RU

Söyür, təhqir edir - Azərbaycan Premyer Liqası Türkiyə Super Liqasına çevrilməməlidir!

Mövsümün sonuna yaxın Azərbaycan Premyer Liqası və kubok mübarizəsində əsəblərin tarıma çəkiləcəyi, gərginliyin “Everest”ə yüksələcəyi təxmin edilirdi. Amma bəlkə, bu qədər yox.

Bir müddət əvvəl “Turan Tovuz”la bağlı yaşananlar (klubun İdarə Heyətinin rəhbəri Ehtiram Quliyevin hakim Əliyar Ağayevlə bağlı qalmaqallı açıqlaması), indi də “Neftçi”…

Əvvəlcə “Zirə” ilə matçda (1:1) “Neftçi”nin qapısına son saniyələrdə vurulan və böyük səs-küyə səbəb olan o qol barədə bir neçə kəlmə…

Baş hakim İnqilab Məmmədov “Zirə”nin qolu qaydalar çərçivəsində vurduğuna qərar versə də, əksəriyyət Ruan Renatonun passiv ofsaydda olmasına rəğmən, “Neftçi”nin qapıçısına mane olduğunu düşünür. Epizoda təkrar-təkrar baxandan sonra şəxsən mənim də gəldiyim qənaət budur ki, Renato o epizodda həqiqətən də, “ağ-qaralar”ın qapıçısının topu görməsinə əngəl olurdu və bu, qayda pozuntusu idi. Bizim təkrar-təkrar baxdığımız epizodla bağlı baş hakimin tez-bazar qərar verməsi də qəribədir. Axı, dəfələrlə olub, Premyer Liqa, ya da kubok oyunlarında hakimlər bir epizodu VAR-ın köməyi ilə uzun-uzadı incələyiblər. Bilmirəm, bəlkə, İnqilab Məmmədovun futbol qaydalarında inqilab etmək fikri var. Amma dünən “Neftçi”nin qapısına vurulan qolda qayda pozuntusu var idi, Renato “neftçilər”in qolkiperinin baxış bucağını bağlayırdı, topu, topun istiqamətini görməsinə əngəl olurdu. Bu isə passiv oyundankənar vəziyyətin avtomatik olaraq aktiv oyundankənar vəziyyətə çevrilməsi deməkdir. Və belə bir epizoda, oyunun taleyinə saniyələr içində qərar vermək – İnqilabi addımdır.

“Neftçi”, “Zirə”, “Turan Tovuz”, “Qarabağ”, “Sabah” – hamısı Azərbaycan klubudur. Sabah bu komandaların avrokuboklardakı uğurlarına azərbaycanlılar sevinəcək, məğlubiyyətlərinə azərbaycanlılar üzüləcək. Hakimlər və daha kimlər, sabah Avropada Azərbaycan adına mübarizə aparacaq klubların Biləcəridən bu tərəfdəki mübarizəsinə daxil olmamalıdır, oyunların nəticələrinə təsir edən qərarların altına imzalarını atmamalıdır. Oyunların özü, baş məşqçilərin taktiki gedişləri, əvəzetmələrdəki doğru və ya yanlış qərarları, futbolçuların performansı qalıb bir tərəfdə, biz gecə-gündüz hakimliyi müzakirə edirik, sosial şəbəkədə azərbaycanlı azarkeşlər onlarla oxşar adları, soyadları daşıyan, eyni torpağı, havanı, suyu, dili, dini bölüşən hakimləri söyür, təhqir edir. Azərbaycan Premyer Liqası Türkiyə Super Liqasına çevrilməməlidir! )komanda.az_

Rəşad Ergün

Избранный
26
sportinfo.az

1Источники