milli hesabatlarını dövri olaraq təqdim edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmişdir.
“Bundan əlavə, Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir. Cari geosiyasi mühitdə, Orta Dəhlizin əhəmiyyəti artır. Zəngəzur Dəhlizi Asiyanı Avropa ilə birləşdirərək, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın prioritetləri ilə tam uyğun şəkildə daha geniş nəqliyyat, enerji və rəqəmsal şəbəkələrə töhfə verərək, regional bağlantıları daha da artıracaq.
Azərbaycan sabit və şaxələndirilmiş enerji təchizatına töhfə verərək, müxtəlif bölgələrdə enerji təhlükəsizliyinin təminatçısı kimi öz etibarlı rolunu oynamaqda davam edir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, Tailand Krallığının paytaxtı Banqkok şəhərində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası keçirilir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sessiyanın sədri seçilib. Ölkəmizin növbəti bir il ərazində UNESCAP-a sədrlik etməsi nəzərdə tutulub.
“Heç kəsi geridə qoymamaq: Asiya və Sakit okean regionunda bütün yaşlar üçün cəmiyyətin irəlilədilməsi” mövzusuna həsr olunmuş sessiyanın açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin sessiya iştirakçılarına ünvanlanmış müraciəti nazir Ceyhun Bayramov tərəfindən səsləndirilib.
Prezidentin müraciətində qlobal miqyasda artan geosiyasi gərginliklərin beynəlxalq sülh və təhlükəsizlik üçün yaratdığı çağırışlar qeyd olunub, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyəti bir daha vurğulanıb.
Müraciətdə Azərbaycanın suverenliyini tam bərpa etməsi, Ermənistanla normallaşma prosesində əldə olunan irəliləyişlər, Böyük Qayıdış proqramı, mina təhlükəsinin yaratdığı təhdidlər, dayanıqlı inkişaf göstəriciləri, Orta Dəhlizin artan rolu və ölkənin enerji təhlükəsizliyi ilə regional bağlantıya töhfəsi önə çəkilib.
Müraciətdə Azərbaycanın beynəlxalq təşkilatlar və platformalarda artan fəallığı diqqətə çatdırılıb. Türk Dövlətləri Təşkilatına, AQEM-ə sədrlik, COP29-un uğurla təşkili və tarixi nəticələri, D-8 üzvlüyümüz, qarşıdan gələn Ümumdünya Şəhərsalma Forumu və digər təşəbbüslər vurğulanıb.
Daha sonra Ceyhun Bayramov sessiyanın sədri qismində çıxış edərək Azərbaycanın inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji, regional əlaqəlilik və çoxtərəfli əməkdaşlıq sahələrində prioritetlərini təqdim edib.
Çıxışda vurğulanıb ki, sürətlə dəyişən qlobal şəraitdə inklüzivlik əsas istiqamət olaraq qalmalıdır. Bu yanaşmanın “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində həyata keçirildiyi və bilik əsaslı, rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılmasını hədəflədiyi diqqətə çatdırılıb.
Rəqəmsal texnologiyaların, onlayn dövlət xidmətlərinin və süni intellekt tətbiqlərinin idarəetmənin səmərəliliyini artırdığı qeyd edilib.
Çıxışda bərpaolunan enerji mənbələrinin həm iqlim, həm də iqtisadi dayanıqlılıq baxımından əhəmiyyəti vurğulanıb. Bakıda keçirilmiş COP29 çərçivəsində əldə edilmiş tarixi razılaşmalar, o cümlədən ildə ən azı 300 milyard ABŞ dolları həcmində iqlim maliyyəsinin səfərbər olunması öhdəliyi xatırlanıb. Bu öhdəliklərin praktiki layihələrə çevrilməsinin vacibliyi qeyd olunub.
Nəqliyyat, ticarət və logistika əlaqələri inklüziv inkişafın mühüm vasitəsi kimi qiymətləndirilib. Azərbaycanın Avropa və Asiyanın kəsişməsində yerləşən strateji mövqeyi vurğulanaraq Orta Dəhlizin regional əməkdaşlıq və dayanıqlılıqda roluna diqqət çəkilib.
Çıxışda bölgəmizdə sülh quruculuğu səylərinin, Cənub-Cənub əməkdaşlığının, çoxtərəfli diplomatiyanın önəmi qeyd olunub.
Sessiya çərçivəsində ümumi müzakirələr zamanı, həmçinin xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxış edib. Çıxış zamanı, regionda inklüziv və dayanıqlı inkişafın təşviqi, sosial bərabərliyin gücləndirilməsi və bütün təbəqələrin inkişaf prosesinə cəlb olunmasının əhəmiyyəti vurğulanıb.
BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına sədrliyin Azərbaycana həvalə olunması ölkəmizə göstərilən yüksək etimadın, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, qlobal və regional proseslərdə fəal iştirakının məntiqi nəticəsidir.
Qeyd edək ki, UNESCAP Asiya və Sakit okean regionunda iqtisadi və sosial əməkdaşlığı təşviq edən BMT-nin əsas regional platformalarından biri olmaqla, dayanıqlı inkişaf, inklüziv artım və sosial rifah məsələləri üzrə dialoq üçün mühüm rol oynayır.
Azərbaycanın bu sahədəki fəaliyyəti həm regionda, həm də dünyada müsbət qəbul olunur. Son dövrlərdə qlobal böhranlara baxmayaraq Azərbaycanın stabil iqtisadiyyat formalaşdıra bilməsi və sosial siyasətdə davamlı islahatlar həyata keçirməsi qlobal müstəvidə düzgün bir nümunə kimi qəbul olunur.
Elçin Bayramlı
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.